"Türkiyənin Qars və İğdır bölgəsində erməni kökənli insanlar sürətlə artmaqdadır"
11-06-2019, 16:42
Kamran Sultanlı: "Bu, Türkiyə hökuməti və Azərbaycan üçün yeni həyəcan təbili olmalıdır"
"Türkiyənin şərq sərhədlərinin və Naxçıvan bölgəsinin təhlükəsizliyi üçün bu regionda demoqrafik vəziyyətin bizim xeyrimizə olması çox vacibdir"
"Ermənistan Türkiyənin şərqi olan və Azərbaycan türklərinin kompakt yaşadığı, Ərzurum, Qars, Ərdahan, İğdır kimi əraziləri özünün tarixi ərazisi hesab edir və bunu öz konsitutsiyasında təsbit edib". Hurriyyet.org xəbər verir ki, bu fikirlər müstəqil ekspert Kamran Sultanlıya məxsusdur.
Bu ərazilərin ermənlər tərəfindən "Qərbi Ermənistan" adlandırıldığını qeyd edən ekspertin sözlərinə görə, hətta onlar bu regionda yerləşən qədim Ani xarabalıqları, "Zvaratnos", "Ani kefedralı", "Bakirə Məryəm" kilsələrini öz qədim kilsələri hesab edirlər: "Türkiyə hökuməti 2010-cu ildən erməni kökənli insanlara bu kilsələrdə ayinlərini həyata keçirməyə icazə verir. Türkiyənin Qars və İğdır bölgəsində erməni kökənli insanlar sürətlə artmaqdadır. Kürdlər də bu regionda demoqrafik durumu öz xeyirlərinə dəyişməyə başlayıblar. Bu proses uzun müddətdir ki, davam edir. 1990-cı illərdən bu köç dalğası başlayıb və sürətlə davam edir".
Kamran Sultanlı bu qənaətdədir ki, Türkiyədə türklərin azalmağa doğru getməsi, kürdlərin isə artımı ölkə demoqrafiyasında türk qıtlığına və kürdlərin xeyrinə balansın dəyişməsinə səbəb olur: "Ən azı bu regionda bu proses artıq sezilməyə başlayıb. Əvvəl əsasən Qarsda gedən proses artıq İğdıra da sirayət edib. Hansi ki, İğdır Naxçıvanla sərhəd qapısı olmaqla böyük əhəmiyyətə malikdir. Son seçkilərdə də kürdlərin artımının nəticəsi görüldü. İğdır ərazisində HDP 50,10 % səs toplayaraq, MHP-ni məğlub etdi. Qarsda da HDP qalib gəldi. Mayın 30-da Ermənistandan Vana ilk aviareys də təşkil edilib. Bu yaxınlarda Ermənistan İdman, Mədəniyyət və turizm təşkilatının rəhbəri İştan Zakaryan və İrəvan Dövlət Universitetinin "tarix" fakültəsinin dekanı, professor Edik Minasyan Qars Bələdiyyəsində qonaq kimi qəbul edilib".
Ekspert hesab edir ki, kürd və ermənilərin bu regionda kəskin artımı, Azərbaycan və Türkiyə üçün strateji cəhətdən böyük əhəmiyyətə malik bu bölgədə yeni təhlükələrə yol açır: "Bu regionun Türkiyə, Azərbaycanın Naxçıvan bölgəsi, həmçinin Türk coğrafiyası, ümumilikdə geosiyasi əhatəmiz üçün olduqca strateji əhəmiyyəti var. Türkiyənin şərq sərhədlərinin və Naxçıvan bölgəsinin təhlükəsizliyi üçün bu regionda demoqrafik vəziyyətin bizim xeyrimizə olması çox vacibdir. Türkiyənin doğusunda yaşayan Azərbaycan türkləri həm də Azərbaycanın Türkiyə sərhədi və Naxçıvanın təhlükəsizliyi üçün önəmli yumşaq gücdü. O bölgədə ermənlərin sayının artması nə bizim, nə də Türkiyənin maraqlarına cavab verir. Təəssüflə qeyd edilməlidir ki, azərbaycanlılar o regionda daha çox dini məzhəbsəl mövzular üzərindən bölünüblər. Xüsusilə seçki proseslərində bu aydın hiss olunur ki, kürd etnik identikliyi yanında, azərbaycanlılar daha çox dini aspektdən qərar verirlər. Son dövrlər İran da aktiv olaraq dini ekspansiyasını genişləndirməyə çalışır. Bu, Türkiyə hökuməti və Azərbaycan üçün yeni həyəcan təbili olmalıdır. Azərbaycanın maraqlarını Türkiyədə qoruyan şəxslər bu strateji regionda proseslərə nəzarəti mütləq gücləndirməlidirlər. Təəssüf ki, bu regionda azərbaycanlıların təşkilatlanması da, kürdlərdən qat-qat zəifdir. Bunun da soydaşlarımızın milli kimlikdən çox dini kimliyə meyillənməsindən irəli gəldiyini düşünürəm".