Moskva və Pekin Əfqanıstanda qalmaq məsələsində Ankaranı dəstəkləməlidir – Perenciyev

16-07-2021, 00:09           
Moskva və Pekin Əfqanıstanda qalmaq məsələsində Ankaranı dəstəkləməlidir –
Rusiyalı hərbi şərhçi Aleksandr Perenciyev əmindir ki, Rusiya və Pekin dəstəklədiyi təqdirdə, Türkiyə nəinki Əfqanıstanda qala bilər, hətta orada öz koalisiyasını da yaratmağa qadirdir.

Türkiyə ilə koalisiyaya Əfqanıstanla həmsərhəd olan və taliblərin qarşısının öz sərhədlərindən uzaqlarda alınmasında maraqlı olan ölkələr - Türkmənistan, Özbəkistan, Tacikistan və Pakistan daxil ola bilər. Bu barədə Sputnik Azərbaycan-a Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, hərbi analitik Aleksandr Perenciyev deyib.

Əfqanıstandaxili hadisələrə zidd olmayaraq

Türkiyə Kabil hava limanının təhlükəsizliyinin beynəlxalq saziş çərçivəsində, Əfqanıstan hökuməti və əfqan xalqının mövqeyi nəzərə alınmaqla təmin olunmasında iştirak etməyə hazırdır. Belə bir açıqlama ilə Türkiyə parlamentinin beynəlxalq məsələlər komissiyasının sədr müavini Əhməd Berat Çonkar çıxış edib.

Onun sözlərinə görə, Əfqanıstan hökuməti və Taliban* ölkədə sabitliyi təmin edəcək struktur yaratmalıdırlar və Türkiyə hərbi qüvvələrinin bu ölkədə varlığı bunun üçün zəmin yarada bilər.

"Lakin bu təkcə Ankaranın qəbul edəcəyi qərar deyil", - deyə Çonkar RİA Novosti-yə müsahibəsində bildirib.

Kabil hava limanı məsələsi artıq xeyli vaxtdır ki, müzakirə olunur. Məsələ ondadır ki, Türkiyə tərəfi Ankaranın irəli sürdüyü bəzi şərtlərə əməl edildiyi təqdirdə ABŞ qoşunlarının çıxarılmasından sonra onun mühafizəsinin təşkilini təmin etmək təklifini irəli sürmək niyyətindədir.

Bu barədə yekun qərar qəbul olunmamasına baxmayaraq, taliblər artıq Türkiyə hərbçilərinin Əfqanıstan ərazisində yerləşdirilməsinə qarşı olduqlarını bəyan ediblər, çünki "bu, ölkənin suverenliyinə ziddir".

Onlar Türkiyə hərbçilərinin Əfqanıstanda qalacağı təqdirdə müqavimət göstərəcəklərini bildirərək, baş verəcək hadisələrə görə məsuliyyətin "daxili işlərə qarışanların" üzərinə düşəcəyini bəyan ediblər.

Bununla yanaşı, Əfqanıstan hökumətinin təhlükəsizlik və müdafiə qoşunlarının nümayəndəsi Əcmal Şinvari isə ümumiyyətlə bildirib ki, Kabil hava limanına əfqan qüvvələri cavabdehlik daşıyacaq, əcnəbilər isə yalnız texniki işlərlə məşğul olacaqlar.

Sərhədyanı ölkələrin iştirakı ilə koalisiya

Taliblər və Türkiyə arasında vəziyyətin nizamlanması üçün hansı mexanizmin tətbiq oluna biləcəyi barədə Sputnik Azərbaycan Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, hərbi analitik Aleksandr Perenciyevlə söhbət edib.

Analitik bildirib ki, Rusiya və Çin Əfqanıstanda qalmaq məsələsində Türkiyəni dəstəkləməlidir. Belə ki, Türkiyə qoşunları oradan çıxarılacağı təqdirdə, Moskva və Pekinin orada arxalanacağı bir qüvvə olmayacaq.

Onun qənaətinə görə, Rusiya və Çin Türkiyəyə Əfqanıstanda öz koalisiyasını yaratmaqda kömək edə bilərdilər.

"Həm də koalisiya taliblərin qarşısının sərhədlərindən uzaqlarda alınmasında maraqlı olan həmsərhəd dövlətlərin iştirakı ilə qurula bilərdi. Burada söhbət Türkmənistan, Özbəkistan, Tacikistan və Pakistandan gedir", - deyə ekspert bildirib.

Bundan əlavə, bu məsələdə Şanxay əməkdaşlıq təşkilatının regional antiterror strukturundan da istifadə oluna bilər. Həmin struktur terrorçuluq, separatçılıq və ekstremizmlə mübarizədə səlahiyyətli orqanlara yardım, əlaqələndirmə və qarşılıqlı fəaliyyət üçün yaradılıb", - deyə analitik vurğulayıb.

Perenciyev onu da deyib ki, gələcəkdə bu cür koalisiya taliblərlə iqtisadi layihələrin həyata keçirilməsinə də başlaya bilər.

"Yəni, koalisiya Talibanla qarşıdurma istiqamətində deyil, Əfqanıstandaxili dialoqun başlanmasına xidmət edə bilər. Bununla taliblərə başa salmaq olar ki, onlar üçün vuruşmaq əvəzinə birgə quruculuq layihələrində iştirak etmək daha sərfəli olar", - deyə analitik bildirib.

Bakı və Ankara koalisiyanın nüvəsi rolunu oynaya bilər

NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Əfqanıstanda olan və hələ ki oradan çıxarılmamış Azərbaycan sülhməramlılarına gəldikdə, analitik hesab edir ki, yəqin ki, bu bölmələr heç çıxarılmayacaq.

Hərbi analitikin fikrincə, Türkiyə ilə eyni səviyyədə Azərbaycan da Əfqanıstanda baş verən proseslərdə, konkret olaraq koalisiyanın yaradılmasında iştirak etməlidir.

"Bakı və Ankara bu koalisiyanın nüvəsi ola və öz ətrafında yuxarıda adı çəkilən ölkələri birləşdirə bilər", - deyə Sputnik Azərbaycan-ın müsahibi fikrini tamamlayıb.

Azərbaycan sülhməramlıları hələ ki Əfqanıstandadırlar

Ötən həftə Azərbaycan parlamentinin növbədənkənar iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın hərbi kontingentini təcili olaraq Əfqanıstandan çıxarmağa çağırıb.

Azərbaycan Müdafiə Nazirliyi bir qədər əvvəl xəbər verib ki, Azərbaycan hərbçilərinin bu ölkədən çıxarılmasına artıq başlanıb. Düzdür, hələlik bu prosesin nə zaman başa çatacağı aydın deyil.

Azərbaycan sülhməramlıları NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Əfqanıstanda xidmət aparırdılar. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda sülhməramlı missiyası 2002-ci ilin noyabr ayında başlanıb. 2018-ci ildən etibarən missiyada 120 hərbi qulluqçu, əlavə olaraq iki hərbi həkim və altı zabit iştirak edir.

ABŞ lideri Co Bayden aprel ayında bildirib ki, Birləşmiş Ştatlar və müttəfiqləri Nyu-Yorkda baş vermiş terror aksiyasının ildönümünə qədər (11 sentyabr 2001-ci il) qoşunlarını tamamilə Əfqanıstandan çıxaracaqlar.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.