Ərdoğan Putinə sart və faktlarla cavab verdi

26-11-2015, 23:47           
Ərdoğan Putinə sart və faktlarla cavab verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin “Türkiyə İŞİD-dən neft alır” və “hökumət Türkiyəni islamlaşdırır” açıqlamalarına sərt cavab verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan daha əvvəllər Əfqanıstanda oynanılan oyunun fərqli bir şəkildə İraq və Suriyada oynanıldığını deyib.

Türkiyə prezidenti qeyd edib ki, İŞİD-ə qarşı mübarizə adı altında Suriyada hərbi güc yerləşdirən, amma İŞİD-ə zərər vermədən rejimin rəqiblərini vuranların məqsədini çox yaxşı bilirlər. “İŞİD-i bəhanə edərək bölgəyə yenidən dizayn vermək istəyənlərin əsl üzlərini birlikdə görəcəyik”,- Ərdoğan bildirib.

Dövlət başçısı İŞİD-lə Türkiyədən başqa ciddi mübarizə aparan ölkənin demək olar ki, olmadığını vurğulayıb: “Türkiyə bu təşkilatı 2005-ci ildə keçmiş adı ilə terror təşkilatı olaraq tanıyıb. 2013-cü ildən etibarən İŞİD-i yeni adı ilə terror təşkilatı kimi tanıyırıq. Bu səbəbdən də ölkəmizin İŞİD-lə əlaqədar mövqeyi həmişə dəqiqdir. Burada heç bir sual işarəsi yoxdur. Kimsənin Türkiyənin İŞİD-lə mübarizəsini müzakirə etməyə və bizi buna görə tənqid etməyə haqqı yoxdur”.

Ərdoğan Putinin “Türkiyə İŞİD-dən neft alır” iddialarına da cavab verib: “Deyirlər ki, Türkiyə İŞİD-dən neft alır. Təəssüflər olsun. Hazırda Türkiyənin neft və təbii qaz aldığı ölkələrin adı məlumdur. Biz neft və təbii qazı ən çox Rusiyadan idxal edirik. Bundan başqa İran, Azərbaycan, Şimali İraq, Əlcəzair və Qətərdən alırıq. Bizim İŞİD-dən neft aldığımızı iddia edənlər bunu sübut etmək məcburiyyətindədir. İŞİD nefti Əsədə satır. Dəstək verdiyiniz Əsədlə bunları danışın. Biz bu nöqtəyə gəlmək istəməzdik. İŞİD-in həm silah, həm də maliyyə gücünün arxasında Əsəd rejimidir, onunla birlikdə hərəkət edən ölkələrdir. Yüz iyirmi ölkə tərəfindən Suriya xalqının əsl nümayəndəsi olaraq qəbul edilən müxalif qrupları hədəf alanlar birbaşa İŞİD-ə dəstək verirlər. Əsəd dövlət terroru ilə məşğul olur. 380 min adamı qətl edən biri ilə birlikdə olanlar insan haqlarından necə danışıqlar”.

Ərdoğan Türkiyənin həmişə zalımın qarşısında olacağını vurğulayıb.

“Rusiya ilə strateji ortaqlığımız var. Rusiyanı hədəf almağımız üçün hər hansı bir səbəb yoxdur. Rusiya ilə müttəfiqlik başqa, sərhədimizin pozulması isə bir başqa mövzudu. Sərhədimizi pozan ölkə özünü sorğulamalıdır. Deyirlər ki, hökumət ölkəni islamlaşdırır. Ölkənin 99 faizi müsəlmandır. Mən Rusiya üçün “Rusiya hökuməti ölkəni xristianlaşdırır” deyə bilərəmmi? Tayyib Ərdoğan müsəlmandır. Ölkənin 99 faizi müsəlmandır. O, zaman mən nə etməliyəm? Bu nə məntiqdir?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.