Brüsseldə özünü partladan terrorçu Türkiyədən iki dəfə deportasiya olunubmuş

25-03-2016, 01:19           
Brüsseldə özünü partladan terrorçu Türkiyədən iki dəfə deportasiya olunubmuş
Brüsseldə terror aktı törətməkdə şübhəli bilinən şəxs Türkiyədən iki dəfə deportasiya olunub.

APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Brüsseldə terror aktı törətməkdə şübhəli bilinən İbrahim əl-Bakrauinin adı Türkiyəyə girişinə qadağa qoyulmuş şəxslərin “qara siyahısı”nda yer alıb. O, terrorçu fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinib.

Məlumata görə, əl-Bakraui Suriya sərhədini keçərək İŞİD-ə qoşulmaq məqsədi ilə 2015-ci ilin iyununda Qaziantep əyalətinə gəlib. O, sərhədi qanunsuz keçməyə kömək edəcək şəxslərlə təmas qurmağa cəhd edən zaman polisin nəzarətinə keçib. İyunun 17-də əl-Bakraui Suriya sərhədini keçməyə cəhd edərkən saxlanılıb. İki gün polis idarəsində saxlanıldıqdan sonra o Niderlanda deportasiya olunub.

İbrahim əl-Bakraui ikinci dəfə Türkiyəyə 2015-ci ilin avqustun 11-də gəlib. Adı “qara siyahı”da olduğundan o saxlanılaraq, iki həftə sonra ölkədən təkrar deportasiya olunub. Bu zaman Türkiyə polisləri belçikalı həmkarlarını İbrahim əl-Bakrauinin deportasiya olunması və onun terrorçuluq fəaliyyəti ilə əlaqəli olduğu barədə məlumatlandırıblar.

Qeyd edək ki, Brüsseldə törədilən terror aktları nəticəsində 32 nəfər ölüb, 316 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru