Tehran məhkəməsi pantürkist qruplara üzv olmaqda ittiham edilən fəalın həbs cəzasını qüvvədə saxlayıb

2-10-2023, 08:54           
Tehran məhkəməsi pantürkist qruplara üzv olmaqda ittiham edilən fəalın həbs cəzasını qüvvədə saxlayıb
Tehran vilayətinin apellyasiya məhkəməsi pantürkist qruplara üzv olmaqda mühakimə olunmuş mədəni fəal Əli Rəzizadə Nadarlının 2 il həbs, eləcə də 2 il ölkə xaricinə çıxış və qruplara üzv olmaq qadağası cəzasını qüvvədə saxlayıb.

HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrin məlumatına istinadən, türk fəalın şikayətinə baxan Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi həbs cəzasının bir ilini 5 il sınaq müddəti olmaqla şərti hesab edib.

Rəzizadə daha əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində "İranın milli təhlükəsizliyini pozmaq məqsədilə Pantürkizm qrupuna üzv olmaq" ittihamı ilə hakim qarşısına çıxarılmışdı.

Məhkəmə hökmündə yazılanlara görə, o, Instagram sosial şəbəkəsində yaratdığı səhifədə "pantürkist düşüncələri yaymaq məqsədilə video paylaşmaq və ölkə təhlükəsizliyinə qarşı olan pantürkist məhkumları himayə etmək" səbəbilə bu ittihamla üzləşib.

Rəzizadə keçən iyul ayında siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarmaqla məşhur olan İnqilab Məhkəməsi hakimi Əbülqasim Salavati tərəfindən həbs və digər məhrumiyyətlər cəzasına məhkum edilmişdi. Salavati dekabr 2019-da ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.

Əslən Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsindən olan Əli Rəzizadə evli və bir oğlan uşağının atasıdır.

Nadarlı qəsəbəsinin əhalisi milli-mədəni fəaliyyətləri ilə tanınırlar. Son vaxtlar İranın təhlükəsizlik qurumları tərəfindən Nadarlı qəsəbəsindən olan fəallara qarşı təzyiqlərin artdığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.