Türkiyədə dəhşətli terror aktları törətmiş Mihrac Ural gizlincə basdırıldı - "İndependent" qəzeti
31-03-2016, 10:07

Türkiyədə bir sıra terror aktları törətmiş və dünən Suriyada öldürülən Əsəd generalı Mihrac Ural gizlincə basdırılıb.
Avropa.info xəbər verir ki, bu haqda İngiltərənin "İndependent" qəzetinin Suriya müxbiri Hadi Abdullah tvitterdə məlumat yayıb. Hadi Abdullah Mihrac Uralın Lizkiyənin şimalında Kardaha çölündə gizlincə torpağa verildiyini bildirib.
Qeyd edək ki, əslən Türkiyənin Hatay bölgəsindən olan Mihrac Ural solçu terror qruplaşmalarının lideri kimi tanınırdı. Mihrac Ural Türkiyə ərazisində bir çox basqınlar törətmiş və çoxlu sayda banklar, zərgər dükanları qarət etmişdi. O, bir müddət öncə, Türkiyədə prokurorun öldürülməsi ilə nəticələnən terror hadisəsini həyata keçirən DHKP-C-nin də lideridir. 1978-ci ildə Suriyaya keçən Ural Əsəd rejimi ilə yaxınlaşmağa nail olub.
Mirac Ural PKK lideri Öcalanın fəal dəstəkçisi olmuş və bir müddət PKK liderinin Suriya ərazisində gizlədilməsinə də nail olmuşdu. Əsədə qarşı daxili savaş başlayandan sonra isə, Ural rejimin ən fəal müdafiəçilərindən və komandirlərindən birinə çevrilib.Mihrac Ural Türkmən dağında türkmənlərə qarşı törədilmiş qətliamlarla da ad çıxarmışdı.
Reyhanlıda 57 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi və Bunyasda uşaqların öldürülməsi kimi dəhşətli cinayət hadisələrinin də Mihrac Ural tərəfindən törədildiyi bildirilir. Türkiyə prokurorluğunda Mihrac Ural haqqında 50-dən artıq cinayət işi açılıb. Ural rəsmən Türkiyənin terror siyahısındaydı və axtarışa verilmişdi.