Qərbi azərbaycanlı deputatdan etiraz aksiyalarına reaksiya
11-11-2015, 21:53

ran parlamentinin Qərbi Azərbaycan əyalətindən deputat seçilən Mehdi İsazadə Azərbaycan türklərinin dövlət televiziyasından yayımlanan “Fitilə” adlı proqramda təhqir olunmasına münasibət bildirib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Mehdi İsazadənin sözlərinə görə, “Fitilə” proqramı əməkdaşlarının etdiyi əmələ görə azərbaycanlılardan üzr istəməsi qəbul edilmir: “Mən ölkənin Məhkəmə Sistemindən bu şəxslərə ən ağır cəza verilməsini istəyirəm. Sırf üzrxahlıq etmək kifayət deyil. Hesab edirəm ki, bu şəxslər cəzalandırılmalıdır. Həmişə Həzrət Əbülfəzl və İmam Hüseyn adları dilində gəzən azərbaycanlıların ağzı üfunət qoxuya bilməz. Mən türk dilli şəxs kimi bu cənabların üzrxahlığını qəbul etmirəm və hesab edirəm ki, “Fitilə”çilərə ən ağır cəza nəzərdə tutulmalıdır. “Fitilə”çilər bacarırlarsa indi çıxıb türkdilli əhaliyə cavab versinlər”. Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq, fars irqçiliyinə qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb.