Türkiyənin ən qaranlıq ailəsi haqda heyrət doğuran - Faktlar
10-06-2019, 12:04
Son vaxtlar Türkiyədə gedən siyasi proseslərdə tez-tez gizli bir qüvvənin adı çəkilir: Qoç ailəsi. Xüsusən Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun bu ailənin CHP-nin İstanbul bələdiyyə başqanlığına namizədi Əkrəm İmamoğluna özəl təyyarə verməsi və Gəzi olaylarını maliyyələşdirməsini deməsi sözügedən qüvvənin Türkiyənin həyatında necə böyük rol oynaması haqda fikir formalaşdırır.
Kult.az “Qoç” Holdinq və Qoç ailəsi ilə bağlı maraqlı faktları təqdim edir:
Ailənin nəsil şəcərəsini araşdıran Murad Bardaqçı Qoçların Anadolu təsəvvüfünün ən önəmli simalarından olan Hacı Bayram Vəlinin soyundan gəldiyini bildirib. O qeyd edib ki, 1352-1430-cu illərdə yaşayan Hacı Bayram əfəndi dövrünün məşhur övliyalarından olub.
Qoç ailəsi Türkiyənin ən qaranlıq ailələrindən biri hesab olunur. Vehbi Qoçun (1901-1996) 1926-cı ildə qurduğu “Qoç” Türkiyənin ilk holdinqidir.
1950-ci illərdə Vehbi Qoçun rəhbərliyi altında daha da inkişaf edən holdinq təkcə qida məhsulları deyil, məişət avadanlıqları da satmağa başlayıb və fəaliyyət dairəsinə müxtəlif sektorları daxil edib.
Vehbi Qoç 1984-cü ildə rəhbərliyi oğlu Rahmi Qoça, o da öz növbəsində 2003-cü ildə oğlu Mustafa Qoça verib. Mustafa Qoç 2016-cı ildə vəfat etdikdən sonra onun yerinə qardaşı Ömər Qoç keçib.
“Qoç” Holdinq 2009-cu ildə “Fortun” dərgisinin açıqladığı “dünyanın ən böyük 500 sənaye firması” siyahısında 172-ci yerdə qərarlaşıb və hələ də sözügedən siyahıda yer alan yeganə Türkiyə şirkətidir.
“Ekonomist” dərgisinin hazırladığı araşdırmada Qoç ailəsi Türkiyənin ən zəngin ailəsi olaraq göstərilib.
2018-ci ildə holdinqin gəliri 143 milyard lirə olub.
2011-ci ildə Türkiyənin ümumi ixracatının 11 faizi “Qoç”un payına düşüb.
Qoç ailəsi 2009-cu ildə dünyanın prestijli xeyriyyəçilik mükafatlarından olan “Karnegi Xeyriyyəçilik Medalı”na layiq görülüb.
Holdinqin tərkibində “Arçelik”, BEKO, “Qrundinq”, “Ayqaz”, “Opet” kimi məşhur şirkətlər, “Yapıkredi” bankı fəaliyyət göstərir.
Holdinqin yaranmasında, ailənin varlanmasında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün böyük rol oynadığı deyilir.
Holdinqə daxil olan şirkətlərdə ümumilikdə 100 min insanın işlədiyi bildirilir.
Holdinq Türkiyədə bir çox ilkə imza atıb. “Qoç”un tərkibində Türkiyənin ilk özəl kibrit fabriki “Türkay” (1954), ilk soyuducu zavodu “Arçelik” (1960), ilk traktor istehsalı “Türk Traktor” (1964) fəaliyyətə başlayıb.
Ailənin ən məşhur üzvü olan Əli Qoç hazırda “Fənərbaxça” klubunun prezidentidir.