Sinəni öyrətmə örden, medala... -Ramiz Rövşənə məktub

16-12-2016, 20:36           
Sinəni öyrətmə örden, medala... -Ramiz Rövşənə məktub
Eşitdim ki, Anar müəllim Ramiz Rövşənin sinəsinə medal taxmaq istəyəndə şair gülümsəyərək etiraz eləyib: “Sinəm medala öyrəşməyib, sonra taxaram”.

Ramiz Rövşənə

Təpədən dırnağa hirs içindəsən,

Tənhasan, yalqızsan söz meydanında.

Özün bir əyilməz heykəl kimisən,

Hələ dayanmısan öz meydanında.

Sinən səltənəti şerin, sənətin,

Sən ki, oynamısan alovla, odla.

Sözünün gücündən tanıdıq səni,

Sənin nə işin var orden-medalla.

Sinənin altında dərd düyün-düyün,

Yüzdümü, mindimi bilinmir sayı.

Sənə ulu Tanrı elə pay verib,

Axı sən neynirsən dəmirdən payı.

Min ilin dərdini daşımaq çətin,

Gözlərin yol çəkir çimir eləmir.

Bir dəmir parçası mələk deyil ki,

O dəmir adamı şair eləmir.

Haqqın yuvasıdır sinənin altı,

Vallah haqsızlıqla barşa bilməz.

Onsuzda o sinə öyrəşən deyil.

Medallar sinənə yaraşa bilməz,

Budur parçalanan, soyulan vətən,

Budur ağzı günə qoyulan vətən,

Götür bağrına bas, gözlərinə təp.

Sənin yaraların sağalan deyil.

Yenə öz yarana öz külünü səp.

Qol qoya bilməzsən bəd əməllərə,

Sənin tək şairlər ədalı olmur.

Özündə bilirsən yaxşı şairin.

Sinəsi üstündə medalı olmur.

Tutubsan üzünü, göylərə sarı,

Yeddinci qata bax, adın var orda.

Sinəni heç kəsə ümid eləmə,

Sənin ağlatdığın qadın var orda. Yuyula bilməzsən ay işığında,

Parçalayar, bölər, kəsər, doğrayar.

Sənin harayını, sənin səsini,

Allahın bir yazıq bəndəsi duyar.

Ürəkdə yaralar qaysaq geyinib.

Qırılar qərib tək qolun-qanadın.

Hardasa bir tində qınayar səni,

Əlindən öpdüyün dilənçi qadın.

Əyilməz iradə sahibi kimi,

Sınmış istəkləri gəl calaq eylə.

-Daşa bas göyləri deyərlər sənə,

Göydə mələkləri daş qalaq eylə.

Dərdin dağlar boyda, vətən boydadır,

Bu dünya bimirəm nəyi umacaq.

Kədər yağdırdılar, başının üstə,

Nisgil dağlar boyda, qəm qucaq-qucaq.

Bir az səbrli ol, tələsmə hələ,

Bir qızın baxışı öldürər səni.

Dünya öz kefində öz işindədir.

Hər gəlib, keçənə güldürər səni.

Sənin sözlərindən tilsimə düşən,

Adam fikirləşər bir iz tapılmaz.

Bu şər dünyasında özünü qoru,

Bir də sənin kimi Ramiz tapılmaz!

Mənzili uzaqdı getdiyin yolun,

Bu sədləri uçur, dağıt, parçala.

Qoy yağsın başına yenə qar, yağış,

Sinəni öyrətmə örden, medala.

Nəsib Verdiyev,
Moskva 15.12.2016












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.