"Vor zakon" Əzizin işi: keçmiş baş prokuror da həbs olundu - SALYANOVANIN ÜZÜNƏ KİM DURUB...

5-06-2019, 12:23           
"Vor zakon" Əzizin işi: keçmiş baş prokuror da həbs olundu - SALYANOVANIN ÜZÜNƏ KİM DURUB...
Kriminal aləmdə “Çeçen Əziz” kimi tanınan “qanuni oğru” Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qanunsuz yollarla azad olunması ilə bağlı Qırğızıstanda araşdırmalar davam edir. Rusiya mətbuatının yazdığına görə, cinayət işi üzrə daha bir fiqurant - Qırğızıstanın sabiq baş prokuroru Aida Salyanovanın adı hallanır. O, artıq saxlanılıb.

Sabiq baş prokurora qarşı istintaqla əməkdaşlıq etməyə razılaşan Narınsk vilayətinin prokuror müavini Mayrambek Akmataliyev ifadə verib. M.Akmataliyevlə A.Salyanova arasında növbəti dəfə üzləşmə keçirilib. Müvəqqəti saxlama təcridxanasında A.Salyanovaya baş çəkən parlamentin deputatı Almambet Şıkmamatovun dediyinə görə, M.Akmataliyev azadlığa çıxmaq üçün sabiq baş prokurora qarşı ifadə verib.

Bir müddət öncə “Prestupnaya Rossiya” nəşri M.Akmataliyevin saxlanılması barədə məlumat yaymışdı. “Çeçen Əziz”in təcridxanadan “qaçış”ı üzrə cinayət işi 2019-cu ilin aprelində yenidən araşdırılıb. Bu dəfə iş üzrə həkim-onkoloq, laborant və hakim istintaqa cəlb edilib.

Xatırladaq ki, ciddi rejimli koloniyada cəza çəkən “Çeçen Əziz” məhkəmənin qərarı ilə 2013-cü ildə azadlığa buraxılıb. “Qanuni oğru”nun həbsdən buraxılması həkimlərin ona “kəskin leykoz” diaqnozu qoymalarından sonra baş tutub.

Cinayət işi araşdırılarkən Qırğızıstanın sabiq səhiyyə naziri Dinara Saginbayeva da həbs olunub. Sonradan isə sabiq səhiyyə naziri ev dustaqlığına buraxılıb.

“Çeçen Əziz” qanunsuz silah saxlamada, narkotik vasitələrin qanunsuz dövriyyəsində, cəzaçəkmə müəssisəsində qiyamın təşkilində və s. bu kimi ağır cinayətlərdə ittiham olunaraq 16 il 8 ay azadlıqdan məhrum edilib. Məhkəmə “qanuni oğru” nun ölümcülxəstəliyə “düçar” olması qənaətinə gəlib və cəzasının çəkilməmiş hissəsindən azad edib. 9 aprel 2013-cü ildə Batukayev məhkəmə hökmü qanuni qüvvəyə mindikdən cəmi 6 saat sonra Bişkekdən çarter reysi ilə Çeçenistana uçub. Hazırda da orada yaşayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.