“Ələmutdan Quma – İranın 1000 illik dəyişilməyən terror strategiyası” – III yazı

26-12-2019, 00:07           
“Ələmutdan Quma – İranın 1000 illik dəyişilməyən terror strategiyası” – III yazı
1990-2000-ci illər arasında SEPAH-ın gurultu qətlləri

Ötən yazılarımızda qeyd etmişdik ki, İranın terror strategiyası 1000 il bundan əvvəl bu ölkədə ortaya çıxan və dünyanın ilk sistematik terror təşkilatlarından sayılan Xaşxaşilik ənənələrinə əsaslanır və bunun obyektiv səbəbləri var. Min il bundan əvvəl İranın ərəb istilasına qarşı acizliyi istər-istəməz asimmetrik müharibə metodlarına əl atmasını şərtləndirdiyi kimi, müasir İran da eyni metodlarla yerləşdiyi geopolitik məkanda söz sahibi olmağa çalışır. Xüsusilə SSRİ-nin dağılması ilə böyük himayədarını itirən Yaxın Şərqin bir sıra ölkələrində yaranan hegemoniya boşluğu siyasi rejimləri ABŞ və İsrailə sığınmağa vadar etmiş, bu da mühafizəkar kəsimlərin etirazlarına səbəb olmuşdu. İran bu narazılıqlardan faydalanaraq, həmin ölkələrə öz siyasi rejimini ixrac etməyə həvəslənmişdi.

Fəqət onun qarşısında dayanan əsas maneələrdən biri Türkiyə idi. Türkiyənin demokratik və sekulyar rejimi yaxşı idarəetmə sistemi axtarışında bulunan Yaxın Şərq xalqları üçün daha optimal variant təqdim edir və rəsmi Tehranın regionda yayılma strategiyasının qarşını kəsirdi. Türkiyədəki rejim İran xalqının da ən böyük arzusuna çevrilirdi. Məhz bu səbəblərdən İranın 1990-cü illərin əvvəllərində terror siyasəti ilə rejimini zəiflətmək və dəyişdirmək istədiyi ilk ölkə Türkiyə idi. Türkiyə əngəlini aşmaq üçün isə fəaliyyətə sekulyar dəyər daşıyıcılarının ortadan qaldırılmasından başlanılmalı idi. 90-cı illərdə İran tərəfindən dəstəklənən (İddia istintaq materiallarında öz təsdiqini tapmışdır) terrorçuların seçdikləri əsas hədəflərin Muammer Aksoy, Çətin Emeç, Turan Dursun, Bahriye Üçok, Uğur Mumcu ve Ahmet Taner Kışlalı olması bu baxımdan təsadüfi deyildi.



Şəkildə: Muammer Aksoy

Türkiyənin indiyədək ən demokratik konstitusiyası kimi tanınan 1961-ci il Anayasasının müəlliflərindən Muammer Aksoy İrandan gələn təhlükəni sezmiş və yaxın dostları ilə bərabər ona qarşı mübarizəyə atılmışdır. Hər şey ondan başlamışdı ki, İran İslam Respublikasının qurucu lideri ayətullah Xomeyni 1989-cu ildə “Şeytan ayələri” kitabının yazarı Salman Rüşdi barədə ölüm fitvası çıxarmış və bu fitva İranın İstanbuldakı konsolluğunun qapısına asılmışdı. Muammer Aksoy isə o dövrün tanınmış ziyalısı Turan Dursun ilə bərabər buna qarşı çıxaraq İran konsolluğunu məhkəmə vermişdi. Sol düşüncəli olan bu iki fikir adamına jurnalist Çətin Emeç, Uğur Mumcu ve Ahmet Taner Kışlalı, ilahiyyatçı Bahriye Üçok və s. ziyalılar da qoşulacaq və İranın Türkiyədə apardığı ideoloji təbliğatlara sinə gərəcəkdilər.



Şəkildə: Bahriye Üçok

Bu o zaman idi ki, islamçı qruplar ali məktəblərdə hicab qadağasını bəhanə edərək mitinqlər, konfranslar, etiraz nümayişləri keçirirdilər. Atatürk prinsiplərinə bağlı olan Türk intellektualları isə bu ideoloji mübarizədə onların qarşısına çıxır və öz arqumentləri ilə şəriət tərəfdarlarının fikirlərini alt-üst edirdilər. Qeyd edək ki, 1990-cı ildə Muammer Aksoydan bir neçə ay sonra qətlə yetirilən Turan Dursun və Bahriye Üçok sol düşüncəli olmalarına baxmayaraq, dövrün ən savadlı ilahiyyatçıları sayılırdılar. Bahriyə xanım Ankara universitetinin İlahiyyat fakültəsinin professoru və Türkiyənin ilk qadın ilahiyyatçı alimi idi. O, ərəb, fars və fransız dillərini öz ana dili kimi bilir, əleyhdarlarından fərqli olaraq söylədiyi bütün iddialarını ilk qaynaqlara söykənərək əsaslandırırdı.

Turan Dursun isə ilahiyyatçı bir ailədə böyümüş, hətta dövlət orta məktəbində deyil, dövrün şeyxlərindən və din xadimlərindən təhsil almışdı. Müasir ərəbcə ilə yanaşı 7-ci, 8-ci əsrlərin ərəb dilini də mükəmməl bilirdi, uzun illər müxtəlif şəhərlərdə müfti vəzifəsində çalışmışdı. Apardığı araşdırmalar nəticəsində Qurandakı bəzi rəvayətlərin Şumer əfsanələrindən gəldiyi qənaətinə varmış və öz vəzifəsindən istefa verərək yazarlığa başlamış, həyatını müxtəlif qəzetlərdə radikal islamçılara qarşı məqalələr yazmağa həsr etmişdi.

İranın ideoloji mübarizəsinə qarşı dirəniş ortaya qoyan Türk ziyalıların bu fəaliyyətləri, sözsüz ki, islamçı çevrələri polemikalarda çətin duruma salır və onları eynilə Xaşxaşilərin acizlikdən doğan mübarizə metodlarına əl atmağa vadar edirdi. Türk intellektuallarının bu əzmli ideoloji savaşını dayandırılmaq üçün ilk fitva da İran İslam İnqilabı Keşikçilərinin Qüds batalyonuna bağlı qrupların hazırlayıb yaydığı “Namus düşmənləri” siyahısı ilə gəlmişdi. Siyahıda Türkiyənin 90 elm xadimi və mütəfəkkirinin adı vardı və yuxarıda haqqında bəhs etdiyimiz insanlar da onların arasında idilər.

“Namus düşmənləri” siyahısına salınanlar arasında ilk qurban Muammer Aksoy oldu. 1990-cı ilin 31 yanvar tarixində evinə qayıdarkən pilləkəndə tapança atəşi ilə vurularaq öldürülən Muammer Aksoy 73 yaşında idi. Fahriye Üçokla birlikdə Atatürkçü Düşüncə Dərnəyini qurmuş və radikal islamçılara qarşı aktiv mübarizəsilə tanınırdı.

Muammer Aksoyun qətlindən 2 ay sonra “Hürriyet” qəzetinin redaktoru Çətin Emeç öldürüldü. Onun da ölümündə islamçı qruplardan şübhələnilirdi. Qətldən bir neçə gün əvvəl Çətin Emeçin evinə zəng edib çox önəmli xəbər vermək istəyən qadını danışdıran polis orqanları ölüm sifarişinin Türkiyədə yaşayan suriyalı bir iş adamından gəldiyini müəyyənləşdirdi. Qadının ifadəsinə görə, xadimə işlədiyi ofisdə suriyalı sahibkar Çətin Emeçi qəsd edərək “öldürün o jurnalisti” fitvasını vermişdi. Çətin Emeç də öz yazılarında radikal islamçıları hədəf alır və buna görə dəfələrlə təhdid olunmuşdu.

1990-cı ildə Türkiyədə 3-cü şokedici qətl hadisəsi 4 sentyabrda, yəni Çətin Emeç sui-qəsdindən 6 ay sonra törədildi. Terrorçuların budəfəki hədəfi Turan Dursun idi. Uzun illər müftü işlədikdən sonra apardığı araşdırmalar nəticəsində öz fikrini dəyişən və yazılarında İslami ehkamları tənqid atəşinə tutan Turan Dursunun öldürülməsi İran mediası tərəfindən sevinclə cəmiyyətə çatdırılır, Türkiyədəki şəriət tərəfdarları da bayram edirdilər. Ən maraqlı hadisə isə öldürüldükdən sonra taziyə ziyarəti üçün evinə gələn bəzi “qonaq”ların onun yatağının üzərinə “Müqəddəs Terror – Hizbullah” adlı kitab buraxması idi. Yaxınları kitabın ona məxsus olmadığını bildirməsindən sonra Türkiyə ictimai rəyi bunun bir mesaj olduğu və qətlin Hizbullah tərəfindən törədildiyi qənaətinə gəldi. Uzun illər davam edən istintaqın nəticələri də bu qənaəti təsdiqlədi.

Həmin il terrorun 4-cü intellektual qurbanı ilahiyyatçı alim Bahriye Üçok oldu. Bahriye xanım evinə göndərilən kitab paketini açarkən içərisinə yerləşdirilmiş bombanın partlaması nəticəsində qollarını və bir ayağını itirərək, əməliyyata belə çatdırılmadan 71 yaşında dünyasını dəyişdi. O da şəriətçilərlə ideoloji savaşda dilə gətirdiyi fikirləri dolayısıyla təhdid olunurdu. 1988-ci ildə Türkiyə telekanallarının birində etdiyi çıxışında İslam dinində orucun və hicabın vacib əməl sayılmadığını bildirərək ən ciddi təhdidləri üzərinə çəkmiş və ağır ittihamlara, təhqirlərə məruz qalmışdı. Buna baxmayaraq, öz mövqeyindən geri çəkilməyən Bahriye Üçok “Yalançı peyğəmbərlər”, “İslamdan dönənlər” və “İslam dövlətlərində qadın hökmdarlar” adlı 3 kitab yazmış və öz ətrafında çaxan şimşəklərin şiddətini artırmışdı. Bahriye Üçokun öldürülməsini də Muammer Aksoyu qətl edən təşkilat – İslami Hərəkat üstlənmişdi.

Üzərindən 3 il keçdikdən sonra Türkiyəni dərindən sarsan 5-ci böyük sui-qəsd hadisəsi törədilir. Budəfəki hədəf isə Türkiyənin ən ünlü jurnalisti Uğur Mumcu olur. 1993-cü ilin 24 yanvar tarixində maşınına yerləşdirilmiş bombanın partlaması nəticəsində həyatını itirən Uğur Mumcunun hansı güclər tərəfindən qətlə yetirildiyi hələ də müəmma olaraq qalır. Türkiyənin rəsmi orqanları qətldə açıq şəkildə İran İslam Keşikçiləri Korpusuna bağlı qüvvələri günahlandırsa da, mərhumun qardaşı Ceyhan Mumcu ABŞ-dan və İsraildən şübhələnir.

Ceyhanın bildirdiyinə görə, qətldən əvvəl PKK-MOSSAD-ABŞ əlaqələrini araşdıran və bu barədə kitab yazan jurnalist Təl-əvivin sərt reaksiyası ilə qarşılaşmış, hətta ölümündən 1 həftə əvvəl İsrailin Türkiyədəki səfirinin israrlı istəyi ilə onunla təkbətək görüşmüşdü. Görüşdə tərəflərin nə barədə söhbətləşdikləri məlum olmasa da, bir-birindən narazı ayrıldıqları məlumdur. Qardaşının ehtimallarına görə, Uğur Mumcu İsrailin kürd separatizmilə əlaqəsini deşifrə etdiyi və bu işi davam etdirmək əzmində olduğu üçün sui-qəsdə qurban getmişdi.

Qəribədir ki, qardaşının bütün israrlı iddialarına rəğmən, üzərindən 18 il sonra keçirilən “Ümid” əməliyyatı nəticəsində İrana bağlı terrorçu dəstəni tamamən çökdürdüyünü iddia edən Türk polisi qrupun törətdiyi cinayətlər sırasına Mumcu sui-qəsdini də salmışdır. Türkiyə Əmniyyət Müdirliyinin rəsmi açıqlamasında bu barədə deyilir: “Həyata keçirilən kəşfiyyat və əməliyyatlar faəliyyət nəticəsində, sui-qəsdləri həyata keçirən terrorçular bu əməliyyatları bəzi iranlı şəxslərlə birbaşa əlaqəli şəkildə həyata keçirdikləri və onların İran xəfiyə servisi Savama və İran İnqilab Keşikçilərinə bağlı Qüds ordusunun üzvləri olduğu anlaşılmışdır. Bu əsasda əvvəlki illərdə İran vətəndaşlarının ölkəmizdən qaçırılması və öldürülməsinin Savama üzvləri tərəfindən, jurnalist-yazıçı Uğur Mumcu və digər böyük sui-qəsdlərin isə daha çox Qüds ordusuna mənsub şəxslərin plan və iştirakı ilə həyata keçirildiyi təsbit olunmuşdur”. Törədilən cinayətlərdə bu qədər açıq şəkildə ittiham olunmasına baxmayaraq, İran bu iddialara indiyədək heç bir cavab verməmişdir.

