Zəncanda tutulan türk dil haqları fəalı Sepahın təcridxanasında sorğu-sual edilir
22-09-2023, 12:43
Bir neçə gün öncə Zəncanda nəzarət altına alınan mədəni fəal və türk dil haqları müdafiəçisi Fərhad Hüseyninin İranın İslami İnqilab Qvardiyasının (Sepah) kəşfiyyat şöbəsində sorğu-sual edildiyi bildirilir.
İranın təhlükəsizlik məmurları mədəni fəalı sentyabrın 19-da Zəncan şəhərindəki evində həbs ediblər.
Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) xəbərinə görə, Hüseyni ailəsi övladlarının harada saxlanıldığını çərşənbə günü öyrənib.
"Hüseyni ailəsi çərşənbə Zəncanın ümumi və inqilab prokurorluğuna müraciət etdikləri zaman övladlarının bir müddət nəzarətdə saxlanılacağına dair qərar çıxarıldığını öyrəniblər. Prokurorluğun 9-cu şöbəsində ailəyə deyiblər ki, Fərhad Hüseyni ilkin təhqiqatın başa çatmasına qədər Sepahın təcridxanasında saxlanılacaq," Ərk cəmiyyəti bildirib.
Hüseyninin illərdir ki, türk dil hüquqları və bəzi digər milli-mədəni məsələlər üzrə fəaliyyət yürütdüyü bildirilir. O, keçən illərdə, o cümlədən Zəncan mədəniyyət ocaqlarında türk dili müəllimi kimi fəaliyyət göstərib və Zəncanın yerli qəzetləri üçün məqalələr yazıb.