Parisdə muğamın YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub

5-06-2018, 08:46           
Parisdə muğamın YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub
Paris şəhərində muğamın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi münasibətilə konsert keçirilib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, konsert Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə qurumun baş qərargahında olub.

Tədbirdə YUNESKO-nun əməkdaşları, bu qurum yanında müxtəlif ölkələrin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı - muğam haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, muğamın üç milli musiqi alətində - tar, kamança və qavalda müşayiət edildiyini bildirib və bu üç alətdən ikisinin, kamançanın və Azərbaycanda tar ifaçılıq sənəti və onun hazırlanma ustalığının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer aldığını xüsusi vurğulayıb.

XİN-də YUNESKO üzrə milli komissiyanın sədri, səfir Elnur Sultanov tədbir iştirakçılarına Azərbaycanın YUNESKO ilə uğurlu əməkdaşlığı, bu qurumun tərkibində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbir iştirakçıları fransız cazz ifaçısı Pyer dö Treqomen ilə azərbaycanlı muğam ustadı Qoçaq Əsgərovun ifasında muğama böyük maraqla qulaq asıblar. Kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, tarda Ələsgər Məmmədov, pianoda Vasif Hüseynzadə, bas nağarada Yusif Əzizov ifa ediblər.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.