İraq Türkmən Cəbhəsindən millət vəkili: - "Türkmən torpaqlarının 40 faizi İŞİD-in əlindədir"
17-12-2015, 15:37
"İraqda türkmən torpaqlarının 40 faizi İŞİD terrorçularını əlindədir". Bu eksklüziv açıqlamanı APA TV-yə İraq Türkmən Cəbhəsi Ərbil millət vəkili Aydın Marif Səlim verib.
Millət vəkili Mosul və ətraf bölgələrin, Telaferin, Kərkükün cənubunun, Bəşirli və Bayat kəndlərinin İŞİD-in nəzarətində olduğunu deyib:
"Telafer türkmənlərin ən önəmli mərkəzidir. Əhalisi 300 min nəfərə yaxındır. İraqın ən böyük rayonudur (ilçəsidir). Buranın əhalisi türkmənlər olduğu üçün vilayət statusu verilmədi. Ətraf ərazilərlə birlikdə yarım milyon əhalisi var. Telafer mərkəzi, Mosulun ətrafında bir çox yerlər İŞİD-in nəzarətindədir. Bu bölgələrdə yaşayan türkmənlərin 90 faizi köçə məruz qalıblar".
Aydın Maruf İraq türkmənlərinin 80 faizinin mərkəzi hakimiyyətin tabeliyində olan ərazilərdə yaşadığını deyib:
"Türkmənlərin cəmi 20 faizi İraq Kürdüstanı bölgəsində, Ərbilin tabeçiliyində olan ərazidə yaşayır. Qalan hissə isə İraq mərkəzi hökumətinin ərazisində məskunlaşıb. Türkmənlərin siyasi varlığına önəm verilmir. Biz bu bölgədə qardaşcasına yaşamaq istəyirik. Bütün etnik qruplar bir yerdə olmaq istəyirik. Bu torpaqda yaşayan bütün etnik qruplar qardaşdır. Qardaşlıq içində mücadilə etmək lazımdır. Burada bir şərt var - hərbi gücün olmazsa, siyasi gücün olmaz. Bu, İraqda çox önəmli nöqtədir. Türkmənlər də özlərini qorumaq üçün özəl hərbi gücə sahib olmalıdır. Bunu biz İraq hökumətinə bildirdik. Ancaq indiyə kimi bir qənaətbəxş cavab ala bilməmişik. Bu bölgədə hər kəs bunu bilir ki, hərbi gücə sahib olmayan toplum məhvə məhkumdur".
Millət vəkili türkmənlərin yalnız Tuzhurmatıda silahlı birləşmlərinin olduğunu deyib:
"Sadəcə Tuzhurmatıda silahlı birləşmə var - "Heşdi Şabi". Biz məzhəb üzərindən hərbi güc istəmirik. Bu bizə çox çətindir. Çünki İraqda sünni-şiə davası, məzhəb davası gedir. Məzhəb çəkişməsi bizə ziyan verir, işlərimizi heç edir. Biz türkmənlər üçün milli güc istəyirik. Milli olmaq bütün məzhəblərdən yaxşıdır".
Aydın Maruf türkmənlərin birləşərək milli güc kimi meydana çıxmasına rəsmi Bağdadın mane olduğunu deyib:
"İraq hökuməti mane olur. Çünki türkmənlərin 70-80 faizi İraq hökumətinin nəzarətində olan ərazilərdə yaşayırlar. Çəkişmələr, qarşıdurma İraq hökumətinin ərazisində gedir. Buna İraq hökuməti cavabdehdir. Ancaq başqa etnik qruplar var İraqda. Onlara daha güclüdür. Onlar türkmən varlığını məhv etməyə çalışırlar. Bizə əngəl olurlar. Burada ərəb və kürdlər türkmənlərin milli gücünün olmasını qəbul etmirlər".
Ərbil millət vəkili bildirib ki, hazırda bütün Türkmənelində yaşayan türkmənlərin vəziyyəti çox ağırdır. O, İraqda türkmən silahlılarının sayının çox olmadığını əlavə edib.