Türkmənistan qazı Azərbaycana nə ilə mane olur?...

12-04-2019, 18:36           
Türkmənistan qazı Azərbaycana nə ilə mane olur?...
“Azərbaycan və Türkmənistandan ixrac edilən qazın həcmi orada qiyməti aşağı salmaq üçün yetərli olmayacaq”
Məlum olduğu kimi, Azərbaycanın ərsəyə gətirdiyi meqalayihələrə başqa region ölkələri də böyük maraq göstərirlər. Belə ölkələrdən biri də Türkmənistandır. Həmin Orta Asiya ölkəsi hesab edir ki, zəngin enerji resurslarını Azərbaycan vasitəsilə dünya bazarına çıxarmaq daha optimaldır.

Son aylarda Türkmənistan hökumətində Transxəzər qaz kəməri layihəsinin dirçəldilməsi ilə bağlı hərəkətlilik hiss olunmaqdadır. 2018-ci ilin avqustunda Xəzərətrafı 5 ölkənin dənizin hüquqi statusu ilə bağlı razılaşmanı imzalamasından dərhal sonra bu layihə ilə bağlı müzakirələr də başlandı. Düzdür, müzakirələrin lap başlanğıcında Rusiya onun iradəsindən kənar Xəzər dənizinin dibi ilə hər hansı kəmərin çəkilməsinin qeyri-mümkün olduğunu bildirsə də, Türkmənistan bu niyyətindən əl çəkməyib. Bəzi ekspertlər hesab edirlər ki, Türkmənistanın ərsəyə gətirmək istədiyi layihədən Azərbaycana da maksimum fayda olacaq və biz bundan tranzit haqqımızı götürəcəyik. Ancaq fərqli düşünən ekspertlər da var. Azərbaycanda olan bəzi ekspertlər isə iddia edirlər ki, Transxəzərdən Azərbaycanın böyük həcmdə gəlirlər əldə edəcəyinə dair deyilənlər reallığı əks etdirmir. Bu fikirdə olanların qənaətincə, türkmən qazının “Cənub Qaz Dəhlizi” ilə Avropa bazarına nəql olunması Azərbaycan qazının qiymətinin ucuzlaşmasına səbəb ola bilər: “Biri var bu bazara 10 milyard kubmetr Azərbaycan qazı çıxsın, biri də var onunla bərabər daha 10 milyard kubmetr türkmən qazı çıxsın. Türkmən qazının bizim məhsulla eyni vaxtda bazara çıxması bizim məhsulun qiymətində azı 15 faiz ucuzlaşmaya səbəb olacaq. Fərq etmir, Avropada qaza tələbat yüksəkdir, yaxud azdır. Bir bazara eyni vaxtda iki satıcının məhsulu çıxırsa, bu, mütləq qiymətə azaldıcı təsir göstərir. Tranzit haqqına gəlincə, Rusiya ildə Ukrayna üzərindən 90 milyard kubmetr qaz nəql edir. Tranzit haqqı olaraq Ukrayna bundan 2,5 milyard dollar qazanır. Biz də ildə 10 milyard kubmetr türkmən qazından uzağı 250 milyon dollar tranzit haqqı ala bilərik. Bunun da mühüm bir hissəsi gedəcək boru kəmərlərinin səhmdarlarına çatacaq”.

Transxəzər boru kəmərinin tam ərsəyə gəlməsinin Azərbaycana faydasının olmayacağı ilə bağlı səslənən fikirləri nə dərəcədə əsaslı saymaq olar?

Rəşad Həsənov: “Transxəzər Azərbaycan üçün çox əhəmiyyətli layihədir”
İqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Transxəzər Azərbaycan üçün çox əhəmiyyətli layihədir: “Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də enerji siyasətidir. Eyni zamanda, burada ölkənin tranzit imkanlarından istifadə edərək, mövcud potensialın dəyərləndirilməsi ortaya çıxır. Bu baxımdan Transxəzər Azərbaycanın tranzit əhəmiyyətini artıra biləcək bir layihədir. Eyni zamanda, regiona investisiya qoyuluşlarını artıra biləcək bir projedir. Transxəzər həm də regionda Rusiyanın mövqelərinin bir qədər zəifləməsinə gətirib çıxarmaq gücünə sahibdir. Düzdür, bunun reallaşması hələ tam dəqiq deyil. Ancaq Qərb bunda çox maraqlıdır və mərhələli siyasət həyata keçirir. Mən düşünürəm ki, gələcək üçün Transxəzərin reallaşma imkanları mövcuddur. Layihə reallaşarsa, bu, əlavə zərurətlər ortaya çıxaracaq. Azərbaycan qaz ixracı baxımından Avropanı tam təmin edə biləcək potensiala malik deyil. TAP və TANAP-ın işə düşməsi ciddi ixrac imkanları yaradır. Sözügedən layihə Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər gətirmək gücündədir. Bunu da nəzərə almaq lazımdır ki, Avropanın qaz istehlakı günü-gündən artır. Növbəti 15 ildə proqnozlaşdırılır ki, Avropanın qaza olan tələbi 650 milyard tona qədər yüksələcək. Bu isə, öz növbəsində, onu deməyə əsas verir ki, Transxəzər layihəsi daxil olmaqla, Azərbaycan və Türkmənistandan ixrac edilən qazın həcmi orada qiyməti aşağı salmaq üçün yetərli olmayacaq. Bir daha qeyd edim ki, layihə ərsəyə gələnə kimi Avropanın tələbatı da artır”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.