TÜRKİYƏNİ MÜHASİRƏYƏ ALAN İTTİFAQ… –Hədəf İstanbul yox, "Ərdoğansız Türkiyə"dir - TƏHLİL

28-05-2019, 08:05           
TÜRKİYƏNİ MÜHASİRƏYƏ ALAN İTTİFAQ… –Hədəf İstanbul yox, "Ərdoğansız Türkiyə"dir - TƏHLİL
Bülənt Ərandaç

“Takvim”, Türkiyə, 27 may 2019-cu il



Onurğasını ABŞ-la Avropanın təşkil etdiyi qlobal sistem Prezident Ərdoğan və müstəqil Türkiyəyə eyni vaxtda həm xaricdən, həm də daxildən bərabər şəkildə hücum edir. Çoxyönlü mühasirə strategiyası izləyir. Nə üçün? Bilirlər ki, Avrasiya marşurutunda yer tutan Türkiyəni oyundan kənarlaşdıra bildikləri halda, regiondakı varlıqlarını və yaxın coğrafiyamızdakı qanlı hegemonluqlarını davam etdirə bilərlər.

Baxın, baş redaktorumuz Ergün Dilerin çox dəqiq şəkildə vurğuladığı kimi, Türkiyə 17-25 dekabr 2013-cü il əməliyyatından (FETÖ/PYD-nin təşkil etdiyi rüşvət və korrupsiya əməliyyatı – tərc.) sonra yavaş-yavaş Avrasiyaya doğru meyl etdi. 15 iyul çevriliş cəhdilə birlikdə bu istiqamətdə atılan addımlar sıxlaşdı və Avrasiya ilə yan-yana gəlindi. Prezident Ərdoğanla Dövlət Baxçalı, millətçi mühafizəkarlar və demokratlar, müstəqillik bayrağı altında toplananlar böyük mübarizəni davam etdirərkən, Londondan Vaşinqtonadək nüfuzlu ailələr, uzanan əllər görürsünüz. Bu əllərin Türkiyə daxilində önəmli təsirləri vardır. Çox önəmli sahibkarlar bu şəbəkənin təmsilçisi, önəmli ortaqlarıdır. Bizim buradakı iş adamlarımız Londona bağlıdır. Yəni, mərkəz olaraq oranı görürlər. Ümumiyyətlə, Türkiyədəki sərmayəçilərin gözü və qulağı Londondadır. Londondan Vaşinqtona uzanan bu əllər vasitəsilə Türkiyədə də Rusiya ilə yaxınlaşmaya və S-400-lərin alınmasına etiraz edənlər tapılmaqdadır.

Mövcud şəraitdə gözünü ABŞ-Avropa İttifaqından ayırmayan Kamal Qılıcdaroğlu, Abdulla Gül, Maral Akşenər, Səlahəddin Dəmirtaş, Təməl Qaramollaoğlu və Əhməd Davudoğlunun Qərbi qucaqlayan bir anlayış içində olması maraqlıdır.

Baxın, ABŞ-Avropa İttifaqı tərəfdarı olan CHP Siyasi Bürosu S-400 məsələsində də bizi vicdanları sızlamadan ikiyə bölməyə girişdi. Prezident Ərdoğan Hava Hücumundan Müdafiə (HHM) sistemimizi inkişaf etdirmək üçün çırpınır, əziz millətimizin böyük əksəriyyəti S-400 almağımızın vacib olduğunu düşünür. Ancaq CHP rəhbərliyi millətimizin yanında deyildir.

Müstəqil Türkiyə bayraqdarı Prezident Ərdoğana qarşı “təsadüfən” bir araya gətirilmiş olan Kamal Qılıcdaroğlu və “NATO-çu türkçülər” nə edirlər?

Bütün dərdləri bizi daxildən vurmaq olanlar, dolanbac yollardan gedərək də “İmperialist Qərbin qulu olmarıq” deyənlər yenidən milli mübarizəyə qalxan əziz millətin əhvali-ruhiyyəsini pozmağa çalışırlar.

Məncə, Kamal Qılıcdaroğlu, CHP və “NATO-çu türkçülər”ə sıradakı suallar verilməlidir:

11 sentyabrdan sonra ABŞ-ın, o dövrdə prezident olan oğul Corc Buşun (George W. Bush) ifadəsilə, “Səlib yürüşü” başlatmasına, islam dünyasına çökməsinə (hədəf ölkələrdən biri Türkiyə idi) nə deyirsiniz?

ABŞ ordusu 24 iyul 2002-ci il tarixdə “Millennium Challenge” (“Minilliyin meydan oxuması”) təlimi keçirdi. Ssenaridə tərif edilən ölkə Türkiyə idi. Səsiniz niyə çıxmadı?

ABŞ, Süleymaniyədəki Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinə hücum etdi, hərbçilərin başına çuval keçirdi. Bu rəzalətə qarşı nə etdiniz?

ABŞ Şimali Suriyada PKK kantonu – peyk dövlət qurur. Siz ortalıqda niyə yoxsunuz?

ABŞ MKİ-nin oyuncağı FETO ilə çevriliş etməyə girişdi, ayağa qalxan əziz millətin “Yeni qapı ruhu”nu nə üçün tərk etdiniz?

ABŞ və Avropanın öncüllüyü ilə İsrail, Yunanıstan, Kipr (rumlar), Səudiyyə Ərəbistanı, Misir və BƏƏ ortaq şəkildə Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətini mühasirəyə almağa başladı. Hara yox oldunuz?

Müstəqil Türkiyənin, dik duruşlu Prezident Ərdoğanın mühasirəyə alınmasında başda Kamal Qılıcdaroğlu olmaqla, “NATO-çu türkçülər” rol aldılar. Səbəbi, fələstinli qardaşlarımızı qətl edən İsrailə olan heyranlığınızdırmı?

Nəhayət, son sual: Kamal Qılıcdaroğlu-Səlahəddin Dəmirtaş-Maral Akşenər-Təməl Qaramollaoğlu birliyi olaraq, FETÖ-çü və PKK-lı aktivistlərin dəstəyi ilə İstanbulda seçkini udmaq strategiyasını necə qəbul etdiniz?

Çox diqqətlə baxın. CHP və “NATO-çu türkçülər”in dərdi İstanbulu idarə etmək deyil, İstanbul üstündə qurulan “Ərdoğansız Türkiyə”, ABŞ və NATO-ya bağlı “Köhnə Türkiyə” planına xidmət etməkdir. Atatürkçü, millətçi, demokrat olun, üz qarası “NATO-çu türkçü” deyil…

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.