Avropa İttifaqı: Ankara bu qərarından imtina etməlidir
21-03-2021, 13:23
Türkiyənin “İstanbul Konvensiyası”ndan imtinası Avropada narazılıq yaradıb
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borel Türkiyəni Avropa Şurasının Qadına Qarşı Zorakılığın Qarşısının Alınması və Mübarizə Konvensiyasından (“İstanbul Konvensiyası”) çıxmaq qərarını tənqid edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Borelin sözlərinə görə, Ankara bu qərarından imtina etməlidir.
C.Borel bildirib ki, Türkiyənin bu qərarı Brüsseldə dərin təəssüf və anlaşılmazlığa səbəb olub. Avropa diplomatiyasının rəhbəri rəsmi Ankaranın qərarını yenidən nəzərdən keçirəcəyinə və 21-ci əsrdə insan hüquqları, sülh, təhlükəsizlik və bərabərliyin təməl elementi olan Konvensiyaya bir daha qayıdacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Türkiyə sözügedən Konvensiyadan 20 mart tarixində imtina etdi. Ölkə rəhbərliyi qadın hüquqlarının qorunması istiqamətində ənənəvi dəyərlərə uyğun olaraq mübarizə aparacağına söz verib.
Xatırladaq ki, “İstanbul Konvensiyası” kimi də tanınan Avropa Şurasının Qadına Qarşı Zorakılığın Qarşısının Alınması və Mübarizə Konvensiyası 2011-ci ildə qəbul edilib. Bu, ailə zorakılığına qarşı mübarizə aparan ilk Avropa anlaşması sayılır. Sənədi ilk imzalayan ölkələrdən biri Türkiyədir. Bundan sonra daha 33 ölkə Konvensiyaya qoşulub.