Liviyadakı Koroğlu dərnəyinin başqanı: "Ölkənin gələcəyində 1,4 milyon Türk söz sahibi olacaq” - MÜSAHİBƏ
19-12-2015, 21:35
Liviyanın Misrata şəhərində fəaliyyət göstərən Koroğlu dərnəyinin başqanı, professor Zəkəriyya Süleyman Zubinin APA-ya müsahibəsi
- Ərəb ölkəsində qurulan dərnəyə “Koroğlu” adı vermək hardan ağlınıza gəldi?
- Türk xalqlarının müştərək adı olub zülmə və ədalətisizliyə qarşı mübarizənin simvoludur. Biz Türk mənşəliyik, babalarımız 1912-ci ildə Anadoludan Liviyaya savaşa gedərək orada qalıblar. Mənim babam Konyadan, bu dostumun babası isə Əskişəhərdən Liviyaya gediblər. Əslində Anadoludan Türk qövmlərinin Liviyaya yerləşməsi Qanuni Sultan Süleymanın vaxtında başlayıb. O vaxtdan başlamış miqrasiya prosesi nəticəsində hazırda Liviyada özünü Türk sayan 1,4 milyon insan var. Biz özümüzü “Koroğlu” icması adlandırırıq, orada da bizi Koroğlular kimi tanıyırlar.
- Qəzzafi Türk milliyyətçilyinə qarşı idi ,bəs “Koroğlu” adı onu narahat etmirdimi?
- Əlbəttə ki, edirdi. Dövlətin yüksək təbəqəsində çalışan bəzi adamlar Qəzzafiyə deyirdilər ki, Koroğlu icmasının adamlarını yaxına buraxmasın, bizə məsul vəzifələr verməsin. Qəzzafi də onları eşidirdi.
- Liviyanın yeni dönəmində siz nəyə nail olmusunuz, dövlət idarəçiliyində hansı funksiyalarınız var?
- İndi Liviyanın 80%-nə nəzarət edilə bilir, 20% isə fərqli bir qüvvənin nəzarəti altındadır. Mən elm adamıyam, əsas məqsədim Liviyadakı 1,4 milyon türk mənşəli insanın bir-birinə daha sıx sarılmasıdır. Xüsusilə Fransanın dəstəyi ilə müxtəlif qüvvələr Liviyanı parçalayıb Sudanın vəziyyətinə salmaq istəyir, biz, ilk növbədə, buna imkan verməməliyik. Yeni dönəmdə də biz dövlət idarəçiliyində aktivlik göstərməyə meyl etməmişik, ancaq bunun vaxtı mütləq gələcək və biz də dövlət idarəçiliyində səlahiyyətlər alaraq, onu məsuliyyətlə yerinə yetirəcəyik.
- Liviyada savaş başlayarkən Türkiyə açıq şəkildə müxalif qüvvələrə hər cür dəstəyi verdi. Baş nazirin iqtisadiyyata cavabdeh o vaxtkı müavini Əli Babacan demişdi ki, 1 milyard 100 milyon dollar pulu xəzinədən çıxartdırıb çamadanlarda Liviyadakı müxalif qruplara göndərib. Sizə də o maddi dəstəkdən pay çatdımı?
- Türkiyənin Liviyaya göstərdiyi maddi yardımdan xəbərim yoxdur, ona görə o yardımdan bizə də pay çatmasından söhbət gedə bilməz. 2011-ci ildə Ərdoğan və Davudoğlu Liviyaya gəldilər, biz də onlarla əlaqə yaratdıq. Ölkənin gələcəyində söz sahibi ola bilməyimiz üçün təşkilatlanmağımızı istədilər. O vaxt Koroğlu dərnəyini qurmaq üçün çalışmağa başladıq, dərnəyimiz rəsmi şəkildə 2014-cü ildə quruldu. Ölkəmizin o vaxtkı idarəçiləriylə anlaşmazlığa görə, baş nazir Ərdoğan 2013-də Misaritaya gəlməkdən vaz keçdi. Liviyada hamı bizi Koroğlular kimi tanıyır. Biz bu işlərdən maddi qazanc əldə etmir və o barədə düşünmürük. Ölkəmiz hazırda ağır bir dönəmdən keçir. Təsəvvür edin ki, bir bölgəmizdə Qəzzafinin oğlunun böyük nüfuzu var. Biz, hər şeydən əvvəl, ölkəmizin parçalanmasının qarşısını almalıyıq. Türkiyənin TİKA, İHH kimi təşkilatlarının bizə köməyi yaralılarımızı Türkiyəyə gətirib müalicə etdirməsidir.
- Bəs indi Türkiyədə kimlərlə görüşürsünüz, nəyə nail olmağa çalışırsınız?
- Türkiyəyə gəlişimizin əsas məqsədi - Koroğlu dərnəyini burada tanıtmaq, Türk QHT-ləriylə yaxın əlaqələr yaratmaqdır. Bunun üçün xeyli görüş keçirmişik, yenə keçirəcəyik.
- Bəs dövlətlə münasibətiniz? Sizinlə görüşüb məsələlərinizlə maraqlanan yoxdurmu?
- Biz yaralılarımızın ölkədən vaxt itirmədən çıxarılmasının və Türkiyəyə gətirilərək burada müalicə edilməsinin sistemli vəziyyətə salınmasına çalışırıq. Buna imkan yaratmalarını Türkiyədən xahiş edirik. Digər tərəfdən, Türkiyə bizə qarşı viza rejimi tətbiq edir. Təsəvvür edin ki, Qəzzafi zamanında viza rejimi yox idi, indi isə bizdən viza tələb edirlər. Bunun səhv addım olduğunu düşünürük. Xüsusilə, Liviyanın Koroğlu icması o qərarın ləğv edilərək Türkiyəyə vizasız gəlinməsini tələb edir. Bu iki məsələnin bir an əvvəl yoluna qoyulması ən böyük arzumuzdur.
- Koroğlu Azərbaycanın da dastan qəhrəmanıdır. Fəaliyyətinizdə Azərbaycanla əlaqə yarada bilmisinizmi?
- Azərbaycan barədə məlumatlarımız var. İstanbulda Azərbaycandan olan bir televiziya jurnalistiylə görüşdük. Bizim barəmizdə material hazırlayacağını dedi. Türkiyədə işlərimizi sahmana salandan sonra yaxşı əlaqələr yaratmaq üçün Azərbaycana getməyi düşünürük. İndi biz Türk mətbuatının da bizim cəmiyyətə yaxşı tanıdılması işində fəal rol oynamasını istəyir, bununla bağlı lazımi görüşlər keçiririk. Bizim barəmizdə yazmağı sizdən də xahiş edirik.