Bəşər Əsəd Ankaraya qardaşlıq mesajı göndərib
24-03-2016, 21:06
Suriya prezidenti Bəşər Əsəd Türkiyəyə qardaşlıq mesajı göndərib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin keçmiş xarici işlər naziri və baş nazirin müavini Şükrü Sina Gürel Suriya prezidenti Bəşər Əsəd ilə görüşüb. Gürel Əsədin Türkiyə xalqına mesajını "Yurt" qəzetindəki məqaləsində dərc edib:
"Suriya prezidenti ilə görüşümüzdə ona heç bir qurumu təmsil etmədiyimi, türk xalqının çox hissəsinin Suriya xalqı ilə bərabər olmaq istədiyini və şəxsi düşmənlıqların aradan qaldırılmalı olduğunu bildirdim. B.Əsəd isə öz növbəsində türk xalqı ilə yaxşı münasibətlərini davam etdirmək istədiklərini bildirdi və heç kimə qarşı şəxsi intriqası olmadığını qeyd etdi”.
Keçmiş nazir daha sonra Suriya prezidenti ilə xüsusilə Suriya - Türkiyə qardaşlığı mövzusunda eyni düşüncədə olduqlarını yazıb: "Ondan "Türkiyəyə göndərmək istədiyiniz bir mesaj varmı?" sualıma cavab vermək üçün Əsəd mənə doğru iki addım atdı, əlini uzatdı və “Türk xalqına ilk olaraq onu çatdırın ki, biz, qardaş olmağa məcburuq” cavabını verdi".
Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Birləşmiş Millətlər Təşkilatının verdiyi açıqlamalara görə, indiyə qədər münaqişə zəminində 220 mindən çox insan həlak olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Bəşər Əsəd 400 min insanın ölümünə görə məsuliyyət daşıyır.