Tehran rejiminin Azərbaycanda güclənən mövqeləri
30-11-2015, 04:07
Paniranizmin Azərbaycanda ictimai proseslərən rəsmi müstəviyə keçid siyasəti
rr1991-ci ildə ölkə prezidenti olan Ayaz Mütəllibovun kəraməti sayəsində Tehranda “İran-Azərbaycan memorandumu” imzalandı. Memoranduma görə qarşılıqlı İran Azərbaycan dövlətində məktəb, mədəniyyət mərkəzləri, qəzet, jurnal, nəşriyyat, ictimai qurumlar və başqa təsisatlar yarada bilərdi. Azərbaycan İranda hər hansı bir gerçək addımları ata bilməzdi. Biz bu haqda həmin ilin mart ayında Bakıda dərc olunan “Aydınlıq” qəzetində sərt şəkildə tənqidi yazı ilə çıxış etmişdik. Bundan qorxuya düşən mollakratiya rejimi Tehran Universitetinə yaxın dar və kimsəsiz bir küçədə “Azərnəşrkom”un balaca bir kitab mağazasının açılmasına qazılıq verdi. İndiyə kimi həmin memorandumun şərtləri əsasında mollakratiya rejimi Azərbaycanda qatı “panfarsizm” və “paniranizm” siyasətini davam etdirməkdir.
Azərbaycanda “iranlılaşma” düzəni
1991-ci ildə Tehran rejimi yenicə dövlət bağımsızlığına dovuşan Azərbaycanda AİP-i (Azərbaycan İslam Partiyası) yaratdı. Bu siyasi qurumun sayəsində Qarabağı qorumağa çalışan Azərbaycanın hərbi sirləri Tehrana və oradan da İrəvana ötürülməsi düzəni də quruldu. 1995-ci ildə AİP liderlərinin məhkəməsi zamanı bütün bunlar sənədlərlə üzə çıxdı. Qarabağdan olan məcburi köçkünlərlə bağlı Tehran Azərbaycanda “humanitar yardım” adı altında “Emdade Xomeyni” qurumunu yaratdı. Qurum ayda 25 min ailəyə yardım adı altında ən kasıb durumda olanlara dəstək vermələ beyinyuma hədəflərini yürütməyə başladı. Beləliklə də “paniranizm” və “panfarsizm” intişar tapmağa başladı. Daha sonra, dərin qatlara baş vurmaq üçün “Əhli Beyit”, “Hüseyniyyə”, “Həzrəti Zəhra”, “Həzrəti Zeynəb”, “İxlas Gənclər Təşkilatı” və başqa sayda ictimai qurumlar yaradıldı. Azərbaycanın faktiki olaraq, əksər məscidləri İranın ideoloji konseptinə pərçimləndi. Bütün bunlar azmış kimi, Qum, Məşhəd, Tehran, İsfəhan, Şiraz, Mazəndaran, Rəşt və başqa şəhərlərdə təhsil adı ilə ən kasıb ailələrdən onminlərlə yeniyetməni yetişdirərək onları Azərbaycana göndərdi. Bu yeniyetmələrdən yeni forma və məzmunda kadrlar kimi istifadə edilməyə başlanıldı. Beləcə Azərbaycanda Tehran ayətullalarının “İslam İnqilabının ixracı” siyasətinin hədəflərinə hesablanmış “paniranizm” və “panfarsizm” düzəninə pərçimləmə strategiyası formalaşdırıldı. İndi həmin sosial cameənin sayəsində çoxsaylı KİV şəbəkələri yaradılmışdır. Onların gündəlik fəaliyyəti isə xurafatçı ideyaları Azərbaycan cəmiyyətində dərinləşdirməkdir. Hal-hazırda Azərbaycan dövlətini təhdid edə biləcək ən yeni nəslin sayəsində “Mübariz Ruhanilər Hərəkatı”, “Əhli Beyt Hərəkatı”, “DEVAMM”, “Qızılbaş Dindarlar Birliyi” və onlarca qurumlar “xomeynizm” cərəyanı kimi mövcuddur. “Qarabağ Uğrunda İslami Hərəkat”ını yaratmaqla Ermənistanın maraqları çərçivəsində daha qorxulu düzən oluşdurulmaqdadır. Guya Azərbaycandakı radikal islamçılar “xristian” ermənilərə və “Xristian Dünyası”na qarşı terror eyləmləri ilə hər an savaş mücadiləsini irəli sürməyə hazırlaşır görüntüsü formalaşdırılır. Azərbaycan dövlət olaraq işğal olunmuş ərazilərini azad etmək üçün gərəkən addımları atmaq istədiyində dərhal bu qurumlar siyasi provakasiyaları gündəmə gətirirlər. Beləliklə də Qərb dövlətləri ilə nə zaman yaxınlaşma düzəni ortaya çıxırsa, dərhal Tehran rejimi “düymə”ni basaraq həmin qurumları ictimai proseslərdə fəallaşdırmağa başlayır.
