Başı bəlalı məşhur mahnımızın əsl müəllifi kimdir? - Araşdırma

19-06-2018, 20:34           
Başı bəlalı məşhur mahnımızın əsl müəllifi kimdir? - Araşdırma
Türkiyədə daha bir məşhur mahnımız olan “Gəl, inad etmə” mahnımız yenidən anonim kimi təqdim edilib. Bundan əvvəl də bir neçə türkiyəli sənətçinin ifasında anonim və keyfiyyətsiz halda səslənən mahnını bu dəfə Aslı Dəmirər ifa edib. Üstəlik, bundan əvvəl olduğu kimi mahnı öz adı ilə deyil, “Gəl yada salma dilbər” kimi təqdim olunub.
Xatırladaq ki, mahnı ilk dəfə məşhur Azərbaycan müğənnisi Süleyman Abdullayevin ifasında səslənib və məşhurlaşıb. Hətta bəziləri, o cümlədən müğənnilər bu günə qədər mahnının bəstəkarı Akif İslamzadə olduğunu güman edir. Məsələn, Xumar Qədimova mahnıya eyni adlı klip çəkdirib, müəlliflərini Akif İslamzadə və Bəhram Nəsibov kimi göstərmişdi. Və yaxud sovet dövründə mahnı ekranlarda sadəcə “Şur təsnifi” kimi təqdim olunub, müəllifləri qeyd edilməyib. Səbəb?
İlk öncə onu qeyd edək ki, mahnının sözləri və musiqisi bəstəkar, şair, tarzən Bəhram Nəsibova məxsusdur. Sovet dövründə sənətkara olan münasibət üzündən efirdə onun bir çox mahnıları ya xalq mahnısı, ya da ki, müxtəlif təsnif adı altında təqdim edilib, o cümlədən “Gəl, inad etmə” mahnısı. Həmin dövrdə Bəhram Nəsibova qarşı bu cür efir qadağasının olmasının səbəbi hələ də məlum deyil. Lakin sonradan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində onun bütün mahnıları müəllifin adına qeydiyyatdan keçib. Buna baxmayaraq, göründüyü kimi, başı bəlalı mahnının müəllifi bəzən həm ölkəmizdə, həm də Türkiyədə ya səhv olaraq, ya da anonim göstərilir.
Ümumiyyətlə, çox sevindirici haldır ki, son illərdə Türkiyə şou-biznesində Azərbaycanın məşhur mahnıları tez-tez səslənir, kifayət qədər sevilir və sairə. Lakin əksər hallarda bu mahnılar anonim göstərilir. Onlardan bir neçəsini qeyd etmək yerinə düşər.
“Nazəndə sevgilim” – bu mahnı son vaxtlar bütün Türkiyədə məşhurlaşıb. Hətta Neftçalada çobanlıq edən Pərviz Səfərov məhz bu mahnı ilə Türkiyədə populyarlıq qazanmışdı. Lakin sözləri İslam Səfərli, musiqisi Andrey Babayevə məxsus olan bu mahnı Türkiyədə dəfələrlə anonim səslənib, ya da müəllifi səhv göstərilib. Məsələn, bir neçə il öncə “O səs Türkiyə” yarışmasında titrlərdə müəlliflər İslam Səfərli və Bekirof olaraq göstərilmişdi. Türkiyənin “TED senfoniorkestra”sı “Türk EğitimDerneği”nin 85 illiyinə həsr olunan gecədə Murat Karahanın solistliyi ilə “Nazəndə sevgilim” mahnısı ifa olunarkən isə onun sözləri anonim, bəstəkarı isə “Azeri Bekirof” kimi qeyd edilmişdi.
Digər müəllifi düzgün qeyd edilməyən mahnımız isə sözləri Rəsul Həmzətov, musiqisi Qulu Əsgərova aid olan “Əziz dostum” mahnısıdır. Türkiyədə tez-tez mahnın müəllifi kimi Arif Babayev, Şah Ruh və bəstəkarı Azize Gürsəs kimi qeyd olunur.
Emin Sabitoğlu, Ələkbər Tağıyev, Cahangir Cahangirov kimi məşhur bəstəkarlarımızın məşhur mahnılarının vaxtaşırı
Türkiyənin ən nüfuzlu televiziya kanallarında anonim təqdim edildiyinin şahidi oluruq.
“Sən gəlməz oldun” mahnısı da tez-tez anonim kimi qeyd edilirdi. Lakin görülən tədbirlərdən sonra mahnının müəllifi olduğu kimi təqdim olunur. Yəni, artıq qardaş Türkiyədə də hər kəs onun müəllifinin Ələkbər Tağıyev olduğunu bilir.
Məşhur “Qubanın ağ alması” mahnısı isə bu günə qədər də tez-tez “İqdırın ağ alması” kimi qeyd olunur. Hətta bəzən onu kürd mahnısı kimi də təqdim edirlər.
Bəs niyə hələ də mahnılarımız anonim səslənir?
Ekspertlər qeyd edir ki, bunun əsas səbəblərindən biri ölkə daxilində mahnılarımız, bəstəkar və şairlərimiz haqqında təbliğatın zəif olmasıdır. Bu bir həqiqətdir ki, televiziya, xüsusən radio məkanlarında mahnıların müəllifləri bir çox hallarda düzgün təqdim edilmir. Bəzən isə mahnıların müğənnilərin adı ilə təqdim edilir, əsl müəlliflər kənarda qalır.
Onu da qeyd edək ki, artıq bir neçə ildir ki, ölkəmizdə Müəlliflik Hüquqları Agentliyi yaranıb. Qurum vaxtaşırı bir çox mahnıları rəsmi qeydiyyata alır, onların müəllif hüquqlarını qoruyur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 9-cu maddəsinə əsasən iki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsər, o cümlədən mahnı şərikli əsər hesab olunur. Qanunvericiliyə əsasən, hər bir əsərin sahibi olan müəlliflər və ya hüquq sahibləri hüquqların pozulması faktı barədə Agentliyə ərizə ilə müraciət edə bilər.
Yuxarıda da qeyd etdiyimiz kimi, Bəhram Nəsibovun bir çox mahnları bu qurumun qeydiyyatından keçib. Ümid edirik ki, Agentlik bu məsələni diqqətdə saxlayacaq.
Mövzunu davam etdirəcəyik...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.