“Baxçalı üzünə millətçi maskası taxmış türk düşmənidir”

4-11-2015, 21:40           
“Baxçalı üzünə millətçi maskası taxmış türk düşmənidir”
Qardaş Türkiyədə seçkilər başa çatdı və millətçi qüvvələrin kəskin şəkildə məğlub olduğu ortaya çıxdı. Maraqlıdır, özünü türk millətinin mühafizi, milli ənənələrin hamisi hesab edən Milliyyətçi Hərəkat Partiyası – MHP niyə qürurunu qoruduğu millətdən səs ala bilmədi? Nəyə görə millət bu partiyadan üz çevirib, MHP sədri Dövlət Baxçalının təbirincə desək, Türkiyəni parçalamağa yönəlmiş siyasət yürüdən AKP-yə dəstək verir? Elə bu suallarla da Böyük Turan Hərəkatı Partiyasının sədri Varol Esenə müraciət etdim. Baxaq, görək, partiya lideri bu barədə nələr deyir.
- Nəyə görə dəstəkləsin ki? 13 illik AKP iqtidarı dövründə dedikləri əməlləri ilə qətiyyən uzlaşmayan bir liderdir Dövlət Baxçalı. Bu adamın işi-gücü həmişə efirə çıxdıqda əsib-guruldamaq, özünü millətçi mövqeli vətənpərvər kimi göstərməkdir. Əslində, AKP-nin lehinə çalışıb. AKP həmişə çətinə düşəndə, bu adam Xızır kimi imdada yetişib. Baxçalı, eyni zamanda, partiyada can qoymuş əsl millətçiləri oradan uzaqlaşdırdı. Xüsusilə, xalq tərəfindən sevilən siyasətçiləri partiya sıralarından kənarlaşdırıb, özünü yeganə söz sahibinə çevirdi. Məhz onun sayəsində MHP AKP ilə eyni mövqedə dayandı. Hətta adını unutduğum, MHP-dən olan bir millət vəkili dedi ki, fikir və düşüncələri 90 faiz AKP ilə üst-üstə düşür. Bu durumda nəyə görə MHP-yə səs verməli idi xalq? Bununla yanaşı, o, başını dik tuta bilmədi, bozqurd duruşu sərgiləmədi. Həyata keçirdiyi siyasəti, tutduğu mövqeyi ilə AKP-ni iqtidarda saxladı və millətin qarşısına problemlərin həllinə dair heç bir çözüm proqramı qoya bilmədi. Onlar Böyük Millət Məclisində türk xalqının, milli maraqlarımızın əleyhinə olan bütün qanunların qəbulunda AKP-yə dəstək verdilər.
- Türkeşin oğlu Turqut bəy MHP-dən ayrılmaqla düzgün addım atdımı? Onun gedişi MHP-nin nüfuzuna xələl gətirə bilərmi?
- Mütləq təsirini göstərəcək. Amma mən Turqut bəyin MHP-ni tərk edib, AKP-yə keçməsini səmimi qəbul eləmirəm. Bir müddət keçsin, siz də görəcəksiniz ki, mən haqlıyam. Şəxsən bu qənaətdəyəm ki, Turqut bəy birmənalı olaraq, Dövlət Baxçalı ilə razılaşdırılmış şəkildə AKP-yə transfer edib.
- Əlinizdə isbat varmı?
- İsbat yoxdur, sadəcə, gümanım belədir. Onu da deyim ki, indiyədək heç bir mülahizəm məni aldatmayıb – həmişə haqlı çıxmışam. Baxçalının bugünədək elədiklərini göz önündə canlandırdıqda, ortaya dediklərimdən fərqli nəticə çıxmır.
- Necə bilirsiniz, MHP üzvlərinin neçə faizi Turqut Türkeşin yanındadır?
- Ərdoğanın millətçi çıxışları və Turqut bəyin AKP-yə transferi, şəxsi qənaətimə görə, MHP-çilərin 4 faizinin səsinin AKP-yə keçməsi ilə nəticələnib.
- Belə çıxır ki, Turqut Türkeş öz tərəfdarlarını da götürüb AKP-yə üz tutandan sonra, MHP 4 faiz kiçiləcək?
- Partiya onsuz da kiçilib. Bu gedişlə MHP adlı partiya qalmayacaq. Amma türk millətçiləri rahat olsunlar, çünki biz varıq.
