Türkiyə və Rusiya müharibə astanasında
29-01-2016, 16:57

Türkiyə və Rusiya Suriyada birbaşa qarşıdurmaya girə bilər.
Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” qəzeti yazıb.
Qəzet iki ölkənin Suriya sərhədində hərbi varlığını gücləndirdiyini qeyd edib:
“Türkiyə İŞİD-in nəzarətindəki Cerablusla (Suriya – red.) sərhədini minalardan təmizləməyə başlayıb. Bu, Ankaranın quru əməliyyatlarına hazırlaşdığını göstərir. Kreml isə YPG ilə yaxınlaşmağa başlayıb. Rusiya ötən həftə Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərində aviabaza tikmək üçün 200 əsgər göndərib. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenlə görüşü zamanı Rusiyanın buradakı hərbi varlığına qarşı səbrli davranmayacaqlarını bildirib. Şərq və Qərbdəki torpaqlarını birləşdirməyə və Türkiyənin Suriya sərhədlərinə nəzarət etməyə çalışan YPG Cerablusu ilk dəfə ötən ilin yazında hədəfinə çevirmişdi. Hazırda Rusiya belə bir bölgə yaratmaq üçün kürdlərə aktiv dəstək verir. Cerablus Rusiyanın Türkiyəyə təzyiq etməsi üçün mükəmməl şansdır. Bu strategiya Ankarada həyəcana səbəb olub. YPG PKK-nın bir qoludur. Ərdoğan dəfələrlə YPG-nin Cerablusa girməsi ilə Türkiyənin qırmızı xəttini aşacağını söyləyib. Kürdlərin Cerablusa fokuslanması ABŞ-ı da narahat edir. Çünki ABŞ YPG-dən İŞİD-ə qarşı quru əməliyyatlarında istifadə etməyi planlaşdırırdı. YPG-nin ötən ay Cerablus cəbhəsində itkiləri İŞİD-in paytaxtı Rakkaya nisbətdə artıb. Bu, kürdlərin maraqlarını Cerablusa yönləndirdiyini göstərir”.
Qeyd edək ki, YPG-nin lideri Saleh Müslüm “Tayms” qəzetinə Cerablusa girməyə hazır olduqlarını açıqlayıb.