İstanbulda "Kalaşnikov"lu dəfn mərasimi - Polis əməliyyata başladı, həbslər var (Fotolar)
24-12-2015, 01:58
İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində öldürülən 2 PKK üzvünün dəfnində üzləri masqalı, əllərində silah olan şəxslər diqqət çəkib.
Avropa.info xəbər verir ki, Şirin Ötər və Yeliz Erbay adlı solçu terrorçu qadınların cənazələri Gazi qəbiristanlığına aparılıb.
Terrorçuların cənazəsi nümayişi ilə qəbiristanlığa aparılaraq torpağa verilib. Üzləri qırmızı parça ilə örtülü bir qrup isə əllərindəki "Kalaşnikov" avtomatları ilə qəbristanlığın yanında cənazələri qarşılayıblar.
Dəfnə qatılan PKK-nın siyasi qolu HDP həmsədri Figen Yüksekdağ terrorçuları müdafiə edən çıxışı ilə yadda qalıb.
"Yenə də bir dəfndəyik. Xalqımızla bir araya gəlmişik. Türkiyənin mənzərəsi budur . Türkiyədə yaxşı şeylər olmur" deyə HDP həmsədri bildirib.
Dəfn mərasimindən sonra İstanbul polisi dərhal əməliyyat keçirərək əlində silah tutub poz verən terrorçulara qarşı əməliyyat həyata keçirib. Polis vertolyotunun da havadan dəstək verdiyi əməliyyatda 6 nəfər həbs edilib.
Axtarışlar nəticəsində 2 ədəd kalaşnikof marka avtomatik silah, 4 şarjör, 60 güllə və masqalar ələ keçirilib.
Polisin kameralara düşən əli silahlı başqa şəxsləri də həbs etmək üçün əməliyyatı davam etdirdiyi bildirilir.