“Tamadalıq edərdizmi” sualına tanınmışlardan ilginc cavablar
31-08-2018, 09:27
Rasim Balayev: “Əslində etməməlidirlər, amma neyləsinlər...”; Novruz Qartal: “Mən şəxsən özümə bunu rəva bilməmişəm”
Heç də gizlin deyil ki, bu gün tanınmış aktyorlarımızın əksəriyyəti qazanc xətrinə toylarda tamadalıq edir, xınayaxdı məclisləri aparır, reklamlara çəkilir.
Təbii ki, bütün bunlar aktyor və aktrisalar üçün əlavə maddi gəlir, qazanc deməkdir. Lakin tez-tez şahidi oluruq ki, tanınmışlar tamadalıq etdiyi üçün və ya reklama çəkildiyi üçün həm cəmiyyət tərəfindən, həm də elə öz həmkarları tərəfindən “yaxşı aktyor tamadalıq etməz, reklama çəkilməz” deyərək qınanılır.
Beləliklə, sual ortaya çıxır, yaxşı aktyor tamadalıq edib, reklama çəkilə bilərmi?
Xalq artisti Rasim Balayev sualımıza bu cür şərh bildirdi: “Dolanmaq xətrinə tamadalı edir, reklamlara çəkilirlər. Doğrudur, əslində etməməlidirlər, amma neyləsinlər, məcburdurlar. Şəxsən mənə tamadalıq üçün və ya reklama çəkilmək üçün dəvət gəlməyib”.
Əməkdar artist Novruz Qartal da tamadalıq edən aktyorları qınamır: “Aktyor hara dəvət olunursa getməli, çəkilməlidir. Özünüz bilirsiniz ki, hazırda hər şey bahadır, ailə saxlamaq çətindir. Ona görə də mən bu məsələyə pis baxmıram”. Aktyor ona tamadalıq və reklam çəkilişləri ilə bağlı dəvətlər gəldikdə bundan imtina etdiyini dedi: “Mən şəxsən özümə bunu rəva bilməmişəm, nə gəncliyimdə, nə də indi”.
Aktyor Kamran M.Yunis məsələyə birmənalı baxılmasını doğru saymır: “Bu məsələ yaşadığımız gerçəklikdən, cəmiyyətdən asılıdır. Şəxsən mən tamada olmaram və yaxud reklama çəkilmərəm. Çünki tamadalıq aktyordan çox şeyi alır. Daha aydın desəm, tamadalıq aktyorun şəxsiyyətini bir az "ovxalayır". Hər halda, aktyor toy məclisində içkili şəxslərlə qarşılaşır. Onların hər hansı artıq-əskik söhbətlərini, davranışlarını yola vermək məcburiyyətində qalır. Mən ustadlarımın, o cümlədən Həsən ağa Turabov, Fəxrəddin Manafov, Fuad Poladovdan eşitdiklərim, öyrəndiklərimin müqabilində deyirəm ki, yaxşı aktyor toya gedib, tamadalıq etməz.
Eləcə də reklam eyni şeydir. Dünyada məşhur Hollivud aktyorları reklama çəkilir. Lakin onlar bu reklam çəkilişləri qarşılığında milyonlar qazanır. Bizdə isə aktyor reklama çəkildikdə ona 200-300 manat qonorar verilir, bu gülüncdür. Bu isə sadəcə olaraq onun hansısa kiçik probleminə məlhəm olur".
Sənətşünas Məryəm Əlizadə isə mövzuya bu cür şərh bildirdi: “Əgər aktyor tamadalıq etməyi bacarırsa, niyə də toylara getməsin? Bu məsələlərə sadə şəkildə yanaşmaq lazımdır. Mən şəxsən bu məsələdə bir xəta görmürəm. Tamadalığın özü də bir istedad tələb edir. Əgər aktyor bu işi görmək üçün özündə enerji, istedad görürsə, burda heç bir mənfi amil yoxdur”.
“Yeni Müsavat”