İran prezidentinin müşavirindən Azərbaycana qarşı sərsəm imperiya iddiası - "İlk növbədə Azərbaycanı geri qaytarmalıyıq"
3-01-2016, 01:18
İran prezidentinin müşaviri Əli Yunasi Azərbaycanın bu ölkənin təsir dairəsinə daxil etmək səyləri barədə danışıb.
Virtualaz.org CA-News portalına istinadla xəbər verir ki, Yunasi “İran: dövlətçilik, tarix və mədəniyyət” adlı forumda tələbələr qarşısında çıxışı zamanı İranın qədim imperiya qüdrətini özünə qaytardığını və ənənəvi olaraq onun təsir dairəsinə daxil olan ərazilərə döndüyünü bildirib. O, deyib ki, söhbət ilk növbədə Azərbaycan və Tacikistan kimi ölkələrdən, habelə bir sıra Yaxın Şərq ölkələrindən gedir.
Bu, İrandan son zamanlar Azərbaycana qarşı yönəlmiş ilk belə bəyanat deyil. Nardaran hadisələri zamanı İranın bir sıra din xadimləri rəsmi Bakını “şiələrin hüquqlarını pozmaqda” ittiham edirdi və onların arasında Azərbaycanı İranın qədim ərazisi hesab edənlər də var idi. Analitiklər qeyd edirlər ki, son zamanlar İran Yaxın Şərqdə şiəlik dini təriqəti vasitəsilə öz təsirini yaymaqda xeyli irəli gedə bilib.
Hazırda Yaxın Şərqdə tüğyan edən müharibələr də daha çox Səudiyyə Ərəbistanı ilə İran arasında regionda daha çox təsir imkanlarına malik olmaq uğrunda gedən mübarizənin təzahürü kimi dəyərləndirilir. İran Suriyada Bəşər Əsədin şiə rejimini fəal müdafiə edir, Yəməndə sünnü hakimiyyətinin devrilməsinə dəstək verib və Livanda “Hizbullah”ı gücləndirməklə daha geniş coğrafiyada öz mövqelərini möhkəmləndirməyə çalışır.