Ərdoğanın partiyasını parçalamaq istəyənlər kimdir?
11-04-2019, 08:15
Türkiyə siyasətində yeni bir siyasi partiyanın təməl daşları artıq atılır. Keçmiş baş nazir Əhməd Davudoğlunun başında durduğu bu hərəkatın məqsədi seçkilərdən zəif çıxmış AK Partiyanı parçalayıb, Türkiyə siyasətində öz yerini tutmaqdır.
Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev qardaş ölkədə son prosesləri dəyərləndirərkən qeyd edib. O bildirib ki, Davudoğlu ilə bərabər keçmiş xarici işlər naziri Əli Babacan, keçmiş gənclər və idman naziri Suat Kılıç kimi AK Partiyanın zamanındakı məşhur funksionerlərinin də yer alacağı bildirilən yeni siyasi partiyanın siyasətin sağ mərkəzində duracağı iddia edilir:
“Yeni partiyaya rəsmən üzv olmasa da, keçmiş prezident Abdullah Gülün də dəstək verəcəyi aşkardır. Əslində, elə bu hərəkatın başının Gül olduğunu da bilməyən yoxdur. Əgər partiya Türkiyə siyasətində uğur qazanmaq şansını göstərsə, 2023-cü ildəki prezident seçkilərində Ərdoğanın qarşısında Abdullah Gülün namizədliyi ilə çıxa bilər. Gül həm də birləşdirici fiqur kimi bir neçə siyasi partiyanı da öz ətrafında birləşdirəcək çəkili bir siyasətçidir. Abdullah Gül Ərdoğana qarşı olan müxaliflərin də son sığınacaq yeri olaraq görünür. Yeni quruluş AK Partiyadan az və ya çoxluğundan asılı olmayaraq, səs aparacaq, bu mübahisəsiz məsələdir”.
Ekspert hesab edir ki, bu, çoxdan gözlənilən prosesdir. Çünki Ərdoğan partiya içində öz mütləq hakimiyyətini qurmaq üçün başdakı bir çox siyasətçini partiyadan uzaqlaşdırdı:
“Yəni bu partiya doğal gözləntinin nəticəsi olaraq meydana çıxır. Ərdoğan partiyadan gedəcək səsin fərqindədir və bunu bərpa etməyin yollarını axtarır. Qarşıda iki formul var: ya mərhum siyasətçi Möhsün Yazıcıoğlunun əsasını qoyduğu və hazırda Mustafa Dəstəcinin rəhbərlik etdiyi Böyük Birlik Partiyası AK Partiyaya birləşə, ya da "Milli Görüş" hərəkatının öndəri, Ərdoğan və Gülün özünə usdad hesab etdiyi keçmiş baş nazir Nəcməddin Ərbakanın əsasını qoyduğu Səadət Partiyasından ayrılıb hazırda yeni partiya qurmaq üçün çaba göstərən liderin oğlu Fateh Ərbakanı tərafdarları ilə birlikdə AK Partiyaya qəbul edərək itirilmiş səsi bərpa edə bilər. İkinci formul əslində daha inandırıcı görünür. Çünki oğul Ərbakan son dövrlər verdiyi açıqlamalarla Ərdoğana yaxınlığını büruzə verir və qarşı tərəfdəndə bir təklif gözləyir. Fateh Ərbakana qatılma qarşılığında bir nazirlik hədiyyə edilə bilər. Bu formul vaxtilə Səadət Partiyasından dən ayrılıb Xalqın Səsi Partiyasını qurub, daha sonra AK Partiyaya qatılan Numan Qurtulmuşa və Demokrat Partiyanın sədrliyindən istefa edib iqdidarın tərəfinə keçən Süleyman Soyluya da uyğulanmışdı. Qurtulmuşa kabinetdə baş nazirin müavinliyi, Soyluya isə daxili işlər naziriliyi kimi mühüm postlar həvalə olundu. Bundan əvvəl isə Ərdoğan CHP-nin "ağır çəkili fiqur"larından olan Ərtoğrul Günayı mədəniyyət və turizm nazirliyi qarşılığında AK Partiyaya transfer edə bilmişdi”.
Politoloq iddia edib ki, qarşıdakı 4 il ərzində AKP ciddi surətlə işləməlidir:
“Xalq açıq şəkildə sonuncu bələdiyyə seçkilərində Ərdoğana xəbardarlığını etdi. İndi isə antiərdoğançılar bütün qüvvələrini səfərbər edib iqdidarı xalqın gözündən salmağa çalışacaqlar. Xəbərdarlıq o qədər güclü edildi ki, hətta Ərdoğanın partiya içində özündən sonra ən güclüsü olan Binali Yıldırımı namizəd gösdərərək "İstanbul rahat bizdədir" fikrini belə pozdu. Bir ölkədə nəqliyyat nazirliyi, baş nazirlik, parlament sədrliyi kimi önəmli vəziflərdə olmuş bir siyasətçinin İstanbulun kiçik bir rayonunun bələdiyyə sədri olan yeniyetmə, cəmiyyətin tanımadığı bir siyasətçi qarşısındakı məğlubiyyəti, ya da iqtidarın iddiası doğrudursa, qələbəyə bərabər məğlubiyyəti həqiqətən də həzm ediləcək bir məsələ deyil”.
Politoloqun fikrincə, İstanbulda seçki ilə bu qədər ilgilənmək əvəzinə AKP bütün gücünü 2023-ci ilə səfərbər etməlidir.