Əhməd Davudoğlu terrorla əlaqədar təhlükəsizlik iclası çağırdı
19-03-2016, 20:30
İstanbuldakı partlayışdan sonra təhlükəsizlik iclası çağrılıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, Baş nazir Əhməd Davutoğlunun rəhbərliyi ilə təhlükəsizlik iclası keçiriləcək.
“Reuters” İnformasiya Agentliyi yüksək vəzifəli bir türk vətəndaşdan aldığı məlumatlara əsaslanaraq yaydığı məlumatında partlayışın PKK tərəfindən törədildiyini bildirib. Agentliyin məlumatına görə, “canlı bomba”nın əsas hədəfi insanların daha çox toplaşdığı yer olub. Lakin o qorxudan bombanı vaxtından əvvəl partladıb.
Partlayışla əlaqədar istintaq davam edir. Şübhəlilər siyahısına PKK ilə yanaşı, İŞİD terror qruplaşması da salınıb. Belə ki, partlayış nəticəsində ətrafa səpələn insan orqanlarından birindən əldə edilən nəticənin noyabr ayında Türkiyəyə girən İŞİD üzvü S.Y.-a aid olduğu qeyd edilir.
Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu 37 nəfərin yaralandığını və yaralılardan 12 nəfərin xarici vətəndaş olduğunu qeyd edib.
İsrail Səfirliyi isə məlumat yayaraq partlayışda 3 israillinin yaralandığını qeyd edib.
Türkiyənin Səhiyyə Nazirliyi İstanbuldakı terror aktı ilə bağlı rəsmi açıqlama yayıb.
Bildirilir ki, Taksim meydanı yaxınlığında – İstiqlal prospektində törədilən partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri terrorçu-kamikadzedir. Xəstəxanalara yerləşdirilmiş 36 yaralıdan 7-nin vəziyyəti ağırdır. Yaralılardan 12-si xarici ölkə vətəndaşıdır.