“Həpisi Qrant Dink” olanlardan bir türkmən belə, çıxmadı - TÜRKMƏN QƏTLİAMI
14-12-2015, 17:39
Rusiya Bayırbucaq türkmənlərini bombalayır. Qurudan Bəşər Əsədin qoşunları, havadan isə rus təyyarələri zavallı türkmənləri qətlə yetirirlər. Və bu, əsl soyqırımdır.
Əslində, türkmənlərin bombalanması Rusiyanın “Suriya bataqlığı”na girməsindən üzübəri demək olar ki, hər gün davam edir. Ancaq son günlər bu bombalanma prosesi daha da intensivləşdirilib.
Belə anlaşılır ki, Rusiya Türkiyənin vurduğu rus qırıcısının intiqamını məhz türkmənləri qətlə yetirməklə alır. Bütün dünyanı qorxu içərisində saxlayan İŞİD terror qruplaşmasını bir kənara buraxıb, onsuz da zillət içərisində yaşamağa məhkum olan türkmənlər öldürülürlər. Bombalanan türkmən alaçıqlarında azyaşlı uşaqlar, qocalar və qadınlar qəddarcasına qətlə yetirilirlər.
“Ədalətli dünya” isə “müdrik”cəsinə susur. Çünki rus bombaları altında yanıb, külə dönən, parça-tikə olan türkmənlərdir, yəni türklərdir. Halbuki başqa bir millətin başına bir bomba atılsaydı, indi bütün dünya “toz-duman” olardı.
Ancaq TÜRKMƏN FACİƏSİnə susan yalnız dünya deyil. Elə Türk dünyası da yetərli reaksiya verə bilmir. Hətta Türkiyə cəmiyyətinin reaksiyası da təqdirəlayiq səviyyədə deyil.
Halbuki vaxtilə “Gəzi parkı”nda qırılan bir neçə ağaca görə az qala bütün Türkiyə ayağa qalxmışdı. İndisə minlərlə türkmən rus bombalarının altında qırılırlar, ancaq səsini çıxaran, “Gəzi olayları”nda olduğu kimi günlərlə gəzintiyə çıxıb, etiraz edən yoxdur. Və bu duruma heyrətlənməmək mümkün deyil.
Belə anlaşılır ki, Ərdoğan hakimiyyətinin “Gəzi olayları” ilə bağlı verdiyi bəyanatlardakı iddialar doğruymuş. Həmin iddialarda vurğulanırdı ki, “Gəzi olayları” ölkə xaricində planlanıb, daxildəki uzantılar vasitəsi ilə idarə olunub, reallaşdırılıb.
Hələ Qrant Dink cinayətini xatırlayırsınızmı? Onminlərlə Türkiyə vətəndaşı küçələrə tökülüb, birağızdan “Həpimiz Qrant Dinkiz” deyə hayqırırdılar. Əlbəttə, milliyyətindən asılı olmayaraq, istənilən şəxsin qətli yolverilməzdir, belə cinayət hadisələrinə qarşı cəmiyyətin sərt reaksiyası təqdirəlayiqdir.
Sadəcə, məyusluq və heyrət doğuran məqam odur ki, Türkiyə cəmiyyəti rus bombalarının qətlə yetirdiyi yüzlərlə türkmən uşağının, qadınının, ixtiyar qocasının həyatına bir Qrant Dinkin ölümü qədər dəyər vermədi. Yəni onminlərlə “Həpisi Qrant Dink olanlar”dan heç olmasa, cəmisi bir neçə nəfər də olsa, türkmən olmaq istəmədi.
Əksinə, TÜRKMƏN QƏTLİAMInı görməzdən gələn bəziləri Ərdoğan hakimiyyətini Suriyanın daxili işlərinə qarışmaqda suçlayırlar. Və bunun da adına siyasət deyirlər. Buna siyasət deyənlər heç olmasa, 3-5 rusun yaşadığı yerlərdə “həmvətənlərimizin hüquqları pozulur” hay-küyü ilə referendum keçirib, həmin əraziləri özünə birləşdirən Rusiyanın davranışlarına da baxsınlar.
Bu bəziləri həmin kəslərdir ki, MİT-in silah-sursatla dolu TIR-larının qarşısını kəsib, “İŞİD-ə hərbi yardım göndərilir” deyə hay-küy salmışdılar. Sonradan məlum oldu ki, həmin silah-sursatla dolu TIR-lar İŞİD-ə deyil, məhz Bayırbucaq türkmənlərinə göndərilirmiş. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da etiraf edib.
İndi TÜRKMƏN QƏTLİAMIna görə həmin TIR-ların qarşısını kəsib, üzünü geri çevirənlər də vicdan əzabı çəkməlidirlər. Çünki həmin silah yardımları ünvanına çatsaydı və davamlı olsaydı, bölgədəki kürdlər kimi, türkmənlər də öz qətlə yetirilən uşaqlarını, qadınlarını və qocalarını daha yaxşı müdafiə edə bilərdilər. Hər halda, türkmənlərin Bayırbucağı indikindən daha yaxşı qorunardı.
Beləliklə, Rusiyanın törətdiyi qətliama məruz qalan türkmənlər sözün əsl mənasında müdafiəsiz qalıb. Suriyada terrorizmə qarşı mübarizə apardığını iddia edən Rusiya silahsız türkmənləri bombalayır, günahsız bir millətə qarşı soyqırım törədir. “Ədalətli dünya”nın aparıcı dövlətləri isə türkmənlərin ah-naləsinə qulaqlarını və gözlərini qapadıb sussalar da, haqdan, ədalətdən və hüquqdan danışmaqda hələ də davam edirlər.\\musavat.com\\