Azərbaycan Şimali Kipri tanıya bilər... - “Rəsmi Bakını belə məsələlərdən çəkindirəcək səbəb yoxdur”

16-07-2021, 17:15           
Azərbaycan Şimali Kipri tanıya bilər... -
Azərbaycanın Parlamentinin nümayəndə heyəti ilk dəfə Şimali Kipr Türk Respublikasına səfər edəcək. Türkiyə Parlamentinin Xarici əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç azərbaycanlı deputatların bu səfərini tarixi hadisə adlandırıb. Ankarada Milli Məclisin nümayəndə heyəti ilə görüşü zamanı Kılıç qeyd edib ki, nümayəndə heyətinin Lefkoşaya ilk səfəri bütün dünya üçün vacib mesaj olacaq. O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi əsasında əminliklə gələcəyə baxırlar.

“Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir”,-deyə Akif Çağatay Kılıç vurğulayıb.

Bundan başqa, Türkiyə Böyük Millət Məclisinin binasında Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının parlament nümayəndə heyətləri arasında görüş keçirilib. İyulun 16-sı isə Azərbaycan nümayəndə heyəti Şimali Kiprə səfər edəcək və bir sıra tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı rəsmi əlaqələrin qurulması Azərbaycanın xarici siyasətində yeni addımdır. Müstəqillik dövründə keçmiş Dağlıq Qarabağ münaqişəsi Azərbaycana Şimali Kipr Türk Cümhuriyyəti ilə rəsmi əlaqələr qurmaq və onu müstəqil dövlət kimi tanımağa mane olub. Artıq Dağlıq Qarabağ problemi mövcud deyil. Ona görə də Azərbaycan Şimali Kiprlə beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti kimi qurmaq imkanlarından istifadə edə bilər.

Bu baxımdan, perspektivdə tərəflər arasında bir sıra sahələr üzrə rəsmi əlaqələrin genişlənəcəyi gözlənilir. Yəni Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri Kipr probleminin həllinə yanaşmanı da əhatə edə bilər. Azərbaycanın bir sıra məsələlərdə Türkiyə ilə yanaşı, ŞKTC ilə də eyni mövqedən çıxış edəcəyi istisna olunmur.

Politoloq Natiq Miri “Cümhuryət” qəzetinə bildirib ki, perspektivdə 4-lü format-Azərbaycan-Türkiyə-Şimali Kipr-Pakistan əməkdaşlıq formatı yarana bilər.

“İyul ayının 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər edəcək. Bununla bağlı Yunanıstanda, Cənubi Kiprdə, Avropa Birlyində böyük bir ajiotaj var. Hətta Avropa Birlili strukturları rəhbərləri cənab Ərdoğanla telefon danışığı zamanı ona ehtiyatlı olmağı tövsiyə edib. Ancaq Şimali və Cənubi Kipr arasında Cenevrə formatı çərçivəsində aparılan danışıqlarda konkret nəticələr əldə olunmayıb. Çünki Cənubi Kipr yunanların üstünlük təşkil etdiyi bir dövlətin qurulmasını təklif edir. Şimali Kipr və onu dəstəkləyən Türkiyə isə iki dövlətli həll modelinin tətbiqini istəyir. Bu istiqamətdə heç bir razılaşma mövcud deyil. Ona görə də rəsmi Ankara Türkiyə Prezidentinin Kiprə səfəri ilə bağlı yaranmış siyasi ajiotaja qarşılıq bəzi addımlar atır. Bu məsələ yalnız Azərbaycan nümayəndə heyətinin Şimali Kiprə səfəri ilə məhdudlaşmır.

Artıq Pakistanın da Şimali Kiprə nümayəndə heyəti göndərdiyi bildirilir. Gələcəkdə Şimali Kiprlə Pakistan arasında münasibətlər sisteminin qurulması ilə bağlı da danışıqlar aparılır. Hesab edirəm ki, Azərbaycan deputat nümayəndə heyətinin Şimali Kiprə səfərini bu kontekstdə dəyərləndirmək lazımdır. Azərbaycan rəsmi olaraq Şimali Kipri müstəqil dövlət kimi tanıya da bilər. Ancaq bu, Kipr probleminin həllinə dair danışıqların dalana dirəndiyi və ya dayandığı halda mümkün ola bilər. Belə olan halda qardaş Türkiyə Şimali Kiprin müstəqilliyini tanıyacaq. Bundan sonra isə digər ölkələr zəncirvari qaydada Şimali Kipri beynəlxalq hüququn subyekti kimi tanıya bilər. Azərbaycan və Pakistan da bu sırada öndə olan ölkələr olacaq”.

Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi arxada qaldığı üçün Şimali Kiprlə əlaqələr qurmaq Azərbaycana problem yaratmır. Çünki Qarabağ Azərbaycanın tərkibində BMT-yə daxil olub. Dünya dövlətləri Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Belə olan təqdirdə, heç bir ölkə Qarabağdakı qondarma rejimi müstəqil subyekt kimi tanıya bilməz:

“Fransa Senatında buna cəhd olundu, ancaq heç bir siyasi, hüquqi nəticəsi olmadı. Ona görə də Azərbaycanı belə məslələrdən çəkindirəcək səbəb artıq yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.