Azərbaycan Qazaxıstanda “Nəqliyyat və logistika” beynəlxalq sərgisində təmsil olunacaq

20-09-2023, 12:14           
Azərbaycan Qazaxıstanda “Nəqliyyat və logistika” beynəlxalq sərgisində təmsil olunacaq
Oktyabr 4-dən 6-dək Astanada 26-cı Qazaxıstan beynəlxalq “Nəqliyyat və logistika” sərgisi - “Translogistica Kazakhstan 2023” keçiriləcək. Sərgi ekspozisiya, habelə sənaye nazirliklərinin və idarələrinin, assosiasiyaların və iri nəqliyyat-logistika şirkətlərinin rəhbərlərinin iştirakı ilə işgüzar tədbirləri ehtiva edən Qazaxıstan Nəqliyyat həftəsi çərçivəsində təşkil olunacaq. Qazaxıstan Nəqliyyat həftəsində 30-dan çox ölkədən nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir.

AZƏRTAC sərginin təşkilatçılarına istinadla xəbər verir ki, dünyanın 17 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Litva, Latviya, Polşa, Rusiya, Türkmənistan, Türkiyə, Özbəkistan, Finlandiya və Estoniyadan 200-dən çox şirkət “TransLogistica Kazakhstan 2023”də nəqliyyat və anbar logistikası üçün ən müasir həll yollarını təqdim edəcək.

Bu ilki sərginin xüsusiyyəti Almaniya, Çin, Türkiyə və Finlandiyadan olan çox sayda şirkətin iştirakıdır. Sərgidə Azərbaycan milli pavilyon ilə təmsil olunacaq, burada həmçinin bir neçə yerli şirkəti də iştirak edəcək.
Sərgi ilə yanaşı, Qazaxıstan “Nəqliyyat həftəsi” çərçivəsində NEW SILK WAY ("Yeni İpək Yolu") VI Beynəlxalq nəqliyyat-logistika biznes forumu keçiriləcək.

Tədbirin təşkilatçılarının məlumatına görə, Qazaxıstan Nəqliyyat həftəsinin hər il keçirilməsi dostluq münasibətlərinin möhkəmlənməsinə və nəqliyyat-logistika sənayesinin inkişafı ilə bağlı aktual mövzuların səmərəli müzakirəsinə köməklik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.