Türkiyə-Misir münasibətlərində yeni mərhələ
25-11-2022, 09:57
Ərdoğanın Sisiylə görüşməsi Türkiyənin “Ərəb Baharı” kitabını tamamilə bağlaması deməkdir. Çünki Ərdoğan bu görüşün epizodik olmadığını, Misirlə münasibətlərdə yeni səhifə açmaq istədiklərini açıqladı. Deyə bilərik ki, artıq Türkiyə əsas diqqətini Ərəb dünyasından çıxararaq Şərqi Aralıq regionuna cəmləyir.
Gətirdikləri ilə apardıqları müqayisə edildikdə, mən Ərdoğanın “Ərəb Baharı” kampaniyasını uğursuz sayardım. Mənə görə, Türkiyə Ərəb dünyasındakı ideoloji bölünmələrin tərəfi olmamalıdır, əksinə daxili anlaşmazlıqlardan istifadə edib mənafelərini maksimumlaşdırmalıdır. Türkiyə öz maraqlarını hakim ərəb elitlərlə təmin etməyə çalışmalıdır və yeni elitlər yaradılması/yüksəldilməsi prosesinə açıq şəkildə qoşulmamalıdır. Necə ki, bu yanaşma Qətərdə öz bəhrəsini verdi. Elə Səudiyyə, BƏƏ, Misirlə münasibətlərdə də Ərdoğan bu tipli oyuna qayıtmağa məcbur oldu. Növbədə isə Suriyadır.
Eyni zamanda, Ankara başa düşməli idi ki, Misir Türkiyənin tək “yeyə biləcəyi” bir loxma deyil, çox böyükdür, Türkiyənin resursları da buna kifayət etmir. Ona görə də, Sisinin 2014-cü ildəki çevrilişindən sonra münasibətləri düzəltmək üçün 8 il gözləmək yanlış idi. Hər halda Türk dövlətinin milli maraqları Ərdoğanın şəxsi imici və Misir xalqının iradəsindən daha önəmlidir.
Misirlə münasibətlərdə Türkiyə üçün bir nömrəli məsələ Liviyadır. Çünki “Liviya” Misirlə gərginliyin əsas mükafatıdır. Liviyaya yerləşmək, Qətərdə hərbi baza əldə etməklə birlikdə Ərdoğanın “Ərəb Baharı” kampaniyasının ən böyük iki uğurudur. Türkiyə bir əsr sonra həm Körfəzə, həm də Şimali Afrikaya “çıxdı”. Türkiyənin Liviyadan qoşunlarını çıxarması Sisi hakimiyyətinin normallaşma üçün önşərtidir. Amma Türkiyənin buna gedəcəyi inandırıcı deyil. Əgər Misirlə normallaşma Türkiyənin Liviya strategiyasına mənfi təsir etməyəcəksə, Ankara prizmasından bu normallaşmanı uğur da saymaq olar. Amma Liviya məsələsi hələ də qaynardır, hətta, ola bilər ki, buradakı proseslər Qahirə və Ankaranı yenidən üz-üzə gətirsin.
Digər önəmli sual budur ki, Sisi Türkiyə ilə normallaşmadan sonra Yunanıstanla çox isti münasibətlərini arxaplana atacaqmı? Düşünürəm ki, bu sualın cavabı Türkiyə-İsrail arasında hazırda qurulmaqda olan kombinasiyanın gələcəyindən asılıdır.
Şərqə Baxış Analitik Mərkəz
Teref.az