MHP başqanlığına qadın Asena - Meral Akşenər;“Bizlər seçim yox, məcburiyyət qarşısındayıq”
30-11-2015, 21:34
Meral Akşener: “Bizlər seçim yox, məcburiyyət qarşısındayıq”
“Fövqəladə qurultay tələbimiz bir hesablaşmanın elan edilməsi yox, qəddini düzlətmək və iqtidar səfərbərliyimizdir. Keçmişə köklənib gələcəyi itirə bilmərik. Bəzi məsələlərin niyə gerçəkləşmədiyi deyil, necə həyata keçirilməsi önəmlidir”.
Bu sözlər Türkiyənin Milliyyətçi Hərəkat Partiyası sədrliyinə namizədliyini elan edən Merak Akşenerin bu gün yayılan media açıqlamasındandır.
Yada salaq ki, 1 noyabr parlament seçkisindəki məğlubiyyətdən sonra Milliyyətçi Hərəkat Partiyasının bir çox üzvləri fövqəladə qurultay keçirilməsi və yenidən sədr seçilməsi ilə bağlı çağırışlar edib. Artıq Meral Akşener də daxil olmaqlar 4 partiya üzvü sədrliyə namizəd olacağını açıqlayıb.
Ötən həftə partiya ali orqanını toplantısında çıxış edən MHP sədri Dövlət Baxçəli isə bildirib ki, heç bir qurultaydan söhbət gedə bilməz. Qurultay 2018-ci ildə keçiriləcək. Meral Akşener bugünkü açıqlamasında partiyanın qurultay nümayəndələrinə müraciət edərək onların bu təşəbbüslə çıxış etməsini istəyib. Onun fikrincə, tarix səhnəsində 3000 ildir söz sahibi olan türk millətinin taleyi ayrı-ayrı fərdlərin şəxsi istəklərinə tabe etdirilə bilməz: “22 illik aktiv siyasi həyatımın yeni bir səhifəsində Milliyyətçi Hərəkat Partiyasının mənsubu olaraq fövqəladə qurultay tələbimi sizlərlə paylaşmaq istəyirəm. MHP-nin fövqəladə qurultay keçirməsi çağırışımıza medianın xüsusi diqqət ayırması partiyamızın gələcəyinə olan inanc və əzmimi artırıb. Partiya Nizamnaməsinin və “Siyasi partiyalar haqqında” Qanunun bizə verdiyi demokratik bir haqq olan və partiya mənsublarımızın dilə gətirdiyi fövqəladə qurultay tələbləri mediada geniş yer almaqdadır. Bu tələbləri hörmətli partiya sədri Başqanlıq Divanındakı açıqlamasında rədd edib. O, partiya qurultayının 2018-ci il martın 18-də keçiriləcəyini deyib. Bu açıqlamadan sonra tək seçənəyimiz fövqəladə qurultay çağırmaq üçün hikmət, bəsirət və fərasətinə güvəndiyimiz qurultay nümayəndələrimizə müraciət edərək onların dəstəyini almaqdır.
Bunun üçün Üst Qurum nümayəndələrimizi notariat qaydasında təsdiqlənmiş ərizə ilə partiyanın rəhbər orqanlarına müraciət etməsi çağırışında bulunuruq. Qurultay nümayəndələri partiya iradəsini əmanət etdiyimiz ülküdaşlarımızdır. Ülküçülüklərini gərəyincə həyata keçirəcəklərinə inancımız tamdır.
Tarixə damğasını vuran tarixi gerçəkləşdirənlərdir. Bütün qəlbimlə inanıram ki, Üst Qurum nümayəndələrimiz partiyamızda bir ilki həyata keçirməyi bacaracaqlar, fövqəladə qurultayımızı toplayaraq iqtidar yürüyüşümüzü başladacaqlar.
İnanır və bilirik ki, iqtidarın tək alternativi MHP-dir.
MHP sadəcə siyasi partiyalardan biri deyil. MHP 3000 ildir tarix səhnəsində yer alan böyük türk millətinin 47 illik yol yoldaşıdır. Heç bir mənsubumuz MHP-dən daha böyük və daha önəmli deyildir. Bizlər təsadüfən bir araya gəlmiş insanlar deyilik. Bir çoxlarımız gəncliyimizin ən gözəl günlərini, hətta canımızı ideyamıza fəda etmişik”.
Meral Akşener bildirib ki, qurultay tələb edən partiyadaşları partiya içi müxalifət olaraq dəyərləndirə bilməz: “Bizlər bir seçim yox, məcburiyyət qarşısındayıq. Nə itirəcək vaxtımız, nə qıracaq qəlbimiz, nə də dışlayacaq ülküdaşımız var. Biz kirli və gizli ssenarilərin pozulması üçün qərarlıyıq. Türkiyənin gələcəyi müzakirə mövzusu olduqda başladığımız mücadiləyə qalib gəlmək və ya məğlub olmaq üzərindən baxa bilmərik, baxılmasına da imkan vermərik. Bu gün MHP-nin içərisinə düşdüyü durum Türkiyənin içərisinə düşdüyü durumdan ayrı düşünülə bilməz. Ülküçü hərəkatı yenidən dirildərək çoşğun axan çaya çevirmək üçün ayrı-ayrı isimlərin bir önəmi yoxdur, o çaya axan ayrı-ayrı ürəklərin önəmi var. Hədəfimiz ulu öndər Atatürk və başbuğumuz Alparslan Türkeşin ideyalarına əsaslanan siyasətlər hazırlayan, günlük məqsədlərin və siyasi mənfəətlərin ardınca qaçmayan, hüququn aliliyini əsas götürən, iqtidar olmaq üçün siyasət yürüdən, yaşlıların təcrübəsi ilə gənclərin dinamizmini birləşdirən, xalqın problemlərini dinləyən, gərək olduqda xalqın tələblərinə deyil, ağlın süzgəcini qullanan, ortaq ağıl və müzakirə yollarını açıq saxlayan bir partiya anlayışını təsis etməkdir.
Biz partiyamızın aktiv və təsir gücü olan qadın və gənc təmsilçilərinin rəhbər orqanlarda təmsilçiliyinə imkan yaratmağı düşünürük. Nifrət dili partiyanın daxili və xarici siyasətindən uzaq tutulacaq, hər addımda sevgi və sayğıya söykənəcəyik.
Həzrəti Peyğəmbərin “bir-birinizi sevmədikcə iman etmiş olmazsınız” hədisi rəhbərimiz olacaqdır.
Milliyyətçiliyi ürəyində duymayan, siyasətində əsas saymayan heç bir millət tarix səhnəsində varlığını sürdürə bilməz.
Bu millət artıq hər şey bitdi deyilən anlarda heç bir şeyin bitmədiyini, en son türk bitdi demədən heç bir şeyin bitmədiyini dəfələrlə sübut edib. Mən millətimə və ülküdaşlarıma güvənirəm. NƏ MUTLU TÜRKÜM DEYƏNƏ!”
Aygün Muradxanlı,
musavat.com