Serbiya "Balkanların Çin"i olur - 10 milyard avro sərmayə
11-11-2018, 17:34
Serbiyaya yeni zavodlar, iş yerləri gətirən Türk investisiyaları davam edir
Serbiya son illər Avropanın Uzaq Şərqə yönləndirdiyi sənaye investisiyalarını özünə doğru çəkərək "Balkanların Çin"i olmağa hazırlaşır.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Birliyinə (Aİ) namizəd olan Serbiyada işçi qüvvəsi çox gəncdir və bu ölkənin Rusiya ilə xüsusi əlaqəsi var.
Serbiyaya ötən il dünya üzrə 2,6 milyard avro investisiya qoyulub. Bu ilin ilk beş ayı ərzində isə bu rəqəm 1,1 milyard avro təşkil edib.
Zumtobel Group şirkəti öz yatırımlarını Çindən Serbiyaya qaytarıb. Almaniyanın avtomobil kabel istehsalçısı olan Leoni də keçən il Serbiyada 2 min 200 fəhlənin çalışdığı bir zavod açıb.
Çinin "Shandong Linglong" şirkəti Serbiyada 1 milyard dollar kapitalla yeni bir rezin zavodu tikmək istəyir. Digər bir Çin firması "Shijiazhuang Zhiyi Zinc Industry" isə 80 milyon dollar kapitalla sink oksid istehsalı üçün Serbiya hökuməti ilə müqavilə imzalayıb.
Beynəlxalq şirkətlərin Serbiyaya sənaye kapitalının yönləndirməsinin bir səbəbi də bu ölkənin Rusiya ilə olan xüsusi əlaqəsidir. Rusiya ilə sərbəst ticarət müqaviləsi səbəbindən beynəlxalq firmalar Serbiyadan transfer nöqtəsi kimi istifadə edirlər.
Serbiya hökuməti isə zavod investisiyalarını dəstəkləmək üçün hüquqi aktların yanında infrastruktur sərmayələri da edir. Almaniya və Avstriyaya Niş şəhərindən çəkilən yol xətti bunun bir nümunəsidir.
Həmçinin, bu ölkənin Avropa İttifaqına üzvlüyünün 2020-ci ilədək reallaşacağı gözlənilir. Bu da Serbiyaya investisiyaların cəlb edilməsinə zəmin yaradır.
Serbiya Ticarət və Sənaye Palatasının sədri Marko Cadez də ölkəsinin bu gün regionda ən cəlbedici investisiya imkanlarından danışıb: "Ölkəmizdə sərmayəçilər üçün hüquqi aktlar qəbul edilib, infrastrukturlar yaxşılaşdırılıb. Serbiya Çinin Yeni İpək Yolu Layihəsinin qurşağında yerləşir. Buna görə Serbiya Balkanlarda Çin investisiyalarının yatırılmasında liderdir. Hazırda iqtisadi layihələrin ümumi dəyəri 10 milyard avronu keçib".
Belqrad yaxınlığında böyük bir sənaye parkının tikintisi üçün hazırlıqların davam etdiyini bildirən Cadez Serbiyanın növbəti mərhələdə investisiya çəkməsində innovativ texnologiyalar olduğunu qeyd edib: "Türk şirkətləri ilə də tərəfdaşlığımız çox əhəmiyyətlidir. Serbiyaya yeni zavodlar, iş yerləri gətirən Türk investisiyaları davam edir".