Ceyhan Mumcu iddialarını onunla əsaslandırır ki, qardaşı öldürüldüyü ərəfədə İranın maraqlarına toxunan hər hansı yazı qələmə almamışdı. Dolayısıyla jurnalistin qətlinin İran tərəfindən sifariş verilməsi inandırıcı görünmür. Halbuki, bu cür teror hadisələrin yeganə məqsədi sirr daşıyıcılarını aradan qaldırmaq olmaya bilər. Bəzən terror hadisələri düşmən kimi qəbul edilən iki müttəfiqin arasını vurmaq məqsədi güdür ki, İran üçün həm Türkiyə, həm də İsrail Yaxın Şərqə yayılma strategiyası qarşısında dayanan ən ciddi əngəllər idi. Bu mənada onlar arasında ciddi insidentlərə yol açmaq İranın maraqlarına tamamilə uyğun ola bilərdi. Hadisəyə bu məntiqlə yanaşanda Türk kəşfiyyat və polis orqanlarının iddialarına inanmamaq üçün yetərli əsas yoxdur. Hər halda rəsmi açıqlamalar yüz ölçülüb bir biçildikdən, cinayətlərin əsl səbəbi tamamilə aydınlaşdırıldıqdan sonra verilir və Türkiyənin bu xüsusları nəzərə alacaq qədər ciddi dövlət olduğu şübhə doğurmur.

Türkiyənin 2001-ci ildə həyata keçirdiyi “Ümid” əməliiyatı zamanı bu ölkədəki İrana bağlı Hizbullah qruplaşmasının 100-lərlə insanı qətlə yetirib kirayə tutduqları evlərdə basdırdıqları sübut olunmuşdur. Təxminlərə görə, Türk Hizbullahının qətlə yetirdiyi “düşmən” sayı 700-dən çox olmuşdur. Gələcək yazılarımızda bu məsələ üzərində ətraflı dayanacağıq.

Hələlik isə haqqında bəhs etdiyimiz rəsmi açıqlamada bir məqama diqqət çəkmək istəyirik. Türkiyə Əmniyyət Müdirliyinin məlum rəsmi açıqlamasında qeyd olunur ki, İranın terror siyasəti iki əsas istiqamətdə aparılır. Bunlardan biri xarici “düşmən”ləri zərərsizləşdirməkdir ki, bunu SEPAH-ın Qüds batalyonuna mənsub qüvvələr həyata keçirilir. Digəri isə İran əsilli asiləri cəzalandırmaqdır ki, bununla da Savama adlı İran kəşfiyyat orqanı məşğul olur. Beynəlxalq təşkilatların rəsmi statistikalarına görə, təkcə 2013-cü ilin iyulundan 2014-cü ilin iyununa qədər bir il ərzində İranda edam olunan “asi”lərin sayı 850 nəfəri keçmişdir. Nəzərə alsaq ki, 1997-cü ildə reformist kimi tanınan Məhəmməd Xatəmi prezident seçildikdən sonra terrorizmə qarşı mübarizəni sürətləndirmiş və sui-qəsdlərin, edamların sayı xeyli azalmışdır, bu tarixdən əvvəl dəfələrlə çox insanın müxtəlif bəhanlərlə öldürüldüyü aydınlaşılır. Ən acınacaqlısı odur ki, qətl hadisələrində qurbanın yaşına əhəmiyyət verilmir, bir çox hallarda hətta həddi-büluğa çatmamışlar belə edam edilmişlər. Hesabatlara görə, 2014-cü ildə qətlinə fərman verilənlərin ən azı 8-i 18 yaşını tamamlamamış yeniyetmələr olmuşdur.

Heydər Oğuz

Ovqat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.