Türkiyə hökumətinin ilkin tərkibi açıqlandı – SİYAHI
18-11-2015, 22:36
Hökumətin qurulması səlahiyyətlərini prezidentdən təhvil alan Türkiyənin baş naziri Əhməd Davutoğlu yeni kabinetin tərkibini bir neçə gün sonra açıqlayacaq.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kabinetin tərkibinin ya bu gün, ya da sabah açıqlanacağı gözlənilsə də, bu mümkün olmayacaq. Prezidentlə baş nazirin bir daha görüşərək bu məsələni müzakirə edəcəklərinə ehtiyac olduğu bildirilir. Bu səbəbdən Türkiyənin 64-cü hökumətinin cümə günü açıqlanacağı gözlənilir.
Türkiyə mediası hökumətin tərkibi ilə bağlı müəyyən ehtimalları irəli sürüb. Baş nazir müavinlərinin sayının 4-dən 5-ə artırılacağı bildirilir. Yalçın Akdoğan, Numan Kurtulmuş və Tuğrul Türkeşin baş nazir müavini postunda qalacağı gözlənilir. Digər müavinlər isə Nihat Zeybekci və Əli Babacan ola bilər.
Əli Babacanın Xarici İşlər Nazirliyinə gətirilə biləcəyi də istisna olunmur. Bəkir Bozdağın Ədliyyə Nazirliyinə gətirilməsi gözlənilir və Davutoğlunun eyni vilayətdən iki nazirə hökumətdə yer verməyəcəyi bildirilir. Bursadan Efkan Ala kabinetə girəcəyi halda, Mehmet Müezzinoğlunun Səhiyyə Nazirliyində yerini Rəcəb Akdağa verə biləcəyi ehtimal edilir.
Bundan başqa, Cövdət Yılmazın İnkişaf Nazirliyi, Faruk Poladın İş və İctimai Təhlükəsizlik Nazirliyi, Taner Yıldızın Enerji və Təbii Ehtiyatlar Nazirliyi, Mehdi Ekerin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi, Fikri İşıkın Elm, Sənaye və Texnologiya Nazirliyi, Nabi Avcının Milli Təhsil Nazirliyi, Akif Çağatay Kılıcın Gənclik və İdman Nazirliyi, Veysəl Əroğlunun Meşə və Su İşleri Nazirliyinə gətirilməsi gözlənilir. Binalı İldırımın isə yenidən Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin başına gətiriləcəyi proqnozlaşdırılır. Ərdoğanın kürəkəni Berat Albayrakın da kabinetdə yer alacağı ehtimal olunur. Ətraf və şəhərsalma üzrə Nazirliyinə isə Həyati Yazıçı və Erol Kayadan birinin gətiriləcəyi bildirilir.
Kabinetdə iki qadına da yer veriləcəyi güman edilir. Qadınlardan birinin Ailə və Sosial Siyasətlər Nazirliyinə rəhbərlik edəcəyi dəqiqdir. Kabinetə daxil ola biləcək qadınlar arasında Öznur Çalık və Ayşə Keşir kimi adlar hallandırılır.