- Maraqlıdır, MHP nəyə görə sizin partiyanız kimi Türkiyənin digər millətçi partiya və təşkilatlarını yaxınına buraxmaq istəmir? Məncə, sizlər MHP-yə dəstək verə və seçkidə də səslərinin artmasına səbəb ola bilərdiniz…
- Dedikləriniz həqiqət olsa da, əslində, bizlər əsl türk millətçiləriyik. Siz məni yaxından tanıyan jurnalist olaraq bunu yaxşı bilirsiniz. Bizimlə Baxçalı arasında fərq budur ki, o, qətiyyən türk millətçisi deyil. Baxçalı üzünə türk millətçiliyi maskası taxmış türk düşmənidir.
- Bildiyimə görə, Baxçalıdan istefa verib-verməyəcəyi soruşulub, o isə cavabında vəzifəsinin başında olduğunu və bu barədə düşünmədiyini deyib. Sizcə, nə etməliidr, istefaya çıxsa yaxşı olar, yoxsa…
- Birmənalı şəkildə getməlidir. Amma sizi əmin edirəm ki, o, istefa verməyəcək. Çünki türk millətçiliyini məhv edib qurtarmayıb. Onun vəzifəsi türk millətçiliyini boğmaq, təsirsizləşdirməkdir. Mənə elə gəlir ki, Anayasanı dəyişsələr, türk kəlməsi oradan çıxarılacaq.
- Bu, çox ağır ittihamdır. Amma mən bir jurnalist olaraq çox maraqlanıram: Baxçalı nəyə görə türk millətçiliyini məhv etmək istəyir, məqsədi nə ola bilər? Yaxşı, məhv etdi, bundan nə qazanacaq?
- Sonadək iddiamın arxasında dayanıram və istənilən müstəvidə, istənilən şəxslə bu məsələdə diskussiyaya hazıram. Baxçalının türk millətçisi olmadığını, türk millətçiliyini boğmağa, məhv etməyə çalışdığını görmək üçün çox da ağıllı olmağa ehtiyac yoxdur. Çünki o, indiyədək həyata keçirdiyi siyasəti ilə bunu isbatlayıb.
- Qəribədir, partiyasında ona qarşı çıxan biri yoxdurmu? Niyə öz silahdaşları onu istefa verməyə məcbur etmirlər?
- Artıq müxalif qrup yaranıb və onu partiyadan uzaqlaşdırmağa çalışılır. Amma bir məsələ var: partiyanın əsas söz sahibləri öz adamları olduğundan, onu başkan kürsüsündən endirə bilmirlər.
- Bütün bunlar bir yana, sizin partiya nə etməyi düşünür, nə kimi planlarınız var? Türkiyə ictimaiyyətində millətçi mövqeyi qorumaq üçün hansı addımları atmaq niyyətindəsiniz?
- Bozqurd mövqeyimizdən zərrə qədər güzəştə getməyəcəyik. Siyasətimiz həm çox sərt olacaq, həm də iqtisadiyyatı çökən Türkiyədə problemləri aradan qaldırmaq üçün yaxşı təkliflərlə gələcəyik.
- Amma məncə, özünüzə müttəfiqlər tapmasanız, bu gəliş bir az çətin olacaq…
- Biz sağlam və inandığımız adamlarla birlikdə, özü də səbirlə hərəkət edərək, hər kəsin sevgisini qazanacağıq.
- Məsələn, nə edəcəksiniz? Yəni digər partiyalardan fərqli nə edəcəksiniz?
- Biz xalqın malını özünə qaytaracaq, satılan bütün mədənləri, limanları geri alacaq, əcnəbilərə torpaq satışını dayandırıb, satılanların da geri qaytarılmasını təmin edəcəyik. Kənd təsərrüfatında və heyvandarlıqda islahatlar keçirəcəyik, əsas gücümüzü ağır sənayenin tərəqqisinə yönəldəcəyik və gənclərin müstəqil inkişafına kömək göstərəcəyik. Hər şeydən daha vacibi isə xalqa anlatacağıq ki, fəaliyyət göstərən siyasi təşkilatlar elə onların özlərinə xidmər edir.
- Qarşıda Türkiyənin millətçi qisminin etiraz aksiyaları-filan keçirməsi gözlənilirmi?
- Gözlənilir. Reallıqları görüncə millət lazım olan addımları atacaq.
- Millətçi partiyaların, dərnək və təşkilatların liderləri olaraq, bir araya gəlib mövcud durumu müzakirə edəcəksinizmi?
- Əlbəttə, çünki söhbət vətəndən gedir və hazırda Atatürkün qurmuş olduğu cümhuriyyət yıxılmaq üzrədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.