Tacikistan İranı terrorçu dövlət elan etdi: Təhlükə xəbərdarlığı - TƏFƏRRÜAT

11-04-2023, 15:14           
Tacikistan İranı terrorçu dövlət elan etdi: Təhlükə xəbərdarlığı - TƏFƏRRÜAT
Tacikistan Dövlət Televiziyası İran təhlükəsi ilə bağlı ölkə vətəndaşlarına müraciət edib.

Tacikistan hakimiyyətinin xalqa ehtiyatlı olmaq çağırışı Düşənbənin İranla münasibətlərinin yenidən gərginləşdiyini göstərir.

Müraciətdə qeyd edilir:

1. İrana səfər etməyin

2. İran terrorçudur

3. İrana getməklə özünüzün və övladlarınızın həyatını təhlükəyə atırsınız, övladlarınız isə ekstremist məktəblərə üz tuturlar və terrorçu olular, terrorçu qruplara qoşulurlar.

4. Sizin övladlarınız isə sonda vətəninə, millətinə xəyanət edib, iran əsgəri olacaqlar.

Qeyd edək ki, taciklərin farsdilli xalq olmasına baxmayraq, bu iki ölkə arasında münasibətlər heç vaxt isti olmayıb. Səbəb isə taciklərin sünni məzhəbinə mənsub olmasıdır. İran rejimi sünni tacikislərə mənfi münasibət bəsləyir və bu ölkədə dünyəvi hakimiyyətin mövcudluğunu qəbul etmir. 1992-ci ildə Düşənbədə səfirlik açan rəsmi Tehran etnik bağlara malik Tacikistanın postsovet məkanında əsas tərəfdaşa çevriləcəyinə inanırdı. Lakin İranın Tacikistanda da şəriət dövləti qurmaq cəhdi iki ölkə arasında düşmənçiliyə səbəb oldu. 30 il ərzində bu münasibətlər sabit olmayıb və çox vaxt hətta düşmənçilik xarakteri daşıyıb. Tacikistanda vətəndaş müharibəsi zamanı Birləşmiş Tacik Müxalifətinin nümayəndələrinin İrandan dəstək alması hər iki dövlət arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərib.Tacikistan hakimiyyəti 90-cı illərin ortalarında və sonlarında İranı qadağan olunmuş Tacikistan İslam İntibah Partiyasına dəstək verməkdə və İslam inqilabını ixrac etməyə cəhddə ittiham edib. 2022-ci ildən etibarən iki ölkə arasında siyasi münasibətlər normallaşmağa başlayıb.

Ukraynadakı müharibə fonunda Rusiyanın Tacikistandakı 201-ci hərbi bazasının xeyli hissəsini döyüşlərə göndərməsi Düşənbəni narahat edir. Tacikistan hakimiyyəti Əfqanıstandan "Taliban" təhlükəsinə qarşı yeni regional müttəfiqlər axtarır. Tacikistan Prezidenti İmoməli Rəhmonun ötən il Tehrana səfəri zamanı İranın ali lideri Xameneyi ilə görüşünün əsas mövzusu da bununla bağlı olub. Hətta İranın Tacikistanda "Əbabil-2" pualarının istehsalı və iki ölkə arasında 2023-2030 illərdə iqtisadi ticari münasibətlərə dair müqavilələr imzalanıb. Lakin rəsmi Düşənbə onu da bilir ki, İranla belə yaxınlıq Qərbin, xüsusilə də ABŞ-ın sanksiyaları ilə qarşılana bilər. Qeyd edək ki, Tacikistan cəmiyyətində İranın dini-ideoloji dayaqları çox zəifdir. Tacikistanda "Taliban", "Əl-Qaida", İŞİD terror təşkilatlarına bağlı və İrana düşmən münasibətdə olan radikal cihadçı qrupların mövqeyi daha güclüdür. Bu isə İranın Tacikistan üzərindən Mərkəzi Asiyada təsirini yaymağa mane olur.

Əfqanıstanla sərhəddə yerləşən və terrorçu qrupların hücumuna məruz qalan Tacikistan üçün radikal dini təsirlərdən uzaq olmaq milli təhlükəsizlik məsələsidir. Dini-terrorçu qruplara qarşı mübarizə Tacikistan hakimiyyətinin dövlət siyasətinin başlıca priotetlərindən birini təşkil edir. Ümumiyyətlə, tarixən Tacikistan cəmiyyətində dini ənənələr güclü olub və milli şüurun mühüm komponentini təşkil edib. Bu, siyasi kultda da özünü göstərir. Yəni taciklərdə milli həmrəylik hissi güclü olsa da bu, dini amili üstələməyib. Ona görə Tacikistan ictimai rəyində İran təbliğatı özünə yer tuta bilməyib. Prezident İmoməli Rəhmon 29 illik hakimiyyəti dövründə İran təhlükəsinə qarşı mübarizə aparıb. Dövlət Televiziyası ilə xalqa edilən müraciət də iki ölkə münasibətlərin kifayət qədər gərgin olduğunu, İran rejiminin öz millətindən olan taciklərə qarşı da məzhəb müharibəsindən əl çəkmədiyini göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.