Türkiyənin Rusiyaya qarşı ən sərt addımı

29-11-2015, 10:23           
Türkiyənin Rusiyaya qarşı ən sərt addımı
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı verdiyi sanksiya qərarlarından sonra Türkiyənin bu ölkəyə qarşı əlində olan kozrlar gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, mütəxəssislər Türkiyə boğazlarının Rusiya gəmilərinin keçişi üçün bağlana biləcəyini qeyd edib.

“Montre boğazlar konvensiyası” Rusiyaya Aralıq dənizinə çıxmaq hüququnu versə də eyni konvensiyaya görə hərbi gəmilərin boğazlardan istifadə etməsinin qarşısını almaq mümkündür.

Türkiyənin 1936-cı ildə Bolqarıstan, Fransa, Böyük Britaniya, Avstriya, Yunanıstan, Yaponiya, Rumıniya, SSRİ və Yuqoslaviya ilə imzaladığı “Montre boğazlar konvensiyası”, müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyəyə bəzi statuslar verir. Sülh vaxtı müəyyən qaydalar çərçivəsində boğazları hərbi və ticarət gəmilərinin keçişi üçün sərbəst edən konvensiyaya görə müharibə vaxtı Türkiyə tərəf ölkələrdən biridirsə, boğazların istifadəsində istədiyi kimi hərəkət edə bilər.


Rusiyanın cənub dənizlərinə çıxışını təmin edən Bosfor və Dardanel boğazı

Eyni konvensiyaya görə, özünü müharibə təhlükəsi qarşısında görən Türkiyə boğazlardan istədiyi kimi istifadə edə bilər. Amma bu qaydanın qüvvəyə minməsi üçün, bu təhlükənijn Millətlər Cəmiyəti Şurasının ⅔ dəstəyi ilə təsdiq olunması lazımdır. Belə bir səsvermə olmasa həmin qayda qüvvəyə minməz. II Dünya müharibəsindən sonra Millətlər Cəmiyyəti ləğv olunub və onun funksiyalarını BMT yerinə yetirir. Bu səbəbdən də həmin qaydadan istifadə olunmaslı istiqamətində qeyri-müəyyənlik var.

Müharibənin tərəflərindən biri və ya müharibə təhlükəsi qarşısında olacağı zaman Türkiyənin əldə edəcəyi status bu ölkəyə boğazlardan keçən ticarət gəmilərini yoxlamaq hüququ verir. Sülh zamanı heç bir şərt olmadan boğazlardan keçən ticarət gəmilər üçün müharibə vaxtı bəzi şərtlər qoyulub. Əgər Türkiyə müharibənin tərəflərindən biridirsə, Türkiyə ilə döyüşməyən ölkələrin ticarət gəmiləri düşmən tərəfə heç bir yardım etməmək şərti ilə boğazlardan istifadə edə bilər. Bu vaxt keçişlər sadəcə gündüz vaxtı və bələdçi ilə ola bilər. Həmin şərtlər, Türkiyə özünü müharibə təhlükəsi qarşısında görərsə də qüvvədə olur.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.


Türkiyənin bütün dünya ilə paylaşdığı xəritə

Hadisənin baş verməsindən sonra Türkiyə tərəfi hadisənin kordinatlarını göstərən xəritəni NATO-ya üzv olan ölkələrlə və bütün dünya ilə paylaşıb. Rəsmi Moskva “SU-24” təyyarəsinin Suriya ərazisində vurulduğunu idda edərək bu barədə dəlliləri olduğunu desə də bu barədə hələlik konkret heç bir şey göstərə bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.