Nura Suridən qeyri-təbii üsullarla gözəlləşənlərə İRAD: “Robot olub getmisiniz, xəbəriniz də yox”
20-06-2018, 09:20
“Bəzi məsələlərdən baş çıxara bilmirəm. Günü-gündən də xeyli suallar yaranır. Hər gün yazırlar ki, filan meyvə filan dərdin dərmanıdır. Tərəvəz, meyvə, göyərti və s. tərkibində insan orqanizminə lazım olan mineral və vitaminlər var. Bal, doşab da həmçinin... Sonra da kimsə deyir ki, yox e, düzgün qidalanmaq lazımdı. Meyvə və tərəvəzlər karbohidratlardan ibarətdir, çox yeməyin. Yumurta, süd, qatıq və s. yeyin, özü də az yağlı (zulal) olsun. Deməli, arıqlamaq və əzələli bədən üçün orqanizmə lazım olan vitaminlərdən imtina edirsiz və guya sağlam arıqlayıb, qidalanarsız.
Sağlam qida nədi? Ay camaat, beyninizi niyə yorursunuz? Hər deyilən sözə niyə inanırsınız? Niyə istədiyiniz kimi yaşamırsınız?”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə paylaşıb.
İfaçı süni üsullarla gözəlləşmək əvəzinə düzgün qidalanmağı və təbii üsullara əl atmağı məsləhət görüb:
“Saçınız tökülür müalicə edib, düzgün qidalanmaq əvəzinə parik alırsız. Kirpiklərə qulluq əvəzinə, yalançı tük taxırsınız. Dırnaqlar da həmçinin... Heç düşünmüsüz niyə? Düzgün qidalansanız nə saç tökülər, nə də kirpik”.
Sənətçi daha sonra həyatının hər saniyəsini sosial şəbəkədə paylaşan və məşhur olmaq naminə müğənnilərin hər addımı təkrar edən kəsləri qınayıb:
“Bir də göstəri üçün yaşamayın, robot olub getmisiniz, xəbəriniz də yox. Hər addımınızı video və ya fotoya çəkirsiniz. Hər dəqiqə "live" edib, şəkillərinizi 10-15 filtrdən keçirirsiniz. Öz fikirlərinizi, həyatınızı, sözlərinizi, əməllərinizi də filtrdən keçirin. Hər biriniz özünüzü yanınızdakılardan üstün görmək istəyirsiniz? Niyə?
Professional və 3D make up, taxma kirpik və s. - bunları əvvəllər yalnız məşhurlar edirdi. Bu, müğənni, aktyor və aktrisalara sırf səhnəyə çıxdıqlarına görə edilirdi. O cümlədən də, plastik əməliyyatlar... İlk plastik əməliyyat edən məşhurlardan biri də Merilin Monro olub. Sosial şəbəkələr yaranandan isə demək olar ki, hamı məşhurlaşmaq, məşhurlar kimi görünmək istəyir. Məşhurları qınayıb, amma onların etdiklərini təkrarlayırlar. Sizin dərdiniz nədir?”