Davudoğlunun Bakı səfərinin PƏRDƏARXASI
2-12-2015, 21:18
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəmizə səfərindən heç bir həftə keçməmiş indi də qardaş ölkənin hökumət başçısı Əhməd Davudoğlu Bakıya təşrif buyurur.
Bir həftə ərzində Türkiyə dövlətinin iki ali səlahiyyətli rəsmisinin Azərbaycana gəlişi nədən xəbər verir? Bu gəliş yeni hökumət rəhbərinin ilk simvolik qardaş ölkə səfəridir, yoxsa Türkiyə-Rusiya münasibətlərinin yenidən qaydaya salınması üçün Bakıdan vasitəçilik xahişidir?
Məsələyə münasibət bildirən politoloq Sədrəddin Soltan hafta.az-a açıqlamasında bildirib ki, Türkiyə prezidenti və baş nazirlərinin ilk səfərini Azərbaycana etməsi bir ənənədir. Onun sözlərinə görə, bu həm də türk dövlət başçılarının Azərbaycana verdikləri önəmin göstəricisi sayıla bilər:
“Azərbaycan rəsmiləri Rusiya ilə Türkiyə arasında mövcud gərginliyin aradan qaldırılmasına vasitəçilik etməyə hazır olduğunu da bəyan edib. Heç şübhəsiz ki, iki ölkə arasında açıqlanmasına ehtiyac olmayan məsələlər də müzakirə edilir. Əhməd Davudoğlunun səfərində də belə məsələlərə toxunulacağı istisna edilmir. Fikrimcə, Türkiyə hökumət başçısının səfəri zamanı enerjidaşıyıcılarına dair məsələdən danışılacaq. Türk dövlətinin təbii qaza ehtiyacının ödənilməsi, TANAP layihəsi tikintisinin sürətləndirilməsinin müzakirə olunacağını ehtimal etmək olar”.
Sədrəddin Soltan hesab edir ki, Davudoğlunun səfəri zamanı Rusiyanın Türkiyəyə tətbiq etdiyi iqtisadi sanksiyaların təsirinin azaldılması yollarının müzakirə ediləcəyi istisna edilmir:
“Azərbaycan və Türkiyənin təhlükəsizliyi, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərdən söhbət açıla bilər. Qeyd edim ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Belqradda görüşməyə hazır olduğunu bildirib. Bu baxımdan Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılması üçün tərəflərin öz aralarında anlaşacağı da mümkün görünür. Ona görə də Əhməd Davudoğlunun Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanla Türkiyənin birgə layihələrinin davam etməsi yolları və bu istiqamət mövcud problemlərin aradan qaldırılması məsələlərə daha çox önəm veriləcəyini ehtimal etmək olar”.
Qeyd edək ki, noyabrın 26-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Bakıya rəsmi səfərə gəlib. Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq münasibətləri və regional məsələlər müzakirə edilib.