Bayırbucaq türkmənləri söydaşlarından kömək istəyir

23-11-2015, 19:00           
Bayırbucaq türkmənləri söydaşlarından kömək istəyir
“Türkmənlər sahibsizdir. Millət torpağından qovulub, Yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb. Hər gün Rusiyanın, Fransanın hava hücumları nəticəsində yüzlərlə dinc insan qətlə yetirilir. Səsimiz heç yerə çatmır. Türkiyədən və Azərbaycandan dəstək gözləyirik”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında
Türkmən İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, Ərbildə yayımlanan Türkmən Radio və Televiziyasının baş direktoru Riyaz Dəmirçi deyib.

Son 1 həftədə Suriyanın Türkiyəyə bitişik Bayırbucaq ərazisində yaşayan türkmənləri qurudan Bəşər Əsəd ordusu, havadan Fransa və Rusiya hərbi hava qüvvələri atəş altında saxlayır. Bölgədən gələn həyəcanlı xəbərlərdə çoxsaylı dinc insan tələfatı olduğu bildirilir.

Bayırbucaqda baş verənləri “Yeni Müsavat”a şərh edən Riyaz Dəmirçi deyir ki, türkmənlər içərisində birlik olmaması haqqında xəbərlər düşmən uydurmalarıdır. Yada salaq ki, son günlər həm Rusiya, həm də Qərb mediasında Suriya ərazisində yaşayan türkmənlərin bir hissəsinin Əsəd hökumətini, bir hissəsinin isə müxalif qüvvələri dəstəkləməsi haqqında məqalələr dərc edilir. Riyaz Dəmirçinin sözlərinə görə, bu cür təbliğatın məqsədi türkmənlərin bir-birinə qarşı döyüşməsi haqqında gerçəklə heç bir bağı olmayan təəssürat yaratmaqdır: “Türkmənlər içərisinə nifaq salmaq, toplumu parçalamaq və asanlıqla məhv etmək istəyirlər. Türkiyənin bizə sahib çıxmaması bizi çox təəssüfləndirir. Çünki biz Türkiyəyə yeganə istinad yerimiz kimi baxırıq. Ancaq illərdir hayqırmağımıza baxmayaraq Türkiyə rəhbərliyi türkmənlərin səsinə səs vermir, bizə sahib çıxmır. Bu gün dünyanın böyük bir hissəsi Amerika Birləşmiş Ştatlarının himayəsi altındadır. Amerika həmin ölkələrin xarici siyasət kursuna təsir edir, yeri gələndə daxildə nizam yaradır. Türkiyədən də bizim gözlədiyimiz dünyanın harasında olur olsun, haqqı tapdanan türklərinin arxasında dayanmasıdır. Ancaq tam əksi baş verir. Türkiyə dövləti öz sərhədlərinə bitişik ərazilərdə türkmən soyqırımına səssiz qalıb, yüzminlərlə insanın harayını eşitmir”.

Riyaz Dəmirçi düşünür ki, Türkiyə son illər yürüdülən yanlış xarici siyasət nəticəsində yalnız özünü deyil, digər türk toplumlarını da çətin duruma salıb: “Heç şübhəsiz, bu gün bölgədə Türkiyə kimi güclü dövlətin olmasını istəməyən qüvvələr var. Bu qüvvələr hər fürsətdə dünya birliyi ilə Türkiyəni üz-üzə qoymağa çalışır, Türkiyə üçün yeni siyasət gərginlikləri hazırlayırlar. Biz bunu anlayırıq. Anlamadığımız budur ki, niyə Türkiyə hökuməti türkmənlərin öz torpaqlarından zorla çıxarılmasına, qırğın və qətliamlara göz yumur. Axı bizim torpaqlarımız Türkiyəyə bitişik ərazilərdir və o yerlərdə barış və sabitliyin olmaması Türkiyə üçün də açıq təhlükədir”.


R.Dəmirçinin sözlərinə görə, türkmənlərin Türkiyə ilə bərabər Azərbaycandan da gözləntiləri çoxdur: “Biz eyni xalqıq. Çətinə, dara düşəndə yardımı qardaşdan gözləyirik. Bu gün türkmən siyasətçilər də, türkmən ziyalılarda səslərinə səs verəcək insanlar axtarır. Azərbaycan bizim dünya birliyindəki səsimiz ola bilər. Türkmən birlikləri və təşkilatları, millət vəkilləri və siyasi institutların rəhbərliyi Birləşmiş Millətlər Təşkilatına, dünya birliyinə dəfələrlə qətliamın durdurulması üçün müraciət edib. Biz çox istəyirik ki, dünya, ilk sırada da qardaş Türkiyə və Azərbaycan bizim tələbimizə qoşulsun, dünyanı dinc insanlara qarşı baş verən amansız qətliamı dayandırmağa çağırsın. Hesab edirik ki, Azərbaycan bizim acımızı hər kəsdən gözəl anlayır. Çünki ən yaxın keçmişində Qarabağda oxşar ssenarilər yaşanıb. Rusiya silahlı qüvvələri minlərlə türkü yerindən-yurdundan didərgin salıb, qətliamlar törədib, etnik təmizləmə siyasət yürüdülüb. Qarabağ bütün türk dünyasının acısı, problemi olduğu kimi bu gün Bayırbucaqda baş verənlər də bütün türklüyün qarşılaşdığı fəlakətdir”.

Riyaz Dəmirçi deyir ki, Türkmən torpaqlarına hava və quru hücumları aramsız davam edir: “Türkmənlər Bəşər Əsəd hökumətinə müxalifətdədir. Ona görə də Suriyanı dəstəkləyən Rusiya türkmənləri hədəf alıb. Türkmənlərin dövləti yoxdur. Biz çox qarışıq beynəlxalq çəkişmənin tam ortasındayıq. Dövlətimiz olmadığı üçün beynəlxalq arenada söz haqqımız tanınmır. Bu durumda iş qardaş Türkiyə və Azərbaycan dövlətlərinin üzərinə düşür”.

Bayırbucaqda baş verən qətliamlara Azərbaycandan etirazlar artıq eşidilməkdədir. Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı Facebook sosial şəbəkəsində türkmən soyqırımı ilə bağlı konkret təkliflər verib: “Bu gün dost-doğma qardaşlarımız - Bayırbucaq türkmənləri ağır vəziyyətdədir. Rusiya dünyanın gözü qarşısında türkmənlərə qarşı bir qətliam həyata keçirməkdədir. Fransaya ağlayan gözlər isə bu soyqırımı görməzdən gəlirlər. Rusiya bu soyqırımı ermənilərlə birlikdə 20 yanvar 1990-cı ildə Bakıda, 26 fevral 1992-ci ildə isə Qarabağda, Xocalıda gerçəkləşdirmişdi. O zaman Türkiyə, Quzey Kıprıs Türk Cümhuriyyəti başda olmaqla dünyada yaşayan bütün türklər və müsəlmanlar bu qətliama etiraz etmişdilər. Ancaq nədənsə Azərbaycanın əksər QHT-lərinin, insan haqları ilə məşğul olan təşkilatlarının və ictimai xadimlərin səsi çıxmır. Dini qurumlar səssiz-səmirsiz müsəlman qətliamını izləməkdənsə, en azından rus din adamlarına müraciət edə və bu qətliamın dayandırılması üçün Putinlə görüşmələrini təklif edə bilərdilər. Allah rizası üçün, insanlıq adına bu cinayətin dayandırılması üçün hər kəs öz mövqeyini ortaya qoyarsa, türkmən qardaşlarımızın qarşısında heç olmasa, vicdanımız az da olsa rahatlayar. Somali üçün yola düşənlər Türkmən Dağı üçün də əllərini azacıq da olsa daşın altına qoysunlar. Yardım da edə bilərsiniz. Türkiyədə bu yöndə yardım kampaniyaları davam edir. O hesablara da imkanınız nəyə çatarsa, yardım edək ki, bir türkmən balası acından ölməsin. Ürək yanmasa gözdən yaş gəlməz. Hər yer güllük-gülüstanlıq olanda, türkçülük, millətçilik və müsəlmanlıq etmək çox asandır. Dar günün millətçisi, ağır günün müsəlmanı olun. Allah türkmən qardaşlarımızın yardımçısı olsun”.

Milli Məclisin üzvü Fazil Mustafa isə İnterpress.az saytındakı köşə yazısını Bayırbucaqdan yaşananlara həsr edib: “Rusiya və İranın gerçək niyyətləri artıq üzə çıxmaqdadır. Dini ayrı, dili ayrı, yaşam tərzləri ayrı, siyasi rejimləri ayrı, ancaq siyasətləri bir əsrdir qardaşlıq üzərində qurulan bu iki dövlətin birliyinin zülmünü həmişə biz türklər çəkməkdəyik... Məgər görmürsünüz ki, Əsəd adlanan qatilin artıq ordusu qalmayıb? Bu ordu hər cür müsəlman qətliamına hazır İranlılardan başqası deyil ki... İŞİD-ə qarşı mübarizə apardıqlarını bəyan etsələr də, Rusiya havadan, İran gücləri də qurudan İŞİD-i bir tərəfə buraxıb Suriyadakı türkmənləri qətlə yetirməyə başlayıblar. Tarixə bir də nəzər salın, Səttarxan hərəkatını da fars dinçiləri ilə rus kazakları birlikdə dağıtdılar və onları birlikdə güllələdilər. Xiyabanini də yenə də eyni qüvvələr küçənin ortasında güllələdilər. Pişəvəri hərəkatını da ruslar və farslar birlikdə məhv etdilər”...

Fazil Mustafa türkmən qətliamına qarşı Türkiyənin səylərini birmənalı dəstəklədiyini deyib: “Çox istərdim ki, Azərbaycan da rəsmi səviyyədə bu qətliama münasibət bildirsin. Bununla yanaşı bir gerçəyi də Azərbaycan hakimiyyətinin və cəmiyyətinin diqqətinə çatdırmaq istəyirəm.

Bizim müstəqilliyimiz üçün bir gün gələcək ən ciddi təhlükə Rusiya - İran birliyi ola bilər. Bu birlik artıq Suriyada sınaqdan çıxarıldı, buradakı vəzifələrini yerinə yetirəndən sonra bölgədə yeni hədəflər axtarmağa başlayacaqları istisna deyildir. Onsuz da Xəzər dənizinin üzərindən Suriyaya uçan raketlər bizə lazımi mesajları verməkdədir. Bu birliyin təhlükəsi qarşısında heç Türkiyənin də kömək etməyə imkanı olmaya bələr. Biz Azərbaycanın müstəqilliyinin qorunması üçün mübarizə aparacaq insanların qarşısında bu gün rus-fars-erməni birliyinin sırasında həm bu tərəfdən, həm də o tərəfdən özbəöz türkcə danışan zombiləşmiş qardaşlarımızı görəndə qətiyyən təəccüblənməməliyik. Çünki bu prosesin qarşısını almaq üçün illərdir ciddi tədbirlər görmədiyimizin mümkün nəticələrini indidən proqnozlaşdırmaq olar. İndi anlaşıldımı ki, bizim hansısa ölkəyə, dinə, məzhəbə qarşı qərəzli münasibətimiz yoxdur, sadəcə öz Vətənimizi gözləyən mümkün təhlükəyə qarşı sağlam düşüncəli insanlarımızı aydınlatmağa çalışırıq?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.