“Türk Şurası artıq dünya birliyi tərəfindən qəbul edilən bir struktura çevrilib” - Ramil Həsənov

28-12-2015, 12:05           
“Türk Şurası artıq dünya birliyi tərəfindən qəbul edilən bir struktura çevrilib” - Ramil Həsənov
Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın daimi üzv olduğu Türk Şurasının baş katibi Ramil Həsənovun APA-ya müsahibəsi

- Ötən ilin axırında sizinlə söhbətimizdə 2015-ci ilin çox hərəkətli keçəcəyini hiss etmişdik. Gözlədiyimizdən daha hərəkətli keçdi, səsiniz dünyanın çox fərqli yerlərindən gəldi. Öz dilinizdən Türk Şurasının 2015-ci ildəki fəaliyyətinin dəyərləndirməsini eşidək.

- 2015-ci ilə uğurla girdiyimiz kimi, ili eyni şəkildə uğurla başa çatdırırıq. Ən önəmli uğurumuz sentyabrda dövlət başçılarının Astanada keçirilən zirvə toplantısı oldu. İqtisadi sahədən siyasi əməkdaşlığa qədər, beynəlxalq arenada öz sözümüzü deyə bildik. Türk Şurası artıq dünya birliyi tərəfindən qəbul edilən sayğılı bir struktura çevrilib. İndi BMT-nin Baş Assambleyasında Türk Şurası ən uğurlu şəkildə təmsil edilir. Bu gün Türk Şurası Türkiyənin, Azərbaycanın, Qazaxıstanın və Qırğızıstanın milli mənafelərinə uyğun olan məsələlərin həllində birgə hərəkət etmə missiyasını yerli-yerinə oturtmuş bir qurumdur. Bu da onu göstərir ki, biz sistemimizin böyük əksəriyyətini qurub baş çatdıra bilmişik. Elə ona görə də biz bu gün sadəcə üzv ölkələrlə işləmirik, Türkmənistan, Macarıstan, Tacikistan, Gürcüstan və eyni zamanda, Avropa Birliyi kimi bizə üzv olmayan ölkələr və beynəlxalq qurumlarla əməkdaşlıq edirik. Bu il Türk Şurası xarici işlər nazirlərinin iki toplantısını keçirib. Bunun birincisi rəsmi zirvə çərçivəsində olan toplantı idi. Bilirsiniz ki, bizim tərkibimizə daxil olan və son zirvə toplantısında rəsmi şəkildə təsdiqlənən başqa qurumlar da var. Paytaxtı Bakı olan türk dövlətləri arasındakı Miras Fondu.

- Azərbaycanın təşəbbüsü ilə yaradılıb.

- Bəli, Azərbaycan prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsüylə formalaşdırılıb. Artıq o fondun hüquqi sənədləri Türk Şurasının lazımi qurumlarında təsdiq edildi, fondun prezidenti də seçildi. Astanadakı zirvədə Beynəlxalq Türk Akademiyasının fəaliyyətini tənzimləyən yekun sənədləri də təsdiqləndi və akademiya öz işlərini genişləndirərək davam etməkdədir. İndi onun qarşısındakı əngəllər aradan qaldırılıb, maliyyə və təşkilati problemləri də son zirvə toplantımızda həll etdik. 50 nəfərdən ibarət Beynəlxalq Türk Akademiyası da 2016-cı ilə öz infrastrukturunu gücləndirərək girəcək. Bu gün Türk Şurası üzv ölkələrin xarici işlər nazirlikləri arasında, bir növ, körpü rolunu oynayır. Hal-hazırda qarşımızda duran əsas məsələlər arasında 2017-ci ildə Astanada keçiriləcək “Expo 2016” beynəlxalq yarmarkası, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçilməsi üçün lobbiçilik işləri...

- Bu işləri siz həyata keçirirsiniz?

- Bəli, bu işlərin təbliğatını və lobbiçilik fəaliyyətini biz koordinasiya edirik. BMT-yə üzv olan ölkələrin oradakı daimi təmsilçiləriylə, səfirlərlə yaxın əlaqələr yaradıb Türk Şurasına üzv ölkələrdən birinin qarşıya qoyduğu məqsədə çatmasına dəstək veririk. Sentyabrdakı zirvə toplantısında Türk Şurasının sədrliyi Türkiyə prezidentindən Qazaxıstan prezidenti Nursultan Nazarbayevə keçdi. Bizim BMT-dəki əməkdaşlığımız çox gözəl bir örnəkdir, çünki BMT-də müşahidəçi üzv statusu almaq üçün 3 ildən bəri lazımi addımları atırıq. Meydana çıxmış həmrəyliyimiz BMT Baş Assambleyasının 6-cı komitəsində uğur əldə etməyimizə səbəb oldu. BMT-yə müşahidəçi üzv statusumuzun gələn il öz təsdiqini tapacağına inanıram. May ayında ilk dəfə Nyu-Yorkdakı Türk Yürüşündə Türk Şurasının bayrağını dalğalandırdıq ki, bu da bizim üçün tarixi bir iş oldu. Bu, Türk Şurasının istər ABŞ-da, istərsə də beynəlxalq arenada qəbul görməsi üçün müdhiş bir imkan idi. Türk Yürüşündə iştirak etməklə 4 ölkənin qardaşlığının konkret örnəyini ortaya qoyduq. Üzv ölkələrin diaspora fəaliyyətinin koordinasiya edilməsi də bu ilki fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edib.

- İşə başlar-başlamaz bu məsələni ön plana çəkdiyinizi bilirik...

- Bəli. İndi üzv ölkələrlə bağlı hər hansı problem yarananda diaspora təşkilatlarımız müştərək bəyanatlar verirlər. Diaspora təşkilatlarımız öz həmrəyliklərini formalaşdıra bildilər. Biz sadəcə, onların arasındakı fəaliyyəti koordinasiya edirik. Ukraynada bunun ən gözəl örnəklərini gördük. Biz Türk Şurası olaraq may ayında ilk dəfə ABŞ-dakı Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diaspora təşkilatlarının görüşünü keçirməyə nail olduq. Yaxın illərdə Türk Şurasına üzv olan ölkələrin diaspora təşkilatlarının müştərək koordinasiya mərkəzini ABŞ-da aça biləcəyimizə inanıram. Hazırda bununla bağlı iş aparılır. BMT ilə yaxın əməkdaşlığımız nəticəsində oranın ən böyük qurumlarından olan BMT İnkişaf Proqramı (UNDP) ilə oktyabrda İstanbulda 15 ölkədən 150 nəfərin iştirakıyla “Davamlı inkişaf üçün informasiya texnologiyalarının rolu” mövzusunda toplantı keçirdik. O toplantımız Türk Şurasının iqtisadi islahatlara və əməkdaşlıqlara, sabitlik və əmin-amanlıq şəraitində partnyorluğa açıq olduğunu ən gözəl şəkildə ortaya qoydu. Biz həmin toplantıda müxtəlif mənşəli fobiyalara qarşı mübarizə apardığımızı da göstərdik. Çünki dəvət etdiyimiz ölkələr arasında həm müsəlman, həm xristian ölkələri vardı. Türk Şurası bölgədə və dünyada sülhün və əmin- amanlığın bərqərar olması və ölkələrin rifah səviyyəsinin yüksəldilməsi üçün əlindən gələni etməyə hazır olan dövlətlərin birliyidir, biz fəaliyyətimizlə daim bunu sübut edirik. Biz dini tolerantlılıq, dözümlülük, terrorizm əleyhinə birgə mübarizə, insanların irqinə, cinsinə, millətinə görə təqib edilməməsi və ksenofobiyanın aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazır olan təşkilatıq. Üzv ölkələrimizdə və bölgədə informasiya texnologiyalarının daha geniş yayılmasına çalışırıq. Bu çalışmalarımız nəticəsində BMT-nin geniş əhatəli Cənub-Cənub əməkdaşlıq layihəsindən bizə dəvət gəldi ki, sizi bu layihənin üzv ölkələrdə və bölgədə həyata keçirilməsində görmək istəyirik. Biz məmnuniyyətlə bu prosesə daxil olmuşuq, bunu da ilk dəfə sizə açıqlayıram. Gələn il bu layihələrdə aktiv şəkildə yer alacağıq. Biz sadəcə, öz bölgəmizdə deyil, başqa bölgələrdə də beynəlxalq səviyyəli proqramların həyata keçirilməsində fəal iştirak edirik. Dövlət başçılarının son zirvəsində beynəlxalq türk xəbər kanalının yaranmasıyla bağlı qərar qəbul edildi ki, bu da bizim üçün çox mühüm bir məsələdir. İlk dəfə Türk Şurası çərçivəsində rəsmi xəbər agentlikləri arasında əməkdaşlığın yaradılması barədə qərar qəbul edilib. Əməkdaşlıq protokolu Astanada imzalandı. Ölkələrimiz arasındakı informasiya mübadiləsinin inkişaf etdirilməsi üçün mənim cənab Nursultan Nazarbayevlə rəsmi görüşüm oldu, bununla bağlı cənab prezidentimizə də rəsmi məruzə etdim. Türk Şurasının baş katibi kimi Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və Qırğızıstan prezidenti cənab Almazbek Atambayevə də bu məsələ barədə ayrıca məruzəm olub. Prezidentlər bu layihənin həyata keçirilməsi üçün dəstək verəcəklərini açıq şəkildə ifadə edəndən sonra son zirvə toplantımızda bu barədə müvafiq qərarlar da qəbul edildi. Kanalın maddi-texniki bazasının əksər hissəsi yaradılıb, müzakirə kanalın mərkəzinin hansı şəhərdə olması üzərində gedir. Şəxsi fikrim kimi bunu deyə bilərəm ki, kanalın İstanbulda fəaliyyət göstərməsini istəyirəm. Bu, “Euronews”a bənzər bir kanal olacaq. Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan türkcələrindən başqa, bölgədə fərqli dildə danışan insanların anlaması üçün rusca və əlbəttə ki, ingiliscə yayımları olacaq. Amma son qərarı mən yox, dövlət başçılarının Yüksək Şurası verəcək. Prosesi isə biz irəliyə aparırıq. Şəxsən mən İstanbulu düşünürəm, çünki sərbəst media sahəsində Türkiyənin təcrübəsi daha çoxdur. Hazırda əsas uğurumuz budur ki, dövlət başçıları bunu təsdiq ediblər. Əldə etdiyimiz başqa bir uğur isə Beynəlxalq Türk Şurası idman oyunları mərkəzinin yaradılmasıdır. Bilirsiniz ki, dünya miqyasındakı müxtəlif birliklərə daxil olan ölkələrin öz aralarında keçirdikləri idman yarışları var. Biz də düşünürük ki, niyə Türk Şurasına üzv olan ölkələrin futbol çempionatı olmasın, güləş çempionatı olmasın? Bununla bağlı Qırğızıstanın paytaxtı Bişkekdə mərkəz yaradırıq. Mərkəzin məqsədlərindən biri üzv ölkələr arasında idman sahəsindəki əməkdaşlığı inkişaf etdirmək və ortaq müsabiqələr təşkil etmək və bu gün artıq itməkdə olan qədim türk idman ənənələrini yaşatmaqdır. Məlumat üçün deyim ki, dövlət başçılarının növbəti zirvə toplantısı 2016-cı ilin sentyabrında Bişkekdə keçiriləcək və İİ Dünya Köçəri Oyunlarının açılış mərasimi də orada olacaq. Biz Köçəri Oyunlarını Türk Şurasıyla məhdudlaşdırmamışıq, 47 ölkədən idmançılar iştirak edəcək. Builki ən uğurlu işlərimizdən biri də 1,5 illik müzakirələrdən sonra BMT-nin Beynəlxalq Turizm Təşkilatı ilə imzaladığımız əməkdaşlıq sazişi olub. Biz BMT-nin Beynəlxalq Turizm Təşkilatında müşahidəçilik statusu qazandıq, üzv ölkələrdə turizmin inkişaf etdirilməsi üçün BMT-nin təşkilatı ilə əməkdaşlığımızı daha da gücləndirəcəyik. Hazırda dörd prezidentimizin də dəstək verdiyi konkret layihəmiz var: Türk Şurası İpək Yolu turizm paketi. Bu, ölkələrimizin turizm firmalarının hazırladığı və turizm nazirləri tərəfindən təsdiq edilmiş səyahət paketidir. Bu, mədəniyyət turizmidir, Türk Şurası ilk dəfə dörd ölkəni bu paket vasitəsiylə birləşdirdi. İndi əcnəbi turistlər 7 və ya 14 günlük paketləri alaraq İstanbuldan İssık-kula qədər mədəniyyət turizmində iştirak edə biləcəklər. Biz paketin ilk təqdimatını Londonda etmişik, mart ayında isə 256 milyon əhalisi olan İndoneziyada təqdimat keçirəcəyik. Yanvarda İspaniyada da təqdimat edəcəyik. Bu layihə vasitəsiylə biz ölkələrimiz arasındakı strateji əməkdaşlığı daha da gücləndirəcəyik. Ən gözəl nümunədir.

- Üzv ölkələrin idarəçiləri fəaliyyətinizi dəyərləndirərkən “artıq bu iş yoluna düşdü, Türk Şurası bizim təkbaşımıza görə bilməkdə çətinlik çəkdiyimiz işləri böyük ölçüdə görə bilir”, - deyə bilirlərmi?

- Sualınıza görə təşəkkür edirəm. Keçənilki müsahibəmdə də bunu demişdim: Türk Şurası dörd üzv ölkənin maraqlarını uzlaşdırmaq üçün güc və səlahiyyətlərindən maksimum dərəcədə istifadə edən bir qurumdur. Əlbəttə ki, hər ölkənin öz konkret maraqları var, amma bu, bizim birlikdə fəaliyyət göstərməyimizə mane olmur. Hər ölkənin xarici siyasətində özünəməxsus çalarlar mövcuddur. Məsələn, Türkiyə NATO-nun üzvüdür, AB-yə namizəddir. Azərbaycan Qoşulmayanlar Hərəkatının içindədir. Qazaxıstan və Qırğızıstan isə Avrasiya İqtisadi İttifaqının üzvüdür. Özünüz də görürsünüz ki, dörd ölkənin birgə fəaliyyətini koordinasiya etmək və istiqamətləndirmək böyük uğurdur. Biz qardaş dövlətlərimizin işimizə hər cür siyasi dəstəyi verən rəhbərləri olmasıyla fəxr edirik. Məhz bizim prezidentlərimizin cəsarəti və şəxsi dostluq münasibətləri Türk Şurasının işlərində tıxandığımız yerlərdə ölkə rəhbərlərinin dəstəyini alaraq mexanizmimizi daha güclü şəkildə hərəkət etdirməyə imkan yaradır. Bizim mexanizmimizin güclənməsi başqa ölkələrə qarşı yönəlmiş güclənmə deyil. Biz bölgədə sabitlik, əmin-amanlıq və rifaha dəstək verən təşkilatıq, başqa ölkələrin heç bir işinə qarışmırıq. Heç kimlə rəqabət aparmaq niyyətində olmadığmız kimi, o biri ölkələri və qurumları da bizimlə əməkdaşlığa dəvət edirik.

- Türk Şurası ilk gündən üzv ölkələr arasındakı infrastruktur çalışmalarına önəm verdi. Türkiyə ilə Rusiya arasında yaşanan son böhranda Azərbaycan öz dəniz nəqliyyatı yollarını Türkiyənin yük maşınlarına açdı. Bu sahədəki işlər hansı mərhələdədir, üzv ölkələri bir-birinə bağlayan dəmir, su və quru yolları nə vaxt istismara veriləcək?

- Biz bu işlərlə 2 ildən bəri çox ciddi şəkildə məşğul olmuşuq. Dəhliz layihəsi əvvəldən var idi, indi isə daha aktual şəkildə gündəmə gəldi. Yanvar ayında Türk Şurası çərçivəsində nəqliyyat nazirlərimizin görüşünün keçirilməsini planlaşdımışıq. Hörmətli nəqliyyat nazirimiz Binali Yıldırımın sahibliyində iclası Türkiyədə keçirəcəyik. Bu, bir iqtisadi layihə olduğun görə, Türkmənistan da bu işlərə maraq göstərir. Çünki nəqliyyat və daşıma koridorlarının bir hissəsi Xəzər dənizinin üstündən keçməlidir və hal-hazırda keçir. Yük maşınları və vaqonlar Azərbaycandan gəmilərlə Qazaxıstan və Türkmənistanın limanlarına aparılaraq İrana və Asiya ölkələrinə göndərilir. Bunlar rentabelli layihələrdir və bizim tərəfimizdən koordinasiya edilir. Burada Gürcüstanı da unutmamaq lazımdır, çünki tranzit daşımaçılığında çox önəmli rola malikdir. Ona görə bəzi layihələrimizə biz Gürcüstanı da dəvət edirik. Bunu xüsusi qeyd etmək istəyirəm: əgər gələcəkdə Rusiya özü və ya Avropa Birliyi bizimlə bu layihələrdə iştirak etmək istəsələr, biz bundan nəinki qaçacağıq, əksinə, onlarla daha yaxından əməkdaşlıq edəcəyik. Yəni biz əməkdaşlığa açığıq, yetər ki, bu əməkdaşlıq açıq və səmimi olsun.

- Yeni il ərəfəsində APA vasitəsilə türk dünyasına hansı mesajları vermək istərdiniz?

- Birincisi, mən APA ailəsinə ürəkdən təşəkkür edirəm ki, yarandığı gündən bəri Türk Şurasının fəaliyyətini aktiv, obyektiv və geniş şəkildə işıqlandırıb. Təkcə mən yox, Türk Şurasına üzv ölkələrin hər biri bundan çox böyük məmnuniyyət duymaqdadır. 2016-cı ildə hər bir vətəndaşımıza və Türk Şurasına üzv olan ölkələrdəki hər bir insana sülh arzu edirəm. Türk Şurası ailəsi olaraq bölgəmizdəki bütün konfliktlərin sülh yolu ilə həll edilməsini istəyirik. İnsanlar günahsız yerə ölməsinlər. Sülh və sabitliyin olduğu yerdə iqtisadi və sosial rifah var. Mən 2016-cı ildə konfliktlə qarşılaşmamağı və hər yerdə sülhə nail olunmasını diləyirəm. Sülh, əmin-amanlıq, iqtisadi rifah, insanların iqtisadi vəziyyətinin yaxşılaşması və əhval-ruhiyyəsinin düzəlməsi ən böyük arzumuzdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.