“Türk Dövlətlərinin Əməkdaşlıq Günü” - Gün o gündür...

4-10-2023, 00:10           
“Türk Dövlətlərinin Əməkdaşlıq Günü”  - Gün o gündür...
Bu gün, 3 oktyabr önəmli bir gündür, 14 il öncə, 2009-da Naxçıvanda keçirilən görüş zamanı “Türk Dövlətlərinin Əməkdaşlıq Günü” təsis edildi. Məhz bu görüşdən sonra Türk Dövlətlərinin inteqrasiyası ilə bağlı əməli işlər görülməyə başlandı və 12 noyabr 2021-ci ildə keçirilən VIII Türk Şurası İstanbul Zirvəsində təşkilat adını dəyişdirərək Türk Dövlətləri Təşkilatı oldu, həmin tədbirdə “Türk Dünyası - 2040 Vizyonu” adlı kifayət qədər əhatəli olan strateji sənəd qəbul edildi.
Sənəd bütün sahələri əhatə edir, maraqlı tezislər, başlıqlar var, amma bu sənədin içi doldurulmalıdır, məncə, dövlətlərarası korrdinasiyanı həyata keçirə biləcək daimi işlək qurumlar yaradılmalıdır. Əsas hədəf, təbii ki, iqtisadi inteqrasiya və investisiyaların cəlbi, yeni logistik marşrutların təsisi olmalıdır.
Qlobal dünyadan fraqmental dünyaya keçidin baş verdiyini nəzərə alaraq Türk Dövlətləri Təşkilatı (TDT) yaranmaqda olan yeni oyun qaydalarının mərkəzlərindən biri ola bilər. TDT-na daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 162 mln. 700 min nəfər, ÜDM-i isə 1 trilyon 207 mlrd. dollardır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir.
Ən böyük çağırış TDT-yə daxil olan ölkələrin Rusiyadan ciddi asılılığıdır, amma yeni Dünyada bu asılılığın azaldılması yolları, fürsətləri var, hətta Rusiya ilə iqtisadi münasibətləri normal saxlamaqla bu məsələdən qazanmaq da olar. Rusiya resursu bol, idarəetmə sistemi zəif ölkədir, ona görə də, bu resurslardan TDT-na daxil olan ölkələrin inkişafında istifadə etmək mümkündür – sadəcə, bunun üçün Türk Dövlətləri Təşkilatının sıx əməkdaşlığına, prinsipial mövzularda eyni mövqedə çıxış etməyə, maraq və hədəfləri uyğunlaşdırmağa ehtiyac var, bunun üçün isə TDT-nin daimi işlək üst qurumlarının olması vacibdir.
Pararlel olaraq, təbii ki, bu ölkələrdə addım-addım demokratik təsisatların, vətəndaş cəmiyyətinin, medianın inkişafı da vacibdir, önəmlidir, hətta dayanıqlı inkişaf üçün labüddür...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.