Rəsmiləşdirmə hədəfləri
1990-cı illərin ortalarından Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dilçilik, Tarix, Arxeologiya və Etnoqrafiya, Coğrafiya, Şərqşünaslıq və başqa institutlarında, bir çox universitetlərdə, AZTV-də, başqa rəsmi çevrələrdə “paniranizm”ə və “panfarsizm”ə xidmət edə biləcək kadr ovuna çıxıldı. Hətta bulduğu kadrlarla bir sıra qəzet və dərgilər, kitablar dərc etməyə başlanıldı. Bütün bunlar “Azərbaycanın İran dövlətinin tarixi ərazisi olması” doktrinasına hesablanmışdı. Hətta “İranın 17 şəhəri” adı altında proyektlər belə sərgiləndi. Süni şəkildə hazırlanmış “ilahiyytaçılar” zümrəsini formalaşdırmaqla onların TV kanalların vasitəsilə geniş şəkildə təbliğ etdirilməsinə başlanıldı. Bu gün ölkədə ən qorxulu və daha dərin qatlara hesablanmış “paniranizm” və “panfarsizm” siyasətinin ideoloji mərkəzi Bakıdakı “Nizami Metrosu”nun arxasında yerləşən “İran Mədəniyyət Mərkəzi”nin fəaliyyətləridir. Bu qurumun 400-dən çox işçisi vardır. İran ayətullalarının ən çox istinad etdiyi məkan sayılır. Azərbaycanda xurafatçı cərəyanların intişar tapmasının əsas qalası sayılır. Uzun illər quruma Höccətulla İbadulla Ocaqnəjad adlı birisi başçılıq edib. Onun səlahiyyətləri İranın Azərbaycandakı səfirindən ondəfələrlə üstün sayılırdı. İ. Ocaqnəjad vətəndaş cəmiyyətlərini yaratmaq funksiyasını tamamladıqdan sonra, indi də “Seyid İbrahim İbrahimi” adlı birisi onu əvəz etmişdir. Onun əsas görəvi “Azərbaycanda vətəndaş cəmiyyəti adı altında yetişdirilmiş kadrları hakimiyyət düzəninə gətirmək”dir. İndiki məqamda bəzi “projelər”in hökumətlə gerçəkləşdirmək taktikası ilə hərəkət edilir. Buraya özəlliklə də mədəniyyət sektoru daxildir. Çünki, mədəniyyət sahəsi az məsrəf tələb edən və ictimai fikirdə daha tez yayğınlaşdırılan bir düzəndir. Örnək kimi qeyd edə bilərik ki, 23 noyabrda Dövlət Akademik Milli Dram Teatrının icraçı direktoru İsrafil İsrafilov “İran Mədəniyyət Mərkəzi”nin sədri İbrahim İbrahimi və onun başçılıq etdiyi nümayəndə heyəti ilə rəsmi görüş keçirib. Bir sıra anlaşmalar belə əldə olunub. “Birgə əməkdaşlıq” konseptinə hesablanmış görüşdə Güney Azərbaycanda olmayan teatrın təmsilçisi kimi Babək Nəhreyi, Cavad Əkbəri, Əkbər İsmaili də iştirak ediblər. Güney Azərbaycanın Təbriz, Urmu, Zəngan, Qəzvin, Həmədan, Sulduz, Qoşaçay, Ərdəbil, Əhər, Meşkin, Savə, Xoy, Mərənd, Culfa, Miyana, Meşkin, Astara və başqa şəhərlərində mədəniyyət sektoru tamamilə həvəskarlar səviyyəsindədir. Gəlişmiş mədəniyyət, teatr və kino farslara məxsus Şiraz, İsfəhan, Mazəndaran, Kirman, Tehran, Ənzəli və başqa şəhərlərdə mövcuddur. Üç milyonluq əhalisi olan Təbrizdən fərqli olaraq, 300 minlik əhaliyə malik Şirazın illik büdcəsi ondəfələrlə çoxdur. Şirazın iqtisadi göstəriciləri isə Təbrizdən 25 dəfə azdır. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov əgər bunları bilmirsə, Tehran mollakratiya rejiminin Azərbaycanla bağlı strateji hədəflərinin sonucunda nələrin gündəmə gələcəyindən xəbəri yoxdursa, o zaman qanunla heç bir səlahiyyəti olmayan “İran Mədəniyyət Mərkəzi” ilə rəsmi təmaslar qurmasının nə anlamı var? Görüşdə 2016-cı ilin başlanğıcında “Təbriz Teatrı”nın Azdramanın səhnəsində tamaşa oynamaq razılığına gəlinib. Əgər anlaşmalar qarşılıqlı olmalıdırsa, Akademik Milli Dram Teatrı da Təbrizdə tamaşa oynamalıdır. Məhz kollektivin istədiyi əsər orada göstərilməlidir. Fikrimizcə Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşası qısa bir zamanda bərpa edilməli və bu tamaşa orada göstərilməlidir.
Dünənki kommunistlərin bu gün asanlıqla paniranizmin yanında olması
İndi dünya güclərinin “BOP” (Böyük Orta Doğu) hərəflərinin sınırları artıq Qafqaz qədər uzanmaqdadır. Bu coğrafi məkanda Tehran rejimi özünü qorumaq üçün, sınır dövlətləri taktikası ilə hərəkət etməyə başlayıb. Rusiya, Ermənistan, Əfqanıstan, İraq, Suriya və başqa ölkələr də həmin coğrafi düzəndə iştirak edirlər. Beləliklə də İranın mollakratiya rejimi bütün mümkün olan təsir vasitələrini hər bir dövlətə uyarlı bir biçimdə gündəmə gətirməyə çalışır. Suriyanın Türkman Eli bölgəsində son günlər yaşanılan soyqırım cinayətlərində dünya birliyi sadəcə Rusiyanı qınadı. Rusiya uzaqmənzilli raketlərlə və uçaqlar sayəsində bu cinayətləri törətmişdirsə, İrana məxsus “hezbollahçı”, “ceyşullahçı” və “cundullahçı” hərbi qüvvələri bu cinayətlərdə birbaşa iştirak etmilşdir. Bu taktikadan 2003-2013-cü illərdə Quzey İraqdakı Türkman Elində yararlanılmışdır.
“Paniranizm” və “panfarsizm” ideyası 53 illik pəhləvilər, 37 illik mollakratiya rejimləri dönəmində çox böyük təcrübə keçmişdir. Bunun əsas səbəbi isə, indi İran adlı ölkənin ildə qazandığı milyardlarla vəsait məhz bu faktora yönəldilmişdir. Kambocada “Qırmızı kxmerlər”in apardığı “kommuna rejimi” siyasəti bu ölkədə “panfarsizm” və “paniranizm” modeli ilə gerçəkləşdirilib. Bütün bunları kim bilmək istəyirsə, Əhməd Kəsrəvi, Mahmud Əfşar, Ağakərim Kirmani, Engeta Naser kimi “paniranizm” və “panfarsizm” ideoloqlarının əsərlərini oxusunlar. Son 37 ildə həmin ideoloji konseptlər din pərdəsi altında davam etdirilməkdərir. Hətta mollakratiya rejimi daha da irəli gedərək “Farsdilli xalqlar” və “İran Assambleyası” adlı ilə geniş coğrafi məkanda 150 milyonluq doktrina düzənini hərəkətə gətirmişdir. Buraya, Puştunistan (Pakistanın Bəlucstan bölgəsi), Əfqanıstan, Tacikstan, “Kürdüstan” adı altında Quzey İraq, Suriya və Türkiyənin Doğu bölgəsi, Ermənistan, Azərbaycan daxil edilmişdir. İndi bir qədər modern görünüşlə irəli sürülən “paniranizm” və “panfarsizm” qılafını süni şəkildə dəyişərək içimizdə rahatca hərəkət etmək taktikası məhz bu ideyalar üzərində formalaşdırılır. Ona görə də Azərbaycanda “mədəni əlaqələr” adı altında hərəkət etməyi hədəf seçmişdir.
Sual oluna bilər ki, “Kərbala” pyesi ilə Akademik Milli Dram Teatrında nədən Tehrandan dəvət olunmuş rejissor tamaşa hazırlmalıdır? Teatrın demək olar ki, əksər aktyorları bu tamaşada oynamaq fikrindən daşındıqdan sonra, rejissor İrana qarçmışdır. Olayların belə bir məcrada baş verməsinin ardınca teatrın icraçı direktoru İsrafil İsrafilov dərhal “İran Mədəniyyət Mərkəzi”nin rəhbərliyi ilə təmaslara keçmişdir. Bütün bunların arxa baxçasında nələr dayanır? Öz anada dili olan Türk dilində doğru-düzgün təhsili olmayan insanlar Bakıda necə tamaşa oynayacaqlar? Akademik Milli Dram Teatrı nədən “İran Mədəniyyət Mərkəzi”nin hədəfinə çevrilir? Xətai Metrosunun yaxınlığındakı “Bir May” zavodunun klubunda bir zamanlar teatr tamaşaları hazırlamaq təcrübəsini tətbiq edən “İran Mədəniyyət Mərkəzi” bu dəfə strateji hədəflərini rəsmi dövlət teatrının binasında gerçəkləşdirməyi planlaşdırmışsa, bu tamamilə yalnış bir siyasətdir. Dünən asanlıqla kommunist olan, bu gün isə, Azərbaycan dövlətinə qarşı “paniranizm” və “panfarsizm”i ixrac edən bir təşkilatın yanında yer almaq nə qədər doğrudur? Bu suallara sadəcə Akademik Milli Dram Teatrı deyil, MTN (mədəniyyət və turizm nazirliyi) cavab verməli, bütün olanlara aydınlıq gətirməlidir. Azərbaycan dövlətinə “mövhumatçı ideologiya”nı ixrac edən, etnik bölücülük siyasətini körükləyən, Güney Azərbaycanda Türk dilində təhsil almaq tələbini irəli sürənləri edam edən, işğal altında inləyən Qarabağımızda separatçı siyasətin yanında duraraq “Sədaye Talşstan” (Talışstanın səsi) radiosunu maliyyəlışdirən bir rejimin mədəniyyət siyasətinin astarı bundan ibarətdir. Ölkəmizdə KİV-lər daim bu yöndə çıxış edirlər. Bütün bunlardan İsrafil İsrafilovun xəbəri yoxdursa, o zaman ölkənin aana teatrını təmsil etməyə mənəvi haqqı varmı?
Ənvər Börüsoy, atev.az