Türkiyənin yenidən S-400 alması ehtimalı ABŞ-da partlayış effekti yaradıb

18-08-2022, 12:06           
Türkiyənin yenidən S-400 alması ehtimalı ABŞ-da partlayış effekti yaradıb
ABŞ-Türkiyə-Rusiya xəttində S-400 böhranı yenidən gündəmdədir.

Bizimyol.info xəbər verir ki, Rusiya xəbər agentliyi TASS Türkiyə ilə Rusiya arasında S-400 raket sistemləri üçün yeni müqavilə imzalandığını açıqlayıb.

Müdafiə sənayesi xəbərləri ilə tanınan media qurumu Defence News-a danışan türk qaynaqları S-400 sistemlərinin hissələrinin Türkiyədə istehsalı ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da Türkiyənin müdafiə sənayesində Rusiya ilə əməkdaşlıq etməməsi barədə xəbərdarlıq edib.

ABŞ və Türkiyə arasında F-16-ların tədarükü ilə bağlı danışıqların davam etdiyi bir vaxtda, ABŞ-dan başqa bir açıqlama gəlib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez verdiyi açıqlamada "Türkiyə Rusiya lideri Vladimir Putin kimi hərbi cinayətkarla istənilən formada hərbi əməkdaşlığı tamamilə rədd edərək, NATO və regional sülhə bağlılığını göstərməlidir" deyə bildirib.

Demokrat Partiyasının üzvü Menendez, “Yunanıstanın hava məkanının düşməncəsinə pozulmasının davam etməsi, İsveç və Finlandiyanın NATO üzvlüyünün gecikdirilməsi kimi məsələlərdən sonra Türkiyənin istiqamətini dəyişməsini və bölgədə konstruktiv tərəfdaş kimi müdafiə alyansı qarşısındakı öhdəliklərini yerinə yetirməsini səmimi qəlbdən arzulayıram. ABŞ administrasiyası bu barədə aydın olmalıdır. Türkiyənin Rusiya müdafiə sektoru ilə əlaqələrinin hər hansı genişləndirilməsi ciddi səhv olardı və bu, NATO müttəfiqlərimizin və Avropadakı tərəfdaşlarımızın təhlükəsizliyini daha da təhlükə altına salar", - deyə ABŞ senatoru yazıb.

Xatırladaq ki, Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması NATO ilə ABŞ və Türkiyə arasında böyük böhrana səbəb olub. ABŞ-ın o zamankı prezidenti Donald Tramp Türkiyəni F-35 proqramından çıxarmışdı.

Leyla, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.