Bir aydan artıq həbsdə saxlanılan Peyman İbrahimidən xəbər yoxdur

29-09-2023, 12:24           
Bir aydan artıq həbsdə saxlanılan Peyman İbrahimidən xəbər yoxdur
Təbrizli sənətçi və Azərbaycan ənənəvi rəqs müəllimi Peyman İbrahiminin təhlükəsizlik qüvvələri tərəfindən həbsindən bir aydan çox vaxt keçsə də, hələ ki, onun vəziyyəti barəsində heç bir xəbər yoxdur.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Peyman İbrahiminin keçən avqust ayının 26-da həbs edildikdən iki gün sonra yalnız ailəsi ilə bir neçə saniyəlik telefon əlaqəsi saxlamasına icazə verilib. İbrahiminin ailəsinə bundan sonra Peyman ilə nə telefon əlaqəsi saxlamağa, nə də görüşmək icazəsi verilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi güneyli milli fəalın yaxınlarına istinadən, onun müvəqqəti həbs müddətinin oktyabrın 13-dək uzadıldığını açıqlayıb.

Bu barədə Peyman İbrahiminin ailəsi Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə müraciət etdiyi zaman məhkəmə müstəntiqi tərəfindən məlumatlandırılıb.

Peyman İbrahiminin həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur. Məhkəmə səlahiyyətliləri ailəsinin dəfələrlə müraciətlərinə baxmayaraq, harada saxlanıldığı və ittihamları ilə bağlı məlumat verməkdən yayınır.

Milli fəal Kəşfiyyat İdarəsinin agentləri tərəfindən həbs edildiyi zaman ağır şəkildə döyüldüyü barədə məlumat yayılıb.

Onun sentyabrın 6-da Kəşfiyyat İdarəsinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasının karantin şöbəsinə köçürüldüyü və daha sonra onun işi haqqında tədqiqatın davam etdiyi və həbsxanadan dindirilmək üçün yenidən kəşfiyyat idarəsinin təcridxanasına qaytarılacağı barədə məlumat yayılmışdı.

Güneyli fəalın anası Pakizə Qulaminin danışdığı video-görüntüdə o, oğlunun sağlamlığından İslam Respublikasının ədliyyə orqanlarının və vəzifəli şəxslərinin bilavasitə məsuliyyət daşıdığını bildirimişdi.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.