Manatın devalvasiyasının tanınmışlara təsiri: - "Sürünürük", "Qulluqçum deyir qiymətlər çox qalxıb"
10-04-2015, 16:17
Fevralın 21-dən sonra manatın kəskin devalvasiyaya uğraması böyük “sürpriz”lərlə davam edir və mütəxəssislər ikinci devalvasiyaya hazırlıq mərhələsində olduğumuzu proqnozlaşdırırlar. Maraqlıdır, sadə vətəndaşın yaşayışına, büdcəsinə kifayət qədər təsir edən devalvasiya prosesi
tanınmışların ailə büdcəsinə, dolanışığına necə təsir edib? Bahalaşmanı hiss edirlərmi?
Modern.az saytı bu qəbildən olan sorğunun ikinci hissəsini təqdim edir:
Tanınmış telejurnalist Qulu Məhərrəmli: “Əlbəttə manatın devalvasiyaya uğraması hamı kimi mənə də təsir edib. Kifayət qədər bahalaşma var. Alış-veriş zamanı əvvəlkindən fərqli qiymətlər görürük, amma maaşlar artmır. Xüsusilə də gündəlik istehlak mallarının qiyməti kifayət qədər qalxıb. Maddi təsirlə yanaşı, mənəvi təsir də özünü biruzə verir. Şəxsən məndə manata böyük inam vardı. O inam sarsıldıqdan sonra psixoloji proses daha güclənib. Hətta ilin sonuna qədər dolların iki manata qədər bahalaşacağı barədə verilən proqnoz ağır dərddir. Sözün açığı mən xarici ölkələrdə manatla qürurlanırdım, digər valyutalarla müqayisədə manatın dəyəri məni sevindirirdi. İndi o qururdan məhrum olmuşuq, bunu yaşamaq ağırdır”.
Tanınmış teleaparıcı, aktrisa Dilarə Əliyeva: “Düzü evdə bu işlərlə həyat yoldaşım Oqtay məşğul olur. Onun tərəfindən də ciddi narazılıq eşitməmişəm. Həm də xarakter etibarilə elə bir insanam ki, maddiyyat mənimçün o qədər də önəm daşımır. Bu barədə o qədər gözütox insanam ki, olsa da olar, olmasa da. Türklər demiş para mənim moralimi poza bilməz”.
KVN-çi, tanınmış aktyor Bəhram Bağırzadə: “Devalvasiyanın təsiri o adamlara daha çox təsir etdi ki, onların böyük miqdarda pulu var. Mənim də şükür Allaha ki, çox miqdarda pulum olmayıb. İtirsəm də qəpik-quruş itirəcəm. Söhbət bu gündən gedir. Amma sabahdan danışsaq, vəziyyət belə davam edəcəyi təqdirdə işimiz dayana bilər. Mən artist adamam. Problem yaransa, tamaşaların, kinoların sayı azalacaq. Çəkilə bilməyəcəyimiz üçün tamaşaçıların da alıcılıq qabiliyyəti aşağı düşəcək. Belə olan təqdirdə çətinlik yaşanacaq. Proses davam edəcəyi təqdirdə ola bilər tamaşaçı film və tamaşalarımıza bilet alıb gələ bilməsin. Bu baxımdan təbii ki, çətin olacaq. Amma bu gün üçün heç bir problemim yoxdur. Bir tövsiyyəm də var. Həmişə krizis dövründə o adam udur ki, çətin vaxtlarda daha çox çalışmağa başlayır. Ona görə də bütün vətəndaşlarımıza müraciət edirəm ki, daha çox çalışsınlar, qorxmasınlar. Ruzini verən Allahdır”.
İlahiyyatçı Elşad Miri: “Təbii ki, mənə də devalvasiyanın təsiri olub. Həm də bu ərəfələrdə evimdə baş verən oğurluq faktı da var. Oğurlanan vəsait də manatla idi. Bu mənada prosesin birbaşa təsiri var, ikinci tərəfdən isə oğurlanan pulumun tapılmamağı da başqa bir təsirdir. Həmçinin evdən oğurlanan avadanlıqları dollarla almışdım. İndi tapılmadığına görə, iş gərəyi onları yenidən almaq lazım gəldiyindən daha da uduzuram. Digər tərəfdən də alış-veriş zamanı, iş yerindəki avadanlıqlarla bağlı, həmçinin işçilərə verilən əmək haqqı manatla olduğundan devalvasiyanın təsirini hərtərəfli hiss edirik. Bu, hər kəsə təsir edib. Və heç kim də bunun əksini iddia edə bilməz ki, mənə təsir etməyib. Əgər proses bizim ölkədə baş veribsə və hamımız bu ölkənin vətəndaşıyıqsa, müxtəlif səviyyədə olsa da, hər kəsə təsiri var”.
Xalq şairi Fikrət Qoca: “Mənim ailəmdə bir arvadımdır, bir də mən. Bizə nə təsir olacaq. Heç nəyin də təsiri yoxdur”.
Tibb Universitetinin dossenti, həkim Rəşid Mahmudov: “Devalvasiya hamıya təsir edib. Bahalaşma hiss edilən dərəcədədir. Amma yaxşı olar ki, bunu bazar admalarından soruşasınız. Mən bazar adamı deyiləm ki...”.
Xalq artisti Afaq Bəşirqızı: “Əslində dolların bahalaşması büdcəsi olan insanlara daha çox təsir edib. Mənim büdcəm yoxdur ki, nəsə itirəm. Bahalaşmaya gəldikdə isə, bəli, bahalaşma var, müxtəlif məhsulların qiymətinin əvvəlkilə müqayisədə qalxdığını görürük. Amma buna baxmayaraq ümid edirəm ki, milli valyutamız əvvəlki möhkəmliyinə qayıdacaq və hər şey qaydasına düşəcək. Bu, tək mənim yox, bütün xalqın fikri və arzusudur”.
İlahiyyatçı Hacı Şahin: “Mən devalvasiyanın hər hansı təsirini hiss etmirəm. Yəni ciddi bir dəyişiklik yoxdur mənim üçün”.
Müğənni Zöhrə Abdullayeva: “Büdcəmi bilmək istəyirsinizsə, mənim büdcəm yoxdur. Amma ərzaq məhsulları çox bahalaşıb. Özüm bazalığa getməsəm də, evdə mənə kömək edən adamlar var. Onlar deyir ki, “Zöhrə xanım, qiymətlər çox qalxıb, hər şey od qiymətinədir”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Mən ümumiyyətlə əvvəldən təmtəraqlı həyata öyrəşməmişəm. Manatın devalvasiyasına qədər də, ondan sonra da maksimum bazalığımız həftəlik 50-60 manat olub. Birtəhər dolanmağa çalışmışıq. Biz əvvəlki pis günləri görmüşük, elə indi də pis gündə yaşayırıq. Dolların bahalaşması o adamlara təsir edib ki, onlar eyş-işrət içində yaşayıb. Amma devalvasiyaya baxmayaraq elə möhtəşəm yaşantılarına da davam edirlər. Biz sadəliyə öyrənmişik. İstər nazir olduğum dövrlərdə, istərsə partiya sədri kimi çətinliklərim çox olub. Bu gün də o çətinliklərlə mübarizə aparıram, böyük əziyyətlər çəkirəm. Taleyimiz belə gətirib, neyləmək olar. Manatın devalvasiyası da bir tərəfdən təsir etdi. Hər şey məhdudlaşıb, demək olar ki sürünürük”.