Türkiyəyə təzyiqlər: Rusiya, ABŞ və Avropa eyni mövqedə
28-11-2015, 12:35
ABŞ prezidenti Barak Obama Suriya ilə sərhədin bağlanılmasına nail olmaq üçün Türkiyə hakimiyyətinə təzyiq göstərir.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən “The Wall Street Journal” nəşri bildirib.
Nəşrin məlumatına görə, ABŞ Ankaradan Türkiyə-Suriya sərhədinin 100 kilometr sahəsində hərbi kontingent yerləşdirməyi tələb edir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hesab edir ki, sərhədin bağlanılması üçün 30 min hərbi qulluqçu və artilleriya cəlb etmək lazımdır.
“The Wall Street Journal”ın məlumatına görə, ABŞ Ankaranı xəbərdarlıq edib ki, əgər sərhəd bağlanmasa və terrorçular terror aktları təşkil etmək üçün Avropaya Türkiyə üzərindən keçməkdə davam edərsə, Türkiyəni Avropa Birliyinin “ciddi cavab”ı gözləyir. Nəşr qeyd edir ki, Türkiyəyə təzyiq 13 noyabrda Parisdə törədilən terror aktlarından sonra daha da güclənib. Ankaraya nümunə kimi kürd qüvvələr göstərilir. Bildirilir ki, onlar İraq sərhədi vasitəsilə Suriyaya xarici döyüşçülərin axınını praktik olaraq dayandıra biliblər.
Ankaradakı mənbə isə bildirib ki, Türkiyə Suriya ilə 100 kilometrlik sahəni İŞİD-dən təmizləməkdə israrlıdır. “Bizə hər hansı, həmçinin amerikalı partnyorlarımızın xəbərdarlıqları və ya məsləhətləri lazım deyil”, - mənbə deyib.
Qeyd edək ki, Suriya-Türkiyə sərhədinin bağlanması məsələsini dünən Rusiya xarici işlər naziri Sergey Lavrov da gündəmə gətirib. Rusiya Xarici İşlər Nazirliyinin başçısı suriyalı həmkarı Valid əl-Muallemlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, sərhədin bağlanması Suriyada terrorizm probleminin həllini tezləşdirəcək.
Onun sözlərinə görə, Moskva Türkiyə-Suriya sərhədinin bağlanması ilə bağlı Parisin təşəbbüsünü dəstəkləyir və bu istiqamətdə praktik addımları uyğunlaşdırmaq üçün Dəməşqlə danışıqlar aparır.
Suriya lideri Bəşər Əsəd də iddia edir ki, İŞİD-ə bütün kömək Səudiyyə Ərəbistanı və Qətərin iştirakı ilə Türkiyə üzərindən edilir.