Özbəkistanın Baş nazirindən rus dilinə qadağa: “Bu insanların dilə hörmət hissi varmı?”

11-03-2020, 09:19           
Özbəkistanın Baş nazirindən rus dilinə qadağa: “Bu insanların dilə hörmət hissi varmı?”
Özbəkistanın Baş naziri Abdulla Aripov ölkədə mağazalar, iaşə və istehlakçı xidmətlərində reklamların rus dilində aparılmasını tənqid edib.

KONKRET.az–ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, martın 9-da Özbəkistan Nazirlər Kabinetində baş nazir Abdulla Aripovun sədrliyi ilə küçə və qəsəbələrin adlarının dəyişdirilməsi, lövhələrin, reklam və elanların dövlət dilində müzakirəsi ilə bağlı video konfrans keçirilib.

Yığıncaqda Baş nazir məntiqsiz adları, açıq reklamda pozuntuları və özbək dilinə laqeyd yanaşmanı tənqid edib.

“Hələ açılmamış bəzi mağazalar, yeməkxanalar və istehlak xidmətləri lövhələrində böyük hərflərlə rus dilində “Tezliklə açılır” və “Biz açdıq” yazırlar. Ən maraqlısı odur ki, rus dilində reklam yazmaq təkcə şəhər mərkəzlərində deyil, ucqar ərazilərdə də ənənəyə çevrilir. Dilimizdə reklam yazsanız, heç kim başa düşməz? Yoxsa heç kim bu mağazaya və ya yeməkxanaya getməyəcək? Bu insanların vətənpərvərlik hissi, dövlətə, dilə hörmət hissi varmı? … ” deyə A. Aripov qeyd edib.

Baş nazirin sözlərinə görə, Özbəkistanda əsas istehlakçıların özbək dilli əhali olduğunu nəzərə alsaq, başqa dildə reklam və elanların tətbiqinə son qoymaq lazımdır.

“Reklamda ilk növbədə dövlət dilinin prioritetliyini təmin etməliyik” deyib Aripov.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.