Ərdoğan etirazlara baxmayaraq daha 11 universitetə rektor təyin etdi

7-02-2021, 10:58           
Ərdoğan etirazlara baxmayaraq daha 11 universitetə rektor təyin etdi
Boğaziçi Universitetinə dövlət tərəfindən rektor təyinatı ilə bağlı etirazların davam etməsinə baxmayaraq daha 11 universitetə rektor təyin olunub. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın müvafiq qərarı “Resmi Gazete”-də dərc olunub.


Onun imzaladığı sənədə əsasən Boğaziçi Universiteti də daxil, 13 universitetdə 16 yeni fakültə, institut və kollec yaradılıb, 7 universitetdəki 16 institut və kollec isə bağlanılıb.


İstanbuldakı aparıcı ali təhsil müəssisələrindən sayılan Boğaziçi Universitetinə prezidentin yeni rektor təyinatı bir aya yaxındır ki, arası kəsilməyən etirazlara səbəb olub. Qərara qarşı çıxan tələbələr hesab edirlər ki, Melih Bulunun rektor vəzifəsinə təyin olunması qurumun qaydalarına ziddir və universitet rəhbərinin seçilməsini tələb edirlər.


Ərdoğan iqtidar partiyasının Artvin-Bilecik-Çankırı-Qaziantep-İğdır üzrə konqresində etiraz aksiyalarına qatılan tələbələri tənqid edib: "Siz tələbəsinizmi yoxsa rektorun otağına basqın edərək onu zəbt etməyə cəhd göstərən bir terrorçusunuzmu?"


O fikrini bu şəkildə davam etdirib: "Bizim gəncimiz ... Boğaziçi kimi, ya LGBT-çi, onun-bunun kimi deyil, polisinə hücum edən biri deyil, əksinə, bütün polislərlə birgə, əl-ələ, dimdik yoluna davam edən bir gənclikdir".


Yanvarın sonunda Boğaziçi Universitetində bir tədbirdə üzərində müqəddəs İslam məkanı və LGBT rəmzləri əks olunduğu deyilən bir rəsmin sərgilənməsindən sonra iki tələbə saxlanılıb.


Həftənin əvvəlində İstanbulda polisin saxladığı tələbələrə dəstək aksiyasında təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib. Nümayişçilərə qarşı rezin güllələr və gözyaşardıcı qazdan istifadə olunub.


Fevralın 1-də və 5-də keçirilən aksiya vaxtı 200-dən çox etirazçı saxlanıldığı deyilir.


Bundan əvvəl polis universitet şəhərciyinin əsas girişində əraziyə daxil olmaq istəyənlərin vəsiqələrini yoxlayıb. Kürd təmayüllü Xalq Demokratik Partiyasından (HDP) olan bir neçə deputat da daxil olmaqla bəziləri içəri buraxılmayıb.


Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu gərginliyə son qoymaq üçün cənab Bulunu istefaya səsləyib.


Milliyyəttçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli belə təşəbbüsə qarşı çıxıb: "Hörmətli rektor heç vaxt istefa verməməlidir. Əks təqdirdə universitetlər tamamilə idarəolunmaz hala gələcək".


Boğaziçi universitetinə rektor təyin edilən Melih Bulu "istefa barədə düşünmədiyini" deyib.


Daxili işlər naziri isə baş verənlərə görə LGBT üzvlərinin məsuliyyət daşıdığını bildirib.


Prezidentın mətbuat xidmətinin rəhbəri Fahrettin Altun etirazçıların "küçələrdə qarışıqlıq" və "çevrilişə çağırışlar" etdiyini deyib.


Prezident Melih Bulunu Boğaziçi universitetinə yanvarın əvvəlində rektor təyin edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.