Rusiya Türkiyəyə qarşı Ermənistanda cəbhə açır
12-02-2016, 17:07
"Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazası Türkiyə ordusuna müqavimət göstərmək üçün deyil, regionda sabitliyi təmin etmək üçündür".
ANS PRESS-in məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibi Nikolay Bordyuja bildirib.
Rusiya-Türkiyə arasında gərgin vəziyyət və hərbi əməliyyatların başlayacağı təqdirdə KTMT-nin mövqeyindən danışan Bordyuja qeyd edib ki, bu haqda proqnoz vermək istəmir. "Ümid edirəm ki, bütün bu məsələlər siyasi hadisələrin gedişi nəticəsində həllini tapacaq. 102-ci hərbi bazanın potensialının qoyulan məsələlərin həlli üçün kifayət etdiyini hesab edirəm. Əgər o fəaliyyət göstərsə, əlbəttə ki, bu, region ölkələrinin rəhbərliyinin qəbul etdiyi tədbirlər planına əsasən baş verəcək. Ona görə gücün artırılması üçün lüzum görmürəm".
Gümrüdə dislokasiya olunan 102-ci bazanın gücləndirilməsinə dair yaranan narahatlığı şərh edən Nikolay Bordyuja deyib ki, bu sadəcə bazanın arsenalında olan silahların yenilənməsi və daha müasirləri ilə əvəz olunması ilə bağlıdır. "Bu iş planlı şəkildə həyata keçirilir. Bir hərbçi kimi deyə bilərəm ki, istənilən silahlı qüvvələr birləşməsinin gücləndirilməsi mütəmadi olaraq həyata keçirilir. 102-ci bazanın bu gün təcili surətdə potensial yığdığını deyə bilmərəm, hər halda mən bu haqda heç nə bilmirəm".
Son zamanlar Rusiyanın Gümrüdə yerləşən hərbi bazanı gücləndirməsi Ermənistanın özündə də birmənalı qarşılanmır. Erməni KİV-də siyasi analitiklər Rusiyanın Ermənistanı özündən daha da asılı vəziyyətə salmasına dair həyəcan təbili çalırlar.
Onların fikrincə, Rusiya Ermənistanı Türkiyə ilə savaş meydanına çevirə bilər. Ermənistan müdafiə naziri Seyran Ohanyan sonuncu verdiyi açıqlamada “hər hansı bir regional çağırışlar olsa, Ermənistan kənarda qalmayacaq”, - deyə bildirib. Bu açıqlamanın bir o qədər də aydın olmamasına baxmayaraq, müdafiə nazirinin Ermənistanın rus-türk hərbi münaqişəsinə qoşulmayacağına zəmanət vermədiyi göz qabağındadır.
Rusiyanın Cənub dairəsinin dəniz donanmasının gözlənilmədən təlimlərə başlaması hərbi toqquşma ehtimalını gücləndirir. Təlimlər eyni zamanda Ermənistanda yerləşən hərbi bazada da keçirilib.
Eyni zamanda sosial şəbəkələrdə “Putin Ağrıdağı Ermənistana qaytaracaq” propoqandası aparılır. Erməni istifadəçilərinin fikrincə, Rusiya Türkiyəyə qalib gələrək Ermənistanın xilaskarı kimi özünü göstərmək və bununla da ölkə üzərində öz hakim mövqeyini saxlamaq istəyir.
Yaxın Şərq regionunda sərhədlərin dəyişilməsi perspektivi realdır. Əgər Türkiyə və Rusiya arasında münasibətlər tənzimlənməsə, Rusiyanın Ermənistanda və ümumiyyətlə Qafqazda nüfuzunu itirməsi və regionda status-kvonun dəyişməsi qaçılmazdır.