Rusiya və Türkiyə Liviyada üz-üzə gələcəkmi? - Suriya təcrübəsi işə salına bilər...

25-12-2019, 00:19           
Rusiya və Türkiyə Liviyada üz-üzə gələcəkmi? - Suriya təcrübəsi işə salına bilər...
Türkiyə Liviyada legitim hökuməti, Rusiya isə legitim hökuməti devirməyə çalışan qiyamçıları dəstəkləyir. Doğrudanmı Türkiyə ilə Rusiya Liviyada qarşı-qarşıya gələcək? Bu sual Rusiya prezidenti Vladimir Putinə də ünvanlanıb. Bu barədə “Haber7” qəzetinin icmalçısı Taha Dağlı yazır.

Putin qeyd edib ki, Rusiya həm Milli Razılıq Hökuməti, həm də Həftərlə əlaqə saxlayır. Yəni, “tərəf tutmuruq” deyib.

Ruslar üçün Liviya ən az Suriya qədər son dərəcə böyük əhəmiyyət daşıyır. Suriya rusların Aralıq dənizində yerləşmə, Liviya isə dənizə çıxış limanıdır.

Liviyada 2011-ci ildən bəri siyasi böhran, xaos və münaqişə mühiti davam edir. Ona görə ruslar son dərəcə ehtiyatla hərəkət edirlər. Onlar Liviyada hər iki tərəflə əlaqə saxlayır, müəyyən mənada prosesə nəzarət edirlər.

“Vaqner” muzdlularına gəldikdə, 2014-cü ildə Ukraynada Rusiya əleyhinə mövqe sərgiləyən administrasiya hakimiyyətə gəldikdə bu qrupun üzvləri Kiyevə yola düşərək Donetskdəki döyüşlərdə iştirak ediblər. Bu gün “Vaqner” qrupunun muzdluları Suriyada da fəaliyyət göstərir. Rusiyanın hərbi polisi ilə yanaşı onlar Əsəd rejiminə dəstək göstərirlər.

Suriyada türk hərbçiləri ruslarla toqquşma yaşamayıblar. Bundan başqa, Suriyada “Vaqner” qruplaşması ilə də münaqişə yaranmayıb.

“Vaqner”çilər İranla əlaqəli muzdlu döyüşçülərlə, PKK/PYD terrorçuları ilə qarşı-qarşıya gəlsələr də, türk hərbçiləri ilə bir dəfə də olsun toqquşma yaşamayıblar.

Məqalə müəllifi xatırladır ki, Kreml “Vaqner” qrupu ilə heç bir əlaqəsi olmadığını deyir. Bu muzdlu dəstələrin Putin və ya Rusiya kəşfiyyatından xəbərsiz fəaliyyət göstərdiyini söyləmək sadəlövhlük olar.

Rusiyalı hərbi analitik Pavel Felhenhauer deyir ki, Türkiyə və Rusiya Liviyada bir-birinə qarşı döyüşməyəcək: “Çünki bu, Suriyada ciddi böhrana yol aça bilər. Üstəlik, Liviya ilə müqayisədə Türkiyə Rusiya üçün daha böyük strateji əhəmiyyətə malikdir”. Dolayısıyla, ekspert tərəflərin heç vaxt qarşı-qarşıya gəlməyəcəyini vurğulayır.

Liviyada bugünkü xaosun başladığı tarix 2011-ci ilin mart ayı hesab edilir. Bu, Fransanın başçılığı altında NATO ölkələrinin hərbi müdaxiləyə başladığı tarixdir. Ərdoğan və Putin NATO müdaxiləsinə qarşı çıxan liderlər olub.

Həmin vaxt Rusiyanın baş naziri postunu tutan Putin NATO-nun müdaxiləsini xaç yürüşü ilə müqayisə edib. Həmin vaxt baş nazir vəzifəsində çalışan Ərdoğan müdaxiləyə belə bir ritorik suallara münasibət bildirib: “NATO-nun Liviyada nə işi var?”

Son vaxtlar Çeçenistan lideri Kadırov ön plana çıxır. İki gün əvvəl Kadırov Milli Razılıq Hökumətinin rəhbəri Saracla telefon danışığı aparıb. Sarac onu Tripoliyə dəvət edib. Kadırov legitim Liviya administrasiyasını dəstəkləməyə hazır olduğunu bildirib.

“Vaqner” muzdluları Putinin xəbəri olmadan Liviyada fəaliyyət göstərə bilmədiyi kimi Kadırov da prezidentdən gizli Liviya lideri ilə əlaqə saxlaya bilməz.

Türkiyə yeni balans yaradır. Rusların Türkiyənin iştirak etmədiyi masa arxasında oturması hələ Türkiyənin ruslarla toqquşacağı anlamına gəlmir. Eynilə həmin masalardan birində qətərlilərin oturması kimi.

İndi Türkiyənin həmləsi ilə Aralıq dənizində masalar yenidən qurulur.

(Xpressa)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